Azərbaycanda bir çox dövlət məmurları, millət vəkilləri, ictimaiyyət fəalları həm də elmi rütbə daşıyırlar. Onların bəzisi müxtəlif elm sahələri üzrə fəlsəfə doktoru, bəzisi elmlər doktoru, professor, bəziləri də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləridir.
Ölkənin müxtəlif sahələrinə rəhbərlik edən nazirlər və komitə sədrlərinin elmi dərəcə və və hansı sahə üzrə dissertasiya işi yazdıqları ilə tanış olun:
Rabitə və Yüksək Texnologiyar naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olan yeganə nazirdir. O, texniki elmləri doktoru, professor, akademikdir. "Mikroelektronika” mövzusunda namizədlik, "İnformasiya emalı və idarəetmə sistemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Səhiyyə naziri Oqtay Şirəliyev tibb elmləri doktoru, professordur. "Müalicə işi” mövzusunda Moskvada namizədlik və doktorluq dissertasiyasını müdafiə edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov iqtisad elmləri doktoru, professordur. "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları” mövzusunda namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.
Baş nazirin müavini Yaqub Eyyubov texniki elmləri doktoru, professordur. "İnşaat mühəndisliyi” sahəsində elmi araşdırmalar aparıb.
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov tarix elmləri doktoru, professordur. "Dünya tarixi” mövzusunda namizədlik və doktorluq dissertasiyasını müdafiə edib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov biologiya elmləri doktoru, professordur. Hazırda həm də BDU-da kafedra müdiri olaraq çalışan komitə sədri hər iki dissertasiya işini torpaqşünaslığa həsr edib.
Energetika naziri Natiq Əliyev geologiya-minerologiya elmləri doktoru olsa da, professor elmi adını hələ almayıb. Hər iki dissertasiya işini "Mühəndis geologiyası” ixtisasına həsr edib.
Xarici işlər naziri Elmar Məmmədyarov tarix elmləri üzrə fəlsəfə doktorudur. Amma konkret hansı mövzuda dissertasiya işi yazdığı ictimaiyyətə məlum deyil.
İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev də iqtisad elmləri üzrə fəlsəfə doktorudur. "Mühasibat işinin təşkili” mövzusunda dissertasiya işi müdafiə edib.
Vergilər naziri Fazil Məmmədov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Onun da hansı mövzuda dissertasiya işi yazaraq, fəlsəfə doktoru adını alması barədə heç bir məlumat yoxdur.
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. "1918-1930-cu illərdə – Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri” mövzusunda dissertasiya müdafiə edərək, alim adını qazanıb.
Kənd Təsərrüfatı naziri Heydər Əsədov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Dissertasiyası işini Moskvada yazıb, təsdiqlətsə də, hansı sahə üzrə müdafiə etdiyi barədə informasiya yoxdur(editor.az).