Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 25 dəst medal sahibini tapıb.
Hesabında iki "bürünc" olan Azərbaycan komandası Misirlə 70-71-ci yerləri bölüşür. Kəmiyyətə görə isə 14 milli ilə birlikdə 44-cüyük.
İlk sırada 24 qızıl, 14 gümüş, 13 bürünc medalla Çin qərarlaşıb.
ABŞ bir pillə irəliləyərək ikinci sıraya yüksəlib (20 qızıl, 23 gümüş, 16 bürünc mükafat).
Aktivində 17 "qızıl", 5 "gümüş", 9 "bürünc" olan ev sahibləri "üçlüy"ü qapayır.
Rusiya Olimpiya Komitəsi (ROK) və Avstraliya da sıralamadakı mövqelərini dəyişib. Bir pillə irəliyən "yaşıl qitə" təmsilçiləri 14 qızıl, 3 gümüş, 14 bürünc əyyarlı mükafatla 4-cü, şimal qonşularımız 12 qızıl, 19 gümüş, 13 bürünc medalla 5-cidir.
Ümumilikdə 179 dəst medal üzrə mübarizə başa çatıb. Geridə qalan müddətdə 76 ölkə fərqlənib. Onlardan 53-nün hesabında baş mükafat var.
Bu gün baş tutan kişilərin hündürlüyə tullanma yarışında Qətər və İtaliya təmsilçiləri eyni nəticə göstərdiyindən hər ikisinə "qızıl" verilib.
Qeyd edək ki, Tokio 2020-yə avqustun 8-də yekun vurulacaq.