“Mustafa!!! Ay kişi evə gəl də! Üstümə nöyüt töküb özümü yandıracam!”. Bu haray məşhur “Bir Cənub şəhərinin” "uçastkovısı" Mustafanın arvadına məxsusdur! Bu epizoda baxanda mağmın sahə müvəkkilinin yazıq vəziyyətinə həm acımışıq, həm də gülmüşük. Arvadının şantajı qarşısında hər dəfə zavallı vəziyyətə düşən Mustafa eyni zamanda cani, oğru, quldur tutmalıdır. Gülünc vəziyyətdir. Mətləbi Azərbaycandan Mustafa düzəltmək istəyən vətəndaşların üzərinə gətirirəm. Belələri öz istədiklərini almağın ən qısa yolunu məhz mıs-mıs deməmiş bir başa Mustafaya keçməkdə görürlər. Qarabağ müharibəsi əlili Zaur Həsənovun özünə vurduğu odla qaranlıq mətləblərə işıq salmaq istəyi prezildentdən tutmuş ən sıravi vətəndaşa kimi bütün xalqı sarsıtdı. Dövlət öz boş yerlərinə bir də baxdı, müəyyən nəticələr, dərslər çıxardı. Və gördü ki, ölkədə “Pəmbeyi dağı cünun içrə bədəni nihan” olan başqaları da var. Və onlar heç də dəli deyillər. Amma bu hadisədən sonra zəncirvari proses başlandı. Azərbaycan bir-birinin ardınca özünə od vuranların hesabına Odlar Yurdu adını bir başqa tərəfdən doğrultmağa başladı. Ən adi sosial məsələni həll etmək üçün özünə əl qaldıran, benzin töküb kibrit çəkənlər tədricən bu akta daha yaradıcı tərəfdən yanaşmağa başladılar. Məsələn, özünü yandırmaq aktına özünü öldürmək məqsədilə yox, ucqar bir yerdə azıb qalmış birisinin diqqəti cəlb etmək üçün od qalaması jesti kimi əl atdılar. Burda isə təbii ki, müəyyən islahatlar aparıldı. Adam özünü bütöv yandırmadı, müəyyən əzalarına xəsarət yetirdi. Yəni sağ qalsa bəhrəsini görsün. Bilirəm, özünə əl qaldırmaq bütün hallarda ağır hadisədir, çıxılmazlığın doğurduğu emosianal fəsaddır. Əli hər yerdən üzülən vətəndaş başqa təsir formasımı tapa bilmir, gücü özünə çatır. Amma bu addım son zamanlar hakimiyyət orqanlarını hansısa problemin həlinlə vadar etmək yoluna yox, daha çox dövləti şantaj etməyə oxşayır. Dünyada tam çılpaq soyunmaqdan tutmuş ağıza tikiş vurmağa qədər çoxlu etiraz forması var və bu formalar öz bəhrəsini verir. Azərbaycanda isə Zaur Həsənovun özünü yandırmasından sonra bu etiraz forması sözün həqiqi mənasında qiymətə mindi. İçi özünü yandıranlar çölü ilə də özlərini yandırdılar ki, bahasını dövlət bahasını versin. Kiminə atəşböcəyi, kiminə isə Səməndər quşu kimi görünən bu insanlar əslində öz taleləri ilə oynadıqlarının fərqində olmalıdırlar. Dədə Qorqudun bizə odlu alovlu vəsiyyəti var. Dədə Qorqud özümüzü yandırmağı məsləhəti verməyib. Elə dində də böyük günahdır. Onsuz da çölümüz özgələrini yandırır. İçimizi də özümüz yandırmayaq. Bu alov dövləti işığa yox, qaranlığa aparır. Ən maraqlısı da burasıdır ki, bütün bunlar Azərbaycanın Dağlıq Qarabağ davası fonunda baş verir. Biri gedib qürbətdə cənnət uğrunda həlak olur, o birisi özünə bu dünyada bir cəhənnəm alovu vurur ki, tüstüsü cəmiyyətin təpəsindən çıxır. Baxmayaraq ki, Qarabağ davası Azərbaycanın əli silah dütan hər bir vətəndaşının fərdi davasıdır və hər bir vətəndaşımız özünü məhz ona görə qorumalıdır ki, o savaşda ya şəhid, ya da qazi olsun. (ANS)