“Xoca” filmi ilə bağlı ortaya çıxan plagiat faktları və ona reaksiyalar qalmaqala səbəb olub. Filmin rejissoru Vahid Mustafayev, baş prodüsseri Mirşahin Ağayev və ANS-in məsləhətçisi Mais Məmmədov mətbuata açıqlama verərək özlərini müdafiə etməyə çalışıblar.
Onların arasında jurnalist Mirşahinin açıqlaması öz aqressivliyinə görə xüsusilə seçilir. O, filmə aid deyilənləri böyüdür, faktın arxasında “erməni izi” axtarır, təhqiramiz cümlələr işlədir və bu faktların ortaya çıxarılmasını “kişilikdən uzaq hərəkət” adlandırır.
Həmin plagiat faktlarını ortaya çıxarıb video-çarx hazırlayan musavat.com və minval.az saytlarının tele-reportyorları bildirir ki, bu məsələyə kişilik, mərdlik, vətənpərvərlik kimi anlayışların şamil edilməməsi daha məqsədəuyğun olardı. Ona görə ki, söhbət burada ədəbi oğurluqdan gedir və bunun özü kişilik prinsiplərinə uyğun deyil.
Əməkdaşlarımızın ortaya çıxardığı üç oğurluq faktı var. Bunların heç birini “bəhrələnmək”, “təsirlənmək” kimi qələmə vermək mümkün deyil. Söhbət birəbir oğurluqdan gedir. Məsələyə detallı yanaşaq. “Brest qalası” və “Xoca” filmindən uyğun sayaraq çıxarış etdiyimiz epizodlarda hadisələrə baxış bucağı eynidir, hər iki filmin quurluşçu rejissorlarının və quruluşçu operatorlarının işi yüzdəyüz üst-üstə düşür. Filmlərdəki dialoqlar tam identikdir, bu da ssenaristlərin dialoqları eyni cür yazmasını göstərir. Daha sonra aktyor oyunları tam uyğundur, Düşmənə güllə atdıqdan sonra üzü arxaya divara söykənən kişinin yanındakı qadına baxışı, üzünün ifadəsi, daha sonra axırda onu güllələməsi yüz faizlik yamsılamadır. "Əlimi aşağı salacam, bunları başından güllələyin" replikası da eləcə.
Hələ ortada Liviya cəmahiriyyəsinin dövlət himninin melodiyasının tam götürülərək azərbaycanlaşdırılması faktı göz deşir. Sadəcə, orada "Liviya, Liviya" əvəzinə "azəri, azəri" sədası gəlir. Söhbət adi bir musiqi parçasının yox, bir dövlət himninin oğurlanmasından gedir.
Ortada bu qədər çılpaq ədəbi oğurluq faktları olduqdan sonra “biz təbii ki, o parlaq filmdən ara-sıra bəhrələnmişik” deyərək vəziyyətdən çıxmaq yerinə üzə dirənmək, hələ bir kişilikdən-filandan da danışmaq təəssüf doğurur, Mirşahinin cığallığını bariz şəkildə ortaya qoyur.
Dövlətin Xocalı faciəsinin bədii müstəvidə dünya ictimaiyyətinə təqdim olunması üçün ayırdığı vəsait hesabına belə qüsurları olan film ərsəyə gətirmək, bunu qapı-qapı gəzdirmək çox ayıb işdir. Bu faktları biz deməsək də, deyənlər, yazanlar olacaqdı və o zaman filmin yaradıcıları daha böyük pərtliklə üzləşəcəkdilər.
Onu da qeyd edək ki, plagiat videçarxı yayılmazdan əvvəl mütəxəssislərlə məsləhətləşib və ümumi fikir bundan ibarət olub ki, burada plagiat faktları var. Üstəlik, millətin adına olan bir layihəyə ədəbi də olsa, oğurluq, haram qatmağın özü erməniyə işləməkdir.