Bu mövsüm İspaniya La Liqası və Çempionlar Liqasında uğurlu çıxış edən Madridin “Atletiko” klubu Azərbaycan hökumətinin nümayəndələrinə və futbol qurumlarının rəhbərlərinə üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formalar göndərib.
Bu haqda Qol.Az saytına “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov məlumat verib.
“Atletiko”nun rəhbərliyi son vaxtlar komandanın gərgin təqvimdə oynamasına baxmayaraq, Azərbaycanla uğurlu əməkdaşlığa sadiqliyini və ehtiramını nümayiş etdirir. Bunun nəticəsidir ki, artıq bu gün hədiyy' olaraq, bir neçə forma ölkəmizə göndərilib” – deyə o vurğulayıb.
Qeyd edək ki, “Atletiko” tərəfindən formalar hər birinə bir ədəd olmaqla gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, eləcə də ölkəmizin futbol qurumlarının rəhbərləri – Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədovun adına göndərilib.
Y.Seyidov yaxın vaxtlarda “Bakı” klubu rəhbərliyinin formaları adları çəkilən şəxslərə təqdim edəcəyini deyib.
Xatırladaq ki, 2013-cü ildən başlayaraq, “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə “Atletiko” İspaniya çempionatı və Avropa kuboklarının oyunlarına üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formalarla çıxır.