Bir neçə gün öncə sərhəd məntəqələrində "Sakit ! Xalq yatır..." yazılmış Azərbaycan xalqı qəflətən "daş yuxudan " oyandı.Xalqımızı düşündürən Əkrəm Əylislinin soyuq duş effekti verən mənfur əsəri idi.Bir çoxları inanmadı,bunu qorxulu bir yuxu sandı,qocalara ,karta baxanlara yuxu yozdurdu.
Amma təəsüf ki,bu həqiqət idi.Biz buna inansaq da,inanmasaq da.Əsərdə yazılanların doğru və ya yalan olması vacib deyildi.Ən çox ona təəsüfləndik ki,yazan sıravi bir vətəndaş ,jurnalist yox,şöhrət ordenli xalq yazıçısı idi.
Sıravi bir vətəndaş kimi mən də ürək ağrısı keçirdim.Ən azından şəhid olmuş əmimin ruhuna təhqir saydım bu əsəri.Görəsən doğrudanmı mənim əmim məzlum erməniyə divan tutan faşist olub ?Yoxsa Laçının müdafiəsində canından,qanından keçən Azərbaycan əsgəri.Mir Şahin əfəndinin dediyi kimi bir zatı qırıq ortaya çıxıb Qarabağın əslində elə ermənilərin olması deyəcək.
Bunu nəzərə alan gəncliyimiz dərhal bu kitabı tabuta qoyub erməni adətincə gömdü.Əsərin müəllifi isə prezidentin xüsusi sərəncamı ilə bütün fəxri adlardan və təqaüdlərdən məhrum edildi.
Lakin artıq gecdir.Yenə də uduzan biz ,udan erməni oldu.Heç bir sübut olmadan Türkiyəyə "soyqırım" sırıyan ermənilər bu əsərlə dünyanı ən azından sıravi əcnəbini nələrə inandıracaq düşünürsüzmü ?Dünya mətbuatında Xocalı soyqırımı ilə "daş yuxular" tərəzinin ayrı-ayrı gözlərinə qoyulmayacaqmı?
Yenə də gecikdik.Çünki tariximizə ,həqiqətlərimizə lazımınca qiymət verməmişik,özümüzü belə inandıra bilməmişik.Dərsliklərimizdə ermənilərin mənşəyi onların Qafqazda xüsusi ilə Qarabağda məskunlaşması barədə kifayət qədər təzadlı fikirlərin olması kimin günahıdır ?Cəmi 5-10 gün öncə Siyavuş Novruzovun "gedin hələ öz millətimizin mənşəyini dəqiqləşdirin " deyəndə deputat tarixçilərimizin xətrinə dəymişdi.Sabah bu sərkini erməni bizə verməyəcəkmi ?
Qubada yuxuya gedən başları "Baş yuxular " adıyla nəşr etdirib müxtəlif dillərdə yaysaydıq "Daş yuxuların" təsiri qalardımı ? Başı siyasətə qarışmış tarixçilərimizə ,yazarlarımıza yox əcnəbi yazara 5 milyon versəydik şəkillərlə zəngin tutarlı bir əsər ortalığa çıxarmazdımı ? Görəsən bunun üçün pulumuzmu yox idi ? Hansı daha inandırıcı olardı ,"Baş yuxular " yoxsa " şəxsi təxəyyülün məhsulu "Daş yuxular "?
Əziz həmvətənlər !Bu gün Türkmənçay müqaviləsinin bağlanmasından 185 il ötür.O müqavilə ki, tarixin özü boyda ədalətsiz ,dünya boyda haqsızdır.Müasir tariximiz məhz bu müqavilənin bəndləri ilə yazıldı.Ən azından Xocalı soyqırımını bu müqavilədən sonra köçürülən ermənilər törətdi.Amma biz Xocalı soyqırımını dünyaya tanıtsaq da Türkmənçayın ildönümünü heç məktəb səviyyəsində də qeyd etmirik.Şuşaya gedən yol Təbrizdən başlayır deməyə cürət etmirik.Kimdən ,nədən qorxuruq ?
Mən qorxmuram...Təbriz mənimdir,mənim ruhumdadır.
Türkmənçayla qürurunu qırdılar
Arazla qəlbinə sərhəd saldılar
Elə bilməsinlər zəfər çaldılar
Sən böyük ,sən vahid Azərbaycansan
Təbrizim,yadlara qalmayacaqsan.
Qaraqoyunlu,Ağqoyunlu paytaxtı
Şah İsmayılın yenilməz taxtı
Bir gün oyanacaq uyuyan baxtın
Azərbaycana paytaxt olacaqsan
Təbrizim yadlara qalmayacaqsan
İzn ver qarşında bükülsün dizim
Qoymadın tarixdən silinə izim
Sənsən keçmişimi çəkən tərəzim
Daşımı gözündən salmayacaqsan
Təbrizim yadlara qalmayacaqsan
Heydərbaba Murovdağdan salam var
On minlərlə çadırlarda qalan var
Şimalında Qarabağ tək yaran var
Milyonlarla sönük qəlbə ocaqsan
Təbrizim yadlara qalmayacaqsan
Sən mənim ilkim,həm son vətənim
Sən mənim sevincim,sən mənim qəmim
Sənsiz ölüb getsə nakam Rüstəmin
Ruhuyla göylərə ucalacaqsan
Təbrizim yadlara qalmayacaqsan