"Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsindəki ilk və son görüşlərini səfərdə keçirəcək. Sportnet.az-ın məlumatına görə, bu, UEFA-nın qitə miqyaslı turnirlər üçün müəyyənləşdirdiyi prinsiplərə əsasən belə olacaq.
Qaydalara əsasən, Avroliqada çıxış edən komandaların əksəriyyəti üçün ev oyunları ya Bakı vaxtı ilə saat 22:00-da, ya da gecə saat 00:05-də başlamalıdır. Amma Avropanın saat qurşağından ən uzaq məsafədə olan ölkələrin klublarına rəqiblərini saat 21:00-da başlamağa icazə verilib. Bu qayda xüsusən, Rusiyada tətbiq olunur. 2 il öncə "Neftçi" Avroliqada çıxış edərkən də Bakıdakı matçlar saat 21:00-da başlanırdı.
Amma eyni zamanda, UEFA qruplardakı son tur matçlarının eyni saatda başlamasını istəyir. Bu baxımdan, ən münasib variant matçları tez başlayan komandaların son turu səfərdə keçirmələridir. Təqvimə əsasən, evdə başlayan komandalar son oyunlarını evdə, səfərdə başlayanlar isə axırıncı qarşılaşmalarını səfərdə keçirməlidirlər. Məhz bu prinsipə əsasən, belə qənaətə gəlmək olar ki, "Qarabağ" ilk ev oyununu oktyabrın 2-də keçirəcək.
Qeyd edək ki, Avroliqanın qrup mərhələsinə sentyabrın 18-də start veriləcək. "Qarabağ" həmin gün səfərdə qarşılaşacağı rəqibi noyabrın 27-də Bakıda qəbul edəcək. Ağdam komandası ilk ev oyunundakı komanda ilə dekabrın 11-də səfərdə, 23 okyabrda səfərdə üz-üzə gələcəyi klubla isə noyabrın 2-də evdə görüşəcək.