Martın 1-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) jurnalist Elmar Hüseynovun qətli ilə bağlı tədbir keçirildi.
Tədbir giriş sözü ilə açan RATİ rəhbəri Emin Hüseynov qeyd etdi ki, jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmaması, mediaya olan təzyiqlər, seçki ilində medianın vəziyyəti ilə bağlı müzakirələrin aparılacağı bu tədbirdə sonra birgə bəyanat qəbul oluanacaq.
Çıxış edən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Azərbaycanda mətbuat sahəsində problemlər mövcuddur: “ “Yeni Müsavat və “Azadlıq qəzetinə olan təzyiqlər bu sahədəki vəziyyətdən xəbər verir. Məhkəmə qərarları və yüksək cərimələnmə mətbu orqanların fəaliyyətinə son qoyulmasına yönəlib. Bildiyiniz kimi, “Yeni Müsavat”ın bank hesabına əl qoymaq istəyirlər. Mətbuat və söz azadlığınn boğulduğu bir ölkədə məhkəmə sistemi sifarişli qərarlar çıxararaq icra edir. Son mitinqlər zamanı peşə borcunu həyata keçirən zaman jurnalistlərin döyülməsi və həbsi faktları ilə tez-tez üsləşmişik.Bütün bu proseslər hakimiyyətin siyasi marağı var və əllərindəki bütün imkanlardan istifadə edərək bu marağı həyata keçirirlər”.
Növbəti çıxışçı “Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev isə son günlər qəzetə qarşı çıxarılan məhkəmə qərarlarından danışaraq bunları təzyiq kimi qiymətləndirdi: “Bütün bunlar söz və mətbuat azadlığına ziddir. “Azadlıq” qəzetinin fəaliyyətini tam sıradan çıxarmaq üçün əllərindən gələn bütün imkanalrdan istifadə edilər. Qəzetin elektron versiyası olan azadlıq.info saytı isə tez-tez xaker hücumlarına məruz qalır. Hakimiyyət tək bir niyyəti var o da “Azadlıq”ı tamamilə qapatmaqdır”.
Tanınmış media eksperti Qulu Məhərrəmov isə bildirdi ki, son vaxtlar Azərbaycan mətbuat azadlığı sahəsində geriləməyə başlayıb: “Artıq bu kimi hallar günü-gümüdən çoxalır. Cəmiyyətə obyektiv informasiyalar lazımdır. Media qurumları bütün imkanalrının bir araya gətirərək bu vəziyyətdən qurtulmağın yollarının axtarmalıdırlar. Məsələ bundan ibarətdir ki, təzyiqə məruz qalan mətbu orqanlar məhz cəmiyyətə obyektiv informasiyaların çatdıran orqanlardır və bunlara qarşı təzyiqləri də bu istiqamətdə qiymətləndirmək lazımdır. İfadə azadlığı ilə bağlı qrupun yaradılması da təqdirəlayiq hal hesab edirəm. Bu qrup mətbuatdakı problemlərlə bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparmalıdır”.
Ekspert Ələsgər Məmmədli isə 2005-ci ilin martında qətlə yetirilən jurnalist Elmar Hüseynovun ölümündən danışaraq, 8 il keçməsinə baxmayaraq hələ də qətlin araşdırılması istiqamətində heç bir ciddi addım atmadığını bildirdi: “Həmin dövrdə bu qətlin gözlənilməz idi. Lakin təəssüflər olsun ki, bu gün bu hadisə baş versəydi hamımız üçün gözlənilən olardı. Bu da bu gün ölkədə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərir. Bu gün mətbuata istər maddi, istər mənəvi təzyiqlər mövcuddur. Düşünürəm ki, jurnalistlər onlara qarşı təzyiqlərlə bağlı həmrəylik nümayiş etdirməlidirlər”.