Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Xatırladaq ki, bu çəki dərəcələri Nanjinqdə keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazandırır. FILA qaydalarına əsasən hər bir ölkə Olimpiya Oyunlarında 2 çəkidə idmançı ilə iştirak edə bilər. Güləşçilərimiz bu vəzifənin öhdəsindən layiqincə gəlib. 50 və 69 kq-da finala yüksələn güləşçilərimiz Nanjinqə 2 lisenziyanı da təmin edib.
50 kq-da mübarizə aparan Cabbar Nəcəfov finala qədər inamla güləşib. Ardıcıl olaraq Gürcüstan və Ukrayna güləşçilərini məğlub edən təmsilçimiz yarımfinalda erməni rəqibinə də şans verməyib və finala vəsiqə qazanıb. Bununla da güləşçimiz Nanjinq Olimpiya Oyunlarına vəsiqəni təmin edib. Finalda onun rəqibi Türkiyə güləşçisi olacaq.
58 kq çəkidə güləşçimiz İsrafil Yaqubzadə mübarizəyə Fransa təmsilçisi üzərində qələbə ilə başlasa da, rusiyalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Rumıniyalı idmançını üstələyib və bürünc medal şansını davam etdirib. Həlledici görüşdə İsrafil Yaqubzadə Ukrayna təmsilçisi ilə qarşılaşacaq.
69 kq çəki dərəcəsində təmsilçimiz İslambek Dadov mübarizəyə 1/16 finaldan başlayıb və ardıcıl olaraq Yunanıstan, Xorvatiya, Belarus və Ukraynadan olan güləşçiləri mübarizədən kənarlaşdırıb. Finala yüksəlməklə güləşçimiz yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanıb. Finalda güləşçimiz Almaniya təmsilçisi ilə qarşılaşacaq.
85 kq-da mübarizə aparan Soslan Fanziyev Fransa güləşçisi ilə görüşdən qalib ayrılsa da, növbəti mərhələdə Rusiya təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı yaradıb. Təsəlliverici görüşlərdə Fanziyev Serbiya və Almaniya təmsilçilərini üstələyib. Həlledici görüşdə onun rəqibi Macarıstan güləşçisi olacaq.