ABŞ-ın Karnegi Fondunun mütəxəssisləri Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstanda əhalinin Stalinə münasibətini araşdıran ictimai rəy sorğusunun nəticələrini açıqlayıblar. “Amerikanın səsi”nin rus xidmətinin xəbərinə əsasən “Stalinin müəmmaları: Sovet İttifaqının dağılmasından sonra Rusiyada Stalinin fəaliyyətini vətəndaşların əksəriyyəti dəstəkləyir” başlıqlı hesabatda deyilir ki, bu ölkələrin vətəndaşlarının böyük hissəsi keçmiş sovet diktatoruna hələ də rəğbət bəsləyir. Karnegi Fondu respondentlərə bu sualla müraciət edib: “Siz Stalinin Sovet İttifaqını çiçəklənməsinə və rifahına nail olan müdrik lider hesab edirsinizmi?”
Rusiyada rəyi soruşulanların 15 faizi bu suala birmənalı “hə” cavabı verib, 32 faizi “hə” deyib, 25 faizi isə “qismən razıyam” cavabını verib. 5 faiz rəyi soruşulan isə deyib ki, birmənalı şəkildə Stalin kimi adamın rəhbərlik etdiyi ölkədə yaşamaq istərdi. 13 faiz respondent “çox güman ki” Stalin kimi rəhbərin olduğu ölkədə yaşaya biləcəyini deyib. Maraqlıdır ki, Gürcüstanda bu rəqəmlər müvafiq olaraq 13 və 11 faiz təşkil edib. Əldə olunmuş nəticələrə görə Gürcüstan vətəndaşları Stalinə “həyacanlı ölçüdə yüksək” rəğbət bəsləyirlər. Rəyi soruşulanların 45 faizi onu dəstəklədiyini bildirib. Ermənistanda isə 55 faiz respondent Stalinin “müdrik lider” olması ilə razılaşıb, Azərbaycanda bu 44 faiz təşkil edib. Karnegi Fondunun proqram direktoru Tomas de Vall araşdırma ilə bağlı deyib ki, Stalin nə dərəcədə keçmiş lideridirsə o dərəcədə də indiki dövrün lideridir. Onun sözlərinə görə, hazırda Rusiyada Vladimir Putinin prezidentliyi ilə Stalinin şəxsiyyətinin reablitasiyası arasında əlaqə mövcuddur.