Dünən gecə düşmən gülləsinə tuş gəlmiş gənclərimizin cənazəsi hələ torpağa tapşırılmayıb. Mən bu sətirləri yazdığım zaman analar öz şəhid övladlarının cəsədinə sarılıb, onlar üçün ağı deyirdilər. Cəbhə bölgəsində verdiyimiz bu ağır itki əksəriyyətimizi ağrıdır. Birimizin qəlbi, digərimizin vicdanı ağrıyır...
Amma şəhid analarının fəryadını eşitməyən, bu ağır faciəyə biganə qalanlar da var. Söhbət Azərbaycan televiziyalarını idarə eləyən adamlardan, onların “ideya generatorlarından” gedir. Sanki yerli telekanallar Azərbaycan cəmiyyətindən ayrı düşüblər. Nədənsə, biz ağlayanda həmişə onların üzü gülür...
Say-seçmə oğullarını itirmiş bir ölkənin televiziyaları şit mahnılarla tamaşaçların əsəblərini korlamamalıdır. Başa düşürük, yaydır, efir saatını doldurmaqda müəyyən çətinliklər var. Ola bilsin ki, əvvəlcədən müəyyənləşdirilmiş hansısa verilişin vaxtını dəyişdirmək müəyyən çətinliklər yaradır. Amma canlı efirdə mövzunu dəyişmək həmişə mümkündür. Bu gün vətənpərvərlik mövzusunda danışmaq olmazdımı? Həmişə efirlərinizin “bəzəyi” olan həmin müğənnilər vətənpərvərlik mövzusunda bir-iki mahnı ifa edə bilməzdilərmi? Doğrudanmı, onların repertuarı bu qədər kasaddır? Zəngin repertuarı, xüsusi hazırlığı olmayan adamları efirə niyə çağırırsınız? Axı, həmin verilişlərə təkcə sizin deyil, həm də bizim övladlarımız baxır. “Ata, 8 əsgərimiz şəhid olub”, - deyəndən sonra ətraflı məlumat almaq üçün tez-tələsik televizoru işə salan 14 yaşlı oğlumun efirdə “bozbaş” müğənnilərdən birinin oynaq mahnı ifa etdiyini görəndə necə haldan-hala düşdüyünü təsəvvür edə bilirsinizmi? Xalqın ağır günündə “palatka” müğənnilərini efirə çıxarıb, insanların əsəbləri ilə oynamağa sizə kim icazı verib?
Təxminən 32-33 il əvvəl, mən uşaq olanda kəndimizdə cavan bir oğlan rəhmətə getmişdi. Mərhum subay olduğu üçün valideynləri vida mərasimində onun üçün toy çaldırdılar. Dəhşətli mənzərə idi, həmin gün kəndimizdə yeddidən tutmuş yetmişə kimi hamı ağlayırdı. Hətta uşaqların “Dəli Nabat” adlandırdıqları qarı da göz yaşı axıdırdı. Allahın dəlisi də başa düşürdü ki, cavan adam öləndə çalıb-oynamaq, şadlanmaq olmaz. Dəli Nabat qədər də olmadınız...
Bu gün Azərbaycanda şəhid havası çalınır. Şəhid havasına isə oynamazlar. Çünki onların ruhu adama qənim olar...