Almaniya “Şalke”si futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibi Türkiyənin “Qalatasaray” klubu ilə ilk oyunundan sonra iddia qaldırıb.Məlumata görə, “Şalke” fevralın 20-də İstanbuldakı ilk matçda “sarı-qırmızılar”ın heyətində çıxış etmiş Didye Droqbaya qarşı mövqeyini “Twitter” səhifəsi vasitəsilə çatdırıb.
Bundesliqa təmsilçisi Droqbanın Çempionlar Liqasında oynamasına verilən icazəyə dair şübhələrinin olduğunu açıqlayıb. “Şalke” mənafeyini qorumaq üçün hüquqi yollara baş vuracağını bildirib.
Qeyd edək ki, Didye Droqba əvvəlki klubu Çin “Şanxay Şenxua”sını son 3 ayın borcunu vermədiyi üçün tərk edib. “Qalatasaray” onun keçidi üçün “Şanxay Şenxua”ya pul ödəməyib. Çin klubu bununla bağlı iddia qaldırsa da, FİFA Droqbanın “Cim-Bom”a keçidinə icazə verib.
“Qalatasaray”la “Şalke” arasındakı ilk qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Cavab görüşü martın 12-də olacaq.