15 sentyabr günü deyəsən ən yüklü günümüz olacaq. Tədbirlər sanki bir-birinin içinə girib. Ancaq gözəl işlərdi bunlar. Xüsusilə də məktəb açılışları. Həqiqətən də məktəblərin, idman komplekslərinin sayını və keyfiyyətini kababxanaların, restoranların, şadlıq evlərinin sayına və keyfiyyətinə yaxınlaşdıra bilsək, o zaman Bakının gözəlliyindən doymayacağıq.
Ancaq bir tədbir də var ki, mənim üçün fövqəladə əhəmiyyət daşıyır. Hər il 15 sentyabr günü Türkiyə səfirliyi Bakının işğaldan azad olunduğu günü qeyd edir. Bu il də 15 sentyabr saat 11-də ora dəvət almışam. Ən maraqlısı da həmin tədbirin Nuri Paşa zalında keçirilməsidir.
Eyni zamanda adam bu tədbirə könül rahatlığı ilə qatılma bilmir. Sanki hər dəfə orada söylənməyən, yazılmayan bir mesaj alırsan ki, ey gözəlim Azərbaycanlılar, ey öz vətənini sevdiyini iddia edən dəyərli insanlar, Nuri Paşa və onun əsgərləri sizin babalarınızı, nənələrinizi, qan qardaş-bacılarınızı vəhşi rus-erməni çətələrinin əlindən xilas edib, müstəqil dövlətinizin təminatı məhz Bakının işğaldan azad olunduğu gündən başlayıb, mənası olan və olmayan hər gündə milyonlarla fişəngi göylərə dağıdırsınız, atəşfəşanlıq edirsiniz, bəs indi bu susqunluğunuz nədəndir? Əgər müstəqillik sizlərə zərrə qədər əzizdirsə, müstəqilliyin təməl daşını qoyan bu günə və bu kişilərə, uzaq diyarlardan gəlib bizim azadlığımız üçün şəhid olanlara sayğınız budurmu?
Buyurun, Təhsil Nazirliyi, heç olmazsa, dərslərə başladığınız 15 sentyabr gününün mahiyyəti barədə dərs açılışında şagirdlərə, tələbələrə sinifə, auditoriyaya girən müəllimlər vasitəsilə 3-5 dəqiqəlik bilgi verilməsini təmin edin.
Yaxşı ki, o zal var və heç olmazsa o zalda bu şanlı-şərəfli insanları xatırlayırıq. Sadəcə xatırlamaq, hələ boynumuzda haqqı olan insanların haqqını vermək mənasına gəlməz.