2014/15 mövsümünün ilk turu 2 gün davam edəcək.
Sabah baş tutacaq hər iki oyun Bakıda keçiriləcək. İlk gündə ötən mövsümün ortababları – 5-8-ci yerlərdə qərarlaşanlar üz-üzə gələcək.
Çempionatın ilk fiti “Bakı” və “Simurq” arasında oyunda veriləcək. 2004-cü ildə qovuşduğu yeni ad altındakı 10 illik tarixinin ən ağır günlərini yaşayan paytaxtın eyniadlı təmsilçisi matça yeni simada çıxacaq.
Söhbət komandanın həmişəki iddiasından uzaq olmasından gedir. Ölkədən kənara çıxmayan yeganə Premyer Liqa klubu “Bakı”dan fərqli, “Simurq” xaricdə keçdiyi hazırlığın bəhrəsini elə ilk matçda görmək iddiasındadı.
Bu matçdan sonra yay transfer dövrünün ən fəalları meydana çıxacaq. Heyətini xeyli gücləndirən “Xəzər Lənkəran” transferlərdən doymayan AZAL-ın qonağı olacaq. Milli üzvləri də daxil olmaqla, xeyli yüksək səviyyəli oyunçunu heyətinə qatan cənublular elə ilk qarşılaşmadan iddiasını ortaya qoymağa çalışacaqlar.
İkinci oyun günü çempionatın Naxçıvana qayıdışı ilə əlamətdar olacaq. 12 ildən sonra yüksək liqa təmsilçiləri bu məkanda qarşılaşacaq. Özü də “Araz-Naxçıvan” baş məşqçisi Əsgər Abdullayevin uzun illər şərəfini qoruduğu “Neftçi” önündə imtahan verəcək. Elə ölkənin ən titullu klubunun baş məşqçisi Böyükağa Hacıyev də həm futbolçu, həm çalışdırıcı kimi sıralarında olduğu komanda ilə üz-üzə gələcək.
Son çempion “Qarabağ” ilk oyununu səfərdə keçirəcək. Sumqayıtda eyniadlı komandanın qonağı olacaq Ağdam təmsilçisi avrokuboklarda aldığı məğlubiyyətini qisasını ötən mövsümün autsayderindən çıxmağa çalışacaq.
Turun mərkəzi oyunu “Şəfa”da baş tutacaq. Daha doğrusu, bu stadion tarixində ilk dəfə yeni adı ilə rəsmi matça ev sahibliyi edəcək. Artıq “İnter Arena” adını daşıyan idman qurğusu ötən mövsümün mükafatçıları üz-üzə gələcək. Avrokubokların uğursuzu “Qəbələ” qitə miqyasında 1 mərhələ adlayan “İnter”in qonağı olacaq. Bu matç həm də Dorinel Muntyanunun əyalət klubu ilə Azərbaycan çempionatında debütü olacaq.
Qeyd edək ki, XXIII Azərbaycan çempionatı yeniliklərlə start götürəcək. Belə ki, Topaz Premyer Liqasının oyunları “Brazuka” topları ilə keçiriləcək. Eyni zamanda, hakimlər Braziliyada başa çatan dünya çempionatında ilk dəfə istifadə olunan spreydən də yararlana biləcəklər.
Topaz Premyer Liqası
I tur
9 avqust (şənbə)
18:00. “Bakı” – “Simurq”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Fərid Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
20:00. AZAL – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
“AZAL Arena”
10 avqust (bazar)
18:00. “Araz Naxçıvan” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Naxçıvan Muxtar Respublika stadionu
20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev
“İnter Arena” stadionu
20:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov
“Kapital Bank Arena”