Qısqanc müğənnilərin təbirincə desək, adını çəkib məşhurlaşdırmaq istəmədiyim ticarət mərkəzlərinin birində alış-veriş edəndən sonra pulu ödəmək üçün kassaya yaxınlaşdım. İçəridə müştəri olmadığından satıcıların başı söhbətə qarışmışdı. Uzunboylu, incə qamətli satıcı xanım sol tərəfdəki kassanın arxasında əyləşmiş cavan oğlandan maaş alıb-almadığını soruşdu.
Oğlan könülsüz cavab verdi: “İki yüz beş manat aldım”.
Qız halını pozmadı: “Ötən ay cəmi 20 gün işləmisən. İyirmi gün üçün 205 manat heç də az pul deyil”.
Oğlan narazı halda başını buladı: “Mən 4 il universitet oxumuşam. İndi xadimə də gündə 10 manat qazanır. Ali təhsilli mütəxəssislə xadimənin arasında fərq olmamalıdır?”
Satıcı xanımın reaksiyası mənimçün maraqlı olduğundan söhbətin yarımçıq qalmasını istəmirdim. Buna görə də bir qədər səbirli olmağa qərar verdim. Qızın cavabı özünü çox gözlətmədi: “Ay əfəl, sən güc-bəla ilə bir universitet qurtarmısan. Amma mən həm universitet oxumuşam, həm də magistratura. Diplomlarımın ikisini də evdə toz basıb”.
...Hər bir valideyn istəyir ki, övladı yaxşı təhsil alsın. İndi hətta birinci sinfə gedən uşağı da müəllim yanına hazırlığa göndərirlər. Amma valideynlər özlərini nə qədər oda-közə vursalar da, uşaqların təhsilə marağı ilbəil azalır. Buna görə də TQDK keçid balını hər il aşağı salmaq məcburiyyətində qalır. Belə getsə, bir neçə ildən sonra 50 bal toplayan abituriyenti də ali məktəbə qəbul edəcəklər. Onsuz da həmin ali məktəblərin verdikləri diplomlar heç nəyə yaramır...
Təhsil Nazirliyi pedaqoji fakültələrdə təhsil alan tələbələrin hər birinə ayda 100 manat təqaüd verilməsi barədə qərar qəbul edib. Məqsəd müəllim peşəsinə marağı artırmaqdır. Amma inanmıram ki, bu cür üsullarla abituriyentlərin pedaqoji fakültələrə axınını təmin etmək mümkün olsun. Heç kəs 100 manat təqaüdə görə ömrünün axırına kimi 200 manat maaşla yaşamağa razı olmaz. Müəllim peşəsinə maraq yaratmaq müəllimin maaşını artırmaqla mümkündür. Ucuz kafedə xadimə işləyən yaşlı qadının ali təhsilli müəllimdən çox maaş aldığı bir ölkədə savadlı gənclərin pedaqoji fakültələrə axın etməsini gözləmək sadəlövhlük deyilmi?..
Tez-tez müxtəlif televiziya proqramlarında qonaq oluram. Çəkiliş zamanı Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı əyləşməyim köksümü qabardır, məni qürurlandırır. Amma həmişə studiyanı tərk edəndən sonra xəyal qırıqlığına uğrayıram. Həmin alimlərin dayanacaqda avtobus gözlədiyini, ya da utana-utana hansısa yelbeyin şou-biznes nümayəndəsinin maşınına mindiyini görəndə əməlli-başlı xəcalət çəkirəm. Milli Elmlər Akademiyasının əməkdaşına 172 manat məvacib vermək alimi avam yerinə qoymaqdır. Alimin tələbəyə, müəllimin şagirdə möhtac olduğu bu ölkədə uşaqları ancaq mahnı oxumağa həvəsləndirmək mümkündür. Çünki onlar mahnı oxuyan adamın kitab oxuyan adamdan ən azı yüz dəfə yaxşı yaşadığını öz gözlərilə görürlər...