Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət də Əkrəm Əylislinin “Daş yuxular” əsərinə münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, L.Şövkət əsərin onda böyük təəssüf və təəccüb hissi yaratdığını deyib: “Əsərdə ənənəvi olaraq şərlə xeyrin mücadiləsi əks etdirilir. Lakin, bu şər obrazı məhz millətimizin üzərində, xeyir isə məhz erməni millətinin üzərinə düşür. Bir tərəfdən erməni xalqı çox alicənab, mədəni, bütün müsbət insani keyfiyyətlərə mənsub xalq kimi, digər tərəfdən biz azəri türkləri qəddar, vəhşi, mədəniyyətsiz və qatil kimi qələmə verilirik.
Öz millətini tənqid etmək olar, lazımdır da, və bunu bizim böyük mütəfəkkirlərimiz zaman-zaman ediblər, Mirzə Ələkbər Sabir də, Mirzə Cəlil də. Bunu digər millətlərdə də böyük ədib və filosoflar ediblər, Çaadayev, Saltıkov-Şşedrin, Qoqol də. Lakin, tənqidlə bərabər öz millətinə sevgi və onun gələcəyinə ümid onların əsərlərində qırmızı xətt kimi müşahidə olunur. "Daş yuxuları" əsərində isə mən bunu görə bilmədim. Bu əsərdə açıq-aşkar erməni xalqına bəraət, subyektivlik və böyük tarixi təhriflər mövcuddur. Bu artıq tolerantlıq deyil, tərəfdaşlıqdır. Romanın ruhuna hopmuş milli özünüaşağılama heç bir halda barışıq vasitəsi ola bilməz.
Mən yazıçının ifadə azadlığına böyük hörmətlə yanaşıram, amma Azərbaycanın indiki durumunda, yəni Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal altında olduğu halda, 1 milyon qaçqınımız olan halda, ermənilərin dünyada bizim haqqımızda barbar millət kimi təbliğat aparması halında, qondarma erməni soyqırımının yüzilliyi ərəfəsində dünya erməni lobbisinin propaqanda maşınının sürətlə işləməsi halında Azərbaycan yazıçısının belə bir əsəri ermənilərin əlinə böyük bir kozır verir və onlar birmənalı olaraq bizə qarşı bu əsərdən çox məharətlə istifadə edəcəklər.
Biz bir millət olaraq tarixən heç vaxt etnik mənsubiyyətə görə heç kimə qarşı olmamışıq. Bu gün də belədir. Belə olmasaydı Azərbaycanda indi də 30 min etnik erməni rahat yaşamazdı. O halda ki, Ermənistanda bir azərbaycanlı da qalmayıb. Bu fakt özü xalqımızın böyük tolerantlığından xəbər verir.
Və belə bir halda əsərin tənqidə məruz qalması başa düşüləndir.
Bununla bərabər Əkrəm Əylisliyə qarşı hökumət tərəfindən edilən sovet sayağı repressiyalar, primitiv təhqir kampaniyaları yolverilməz, səmərəsiz və qətiyyən qəbuledilməzdir.
İqtidarın yadına salmaq istəyirəm ki, Pasternakın, Danielin, Sinyavskinin, Soljenitsının, Voynoviçin, Aksyonovun və digərlərin aqibəti yadınıza düşsün. Hakimiyyət tərəfindən repressiyalara məruz qalan yazıçılar sonda həmişə üstün gəliblər. Əkrəm Əylislidən məzlum qəhrəman etməyin. Sizin bugünkü Əkrəm Əylisliyə qarşı kampaniyanız Azərbaycanın imicinə "Daş yuxuları" əsərindən də böyük zərbədir!”