Ekspertlər deyir ki, antivirus proqramçılarının hesabatları hər zaman reallığı əks etdirmir
İnternet vasitəsilə istifadəçi qurğularının zərərli proqramlarla yoluxmasına görə Azərbaycan dünyada 3-cü yerdədir. Bu barədə “Kasperski Laboratoriyası”nın hesabatında bildirilir.
Laboratoriyanın məlumatına əsasən, dünyada internet vasitəsilə qurğunun zərərli proqramlarla yoluxması riskinə görə birinci yerdə Rusiya dayanır. Siyahının ilk onluğunda məhz keçmiş SSRI ölkələri üstünlük təşkil edir. Belə ki, Rusiyanın ardınca siyahıda Tacikistan, Azərbaycan, Ermənistan, Qazaxıstan, Belarus, Banqladeş, Şri-Lanka, Hindistan və Sudan yer alıb. Ukrayna təhlükəli internetə görə siyahıda 17-ci yerdədir.
Qeyd edək ki, ötən il prezident İlham Əliyev informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb. Sənəddə dövlət və qeyri dövlət sektorunda informasiya təhlükəsizliyinin təminatı əksini tapıb. Yeni agentlik dövlət internet resurslarına həm texnoloji, həm metodiki-informasiya, həm də maliyyə dəstəyi göstərməlidir. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirir ki, qeyri-dövlət sektoru ilə bağlı hələ oturuşmuş mövqe yoxdur: “Bundan əlavə, dövlət orqanlarının internet resurslarının dayanıqlı fəaliyyəti, kadrlar, texniki-texnoloji standartlar, bir-birinə inteqrasiya ilə bağlı ciddi problemlər var”.
Ekspertin qənaətincə, Azərbaycanda elementar informasiya təhlükəsizliyi normalarına əməl olunmur: “Ona görə də internet istifadəçilərinin əksəriyyətinin komputerlərində bu cür viruslar çoxdur. Xarici ölkələrdən buraxılan viruslar internetlə digər komputerlərə, şəbəkələrə yayılır. Bundan sonra virus Azərbaycan istifadəçisinin qorunmayan komputerində oturur və oradan da yayılmağa başlayır. Problem ondadır ki, Azərbaycanda internet istifadəçilərinin sayı gün-gündən artır. Lakin bunun müqabilində onların təhlükəsizliyi qorunmur”.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyevin sözlərinə görə, antivirus proqramçıları özləri statistika aparırlar və bu statistika hər zaman həqiqəti əks etdirmir. Azərbaycanda tək “Kasperski” yox, çoxlu sayda antivirus proqramları var ki, heç onlar haqqında “Kasperski”nin məlumatı yoxdur. Son zamanlar bütün dövlət orqanları lisenziyalı proqramlarla təmin olunub. Bu da problemin qarşısını almaq üçün əsas vasitələrdən biri sayılır.
Azərbaycanda bu sahə necə qorunur? İ.Əliyevin sözlərinə görə, dövlət orqanlarında şəbəkəyə çıxış xüsusi olaraq gov. domenində yerləşir və bu domenin özündə təhlükəsizliklə bağlı bütün məsələlər əksini tapır: “Ayrı-ayrı vətəndaşlara gəldikdə, onların təhlükəsizliyi müxtəlif antivirus proqramları və xidmətindən istifadə etdiyi provayderlər tərəfindən təmin edilir. Ancaq nəzərə almaq lazımdır ki, virusların sayı, növləri, hücumlar gündən-günə artır. Təbii ki, bunun da qarşısının alınması üçün həm dövlət orqanlarında, həm özəl sektorda, həm də əhali ilə işləmək üçün cənab prezident ötən il xüsusi bir fərman imzalayıb. Fərmana görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb. Bundan əlavə, RİTN-in tərkibində də Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. Elektron Təhlükəsizlik Mərkəzi məhz əhali və özəl sektoru təhdid edən təhlükələrə qarşı fəaliyyət göstərəcək, proqram məhsullarının, antivirus proqramlarının seçilməsi, xüsusi maarifləndirici tədbirlərin görülməsini həyata keçirəcək. Bu işlərə artıq başlanıb, yaxın zamanlarda mərkəzin fəaliyyəti başlayandan sonra bu istiqamətdə ciddi dönüş yaranacaq”.
Nazirlik rəsmisinin sözlərinə görə, mərkəz tərəfindən hücumlara qarşı mübarizə üzrə xüsusi qruplar yaradılıb, bu qruplar həm ölkəyə olan hücumlar, həm də ayrı-ayrı istifadəçilərə olan hücumları operativ araşdırıb qısa müddətdə tədbirlər görəcək. İ.Əliyev onu da qeyd etdi ki, Azərbaycanda kompyuterlərin neçə faizinin zərərli proqramlara yoluxması ilə bağlı rəqəm yoxdur: “Bu, antivirus proqramçıları tərəfindən aparılmış statistika vasitəsilə müəyyən edilə bilər. Bizdə belə bir hesablama yoxdur”.
Adının çəkilməsini istəməyən İT mütəxəssisi isə hesab edir ki, problem puldadır: “Necə ki, pul çoxdur küçələrdə maşın çoxalıb, hər gün tıxac problemi yaşanır, eləcə də kompyuter istifadəçilərinin sayı çoxalıb deyə bu cür problemlər yaşanır. İndi demək olar ki, hər evdə bir neçə kompyuter var, hamısı da internetdən istifadə edir. Problem ondadır ki, tələb də təklif də çoxalıb, arada idarəetmə itib. Üstəlik, ölkədə ciddi İT mütəxəssisi qıtlığı var, bu da problemin həllində çətinlik yaradır”. Həmsöhbətimiz onu da bildirdi ki, antivirus proqramçılarının hesabatları ilə hər zaman razılaşmaq düzgün deyil: “Onlar həyəcan yaradıb öz məhsullarını satmaqda maraqlı olurlar. Yaxşı olar ki, Azərbaycanda müvafiq qurumlar özləri bu istiqamətdə statistika aparıb vəziyyəti aydınlaşdırsınlar”.