Xəbər verdiyimiz kimi, bu gün yeni Təhsil naziri Emin Əmrullayev Simuzər Feyzullayevanı nazirin müşaviri təyin edib.
Yenimeydan.info xəbər verir ki, Feyzullayeva Simuzər Rafiq qızı 1987-ci ildə Bakıda anadan olub. Bakının Səbail rayonunda yerləşən 219 saylı orta məktəbdə təhsil alıb.
2004-cü ildə 565 balla Bakı Dövlət Universitetinin “Hüquq” Fakultəsinə daxil olub. 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Simuzər Feyzullayeva 2010-cu ildə Bakı Dövlət Universitetinin Kommersiya hüququ magistr proqramında təhil alarkən Vyana şəhərində 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak edib. Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə “Baker&Mckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə “KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
Simuzər Feyzullayeva “KPMG Azerbaijan Ltd” şirkətində çalışan zaman – 2019-cu ildə Baş nazirin müavini Yaqub Eyyubovun əmri ilə Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının İşçi qruplarının tərkibinə daxil edilib.
Onu da bildirək ki, Simuzər Feyzullayevanın 1989-92-ci illərdə Azərbaycan Respublikasının xalq təhsili naziri vəzifəsində çalışmış Rafiq Feyzullayevin qızı olduğu bildirilir.
15 sentyabr 1992-ci ildə Azərbaycan Prezident Əbülfəz Elçibəyin Fərmanı ilə Azərbaycan Respublikası müdafiə nazirinin hərbi tədris müəssisələri və xarici ölkələrdə təhsil alanlar üzrə müavini vəzifəsinə təyin olunan Feyzullayev Rafiq Babaş oğlu Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. Xarkov Radiotexnika İnstitutunun aspiranturasında təhsil almışdır (1967-1970).
1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və topologiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və 1991‑ci ildə «Əməkdar elm xadimi» fəxri adına layiq görülüb.
1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti Komissiyasının sədri kimi fəaliyyət göstərib.
Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib. SSRİ KP‑nın XXVIII qurultayında Mərkəzi Nəzarət Komissiyasının üzvü seçilib.
Azərbaycan Ali və Orta İxtisas Təhsili nazirinin müavini, xalq təhsili nazirinin müavini (1983-1989) və təhsil naziri (1989-1992), Respublika müdafiə nazirinin müavini (1992-93), Elm və Texnika Komitəsinin sədr müavini (1992-1996) vəzifələrində işləyib.
1993–2001‑ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin müavini vəzifəsini icra edib.
Dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edib. 2001-ci il iyunun 17-də Şüvələn qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib. Rafiq Feyzullayev 70‑dən artıq elmi əsərin və tədris vəsaitinin müəllifi olub.