Salam, Şuşa!
Mən səni heç görmədim, heç tanımadım, bilirsənmi? Mənim kimi yüzlərlə, minlərlə, milyonlarla azərbaycanlı da həmçinin. Bu, sənin faciəndən də betər faciədir, ay mənim şüşə qəlbli gözəlim. Sanki körpəlikdən anasız böyüyən balaya ananı nişan verir, amma yaxınına getməyə, qollarını açmağa, qoxusunu ciyərlərinə çəkməyə, üzünü-gözünü duz kimi yalamağa aman vermirlər. Anaya da dağ çəkirlər, balaya da. Şuşa dağı da belə bir dağdır.
Səni bizə daha çox kim sevdirib, nə sevdirib, bilirsənmi? Xan əmi və onun oxuduğu Şuşanın dağları mahnısı. İndi bircə bu mahnı bizimdir, bircə bu mahnı. Qalan heç nə bizim deyil. Nə Şuşanın dağı, nə aranı, nə Cıdır düzü, nə Çətir şəlaləsi. İllərdir bu çətirin və həm də bir çətirin altına yığışan ermənilərdir.
Oturub bircə-bircə sənin son kadrlarına baxıram. Deyəsən, 2018-ci ilin görüntüləridir. Dığalar bölgəyə turist cəlb etmək, gözəlliklərini göstərmək üçün dron uçurdublar. Əmindirlər ki, buna görə heç kim onların başına dünyanı uçurmayacaq. Bizə isə sadəcə, baxmaq qalır, otur bax və Şuşanın illərdir əsirlikdə qocalan qırmızı qoftalı, yaşıl tumanlı gözəllərinə ağla! Gözləməkdən gözlərinə tor gəlmədimi, əcəba?! Görəsən, Ermənistan ordusu üçün neçə əsgər böyütdülər bu gözəllər? Bax ha, atama silah atmayacaqsan, anama güllə tuşlamayacaqsan, qardaşımı özünə düşmən bilməyəcəksən, bacım sənin doğmaca xalandır, nə badə ona məşuqə gözü ilə baxasan deyə, pıçıldadılarmı qulaqlarına? Bəs o ermənidən törəyənlər necə? Bizə, bu Vətənə-Azərbaycana hansı ruhda böyüdülər, hansı ruhda tərbiyə aldılar? Bilmirəm. Bircə onu bilirəm ki, Şuşa dağı Şuşa dağlarını da əritdi, bircə bizim ürəyimiz ərimədi ki, ərimədi. Hələ də nəfəs alırıq, hələ də yağıların çəkdiyi görüntülərə baxıb uzağı bir ah çəkirik, vəssalam!
Səndən danışanda yadıma xüsusilə iki adam düşür, bilirsənmi? Biri jurnalist Hikmət Sabiroğludur, biri şair Fikrət Sadıq. Hikmətdən bir dəfə müsahibə istəmişdim. Səsi hələ də qulağımdadır: Nənə, saa qurban olum, olmayan Şuşadan danışmaq ayıbdır!
Fikrət Sadığa gəlincə… Məncə, Şuşa nisgilini onun qədər kədərli xatırladan şair elə bir də Fikrət Sadıqdır.
Şuşa yadıma düşəndə
sınır qəlbim şüşə kimi
görəsən, görərmiyəm
Şuşanı bu qışa kimi?!
Neçə qış gəldi keçdi, Fikrət Sadıq Şuşanı görmədən köçdü dünyadan. Bəs biz? Daha neçə qışı gözləyəcəyik, daha neçə mayı qarşılayacağıq? Çətin sualdır, yox? Şuşasızlıq qədər çətin!
Amma məncə ən çətin vəziyyət elə Şuşanın öz vəziyyətidir, bilirsinizmi? İllərdir köksündə yad cisim gəzdirir Şuşa. Erməni bayrağı ox kimi sancılıb yaxasına. Nəfəs ala bilmir, ürəyi deşilir, kömək istəyir. Əlindən tutaq Şuşanın, başına dönək Şuşanın, qadasın alaq Şuşanın, qisasın alaq, Şuşanın! Eşidirsiz?! Qisasın alaq Şuşanın!
Ləman Ələşrəfqızı xüsusi olaraq,