Millimizin baş məşqçisi Berti Foqtsun müqaviləsinin müddəti başa çatır. İlin sonunda AFFA İcraiyyə Komitəsinin iclasında alman çalışdırıcının gələcək taleyi ilə bağlı qərar veriləcək. Davammı, tamammı? Həqiqətən qərar vermək elə də asan deyil. Necə deyərlər, yüz ölçüb, bir biçmək lazımdır.
Əgər bu toplantı yayda keçirilsəydi, böyük ehtimalla, təcrübəli mütəxəssisə “əlvida” deyiləcəkdi. Həmin ərəfədə açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov federasiyanın yığmanın baş məşqçisi postuna alternativ namizədləri nəzərdən keçirəcəyini, ona aktiv şəkildə əvəzləyici axtardıqlarını, artıq namizədlər siyahısı olduğunu bildirmişdi. Foqts isə “hüququm var ki, başqa təkliflərə baxım” – söyləmişdi.
Belə deyək, “çemodan” əhval-ruhiyyəsi vardı. Ancaq komandamızın DÇ-2014-ün seçmə mərhələsində əldə etdiyi nəticələr və göstərdiyi oyun vəziyyəti dəyişdi. Artıq almaniyalının işini davam etdirməli olduğunu söyləyən çox sayda adam var. Ən başlıcası isə millimizin üzvlərinin onun qalmasını istəməsidir. Başda kapitan Rəşad Sadıqov olmaqla, əksər futbolçular bu yöndə açıqlamalar veriblər.
İndiki vəziyyətdə bizim edəcəyimiz ən doğru şey 2008-ci ildən millimizin “sükanı arxası”nda olan Foqtsun mənfi və müsbətlərini incələyib , diqqətinizə çatdırmaqdı. Hər halda, bu, daha geniş təsəvvürə malik olmağınıza, nəticə çıxartmağınıza kömək edər.
Beləliklə, hərəsində 5 bənd olmaqla, almaniyalının lehinə və əleyhinə olan məqamları təqdim edirik.
Lehinə
1. Əfsanəvi Aleks Ferqyussonun yaxşı bir sözü var: statistika mini yubkaya bənzəyir, çox şeyi göstərir, ancaq hər şeyi görmək olmur. Razıyıq, ancaq rəqəmlər görülən işin məcmusudur. Bir məşqçi barədə ilk təəssüratı məhz statistika yaradır.
- Məhz Foqtsun rəhbərlik etdiyi millimiz tarixində ilk dəfə seçmə mərhələdə 9 xal topladı. Avro-2012-nin seçmə oyunlarında toplanılan 7 xallıq rekord arxada qaldı. Ümumiyyətlə, seçmə mərhələlərdəki 3 ən yaxşı nəticəmizin hamısı Foqtsun dövründə əldə olunub.
- Yığmamız seçmə mərhələdə cəmi 3 dəfə uduzdu. Bu qədər az məğlubiyyət isə yeni rekorddur. Ən önəmlisi isə yığmamızın qrupda yalnız 2 komandaya – Rusiya və Portuqaliya yığmalarına boyun əyməsidir.
- 9 oyunda cəmi 11 qol buraxan komandamız DÇ-2010-da əldə olunan rekordu yenilədi. Həmin vaxt 14 qol buraxan komandamızın bu rekordu kölgədə qoymasına Rusiyanın Bakıda 5 qol vurması əngəl ola bilərdi ki, bu da gerçəkləşmədi.
- Komandamız tarixində heç vaxt 2 komandanı arxada qoymağı, 4-cü olmağı bacarmamışdı. İlk dəfə buna məhz sonuncu tsikldə nail olduq.
- Dünən açıqlanan FİFA reytinqində 88-ci olan komandamız tarixinin ən yüksək nəticəsini göstərib. İndiyədək yığmamız heç vaxt belə yüksək mövqedə qərarlaşmamışdı.
2. “Disziplin”, “disziplin” “disziplin” – əksər alman məşqçilər kimi, Foqtsun da şüarı budur. O da işi məhz bu – nizam-intizam prinsip üzərində qurub. Bax, millimizdə çatışmayan başlıca amillərdən biri bu idi. Müstəqillik dönəmindən bəri fərqli məşqçilərin çalışdırdığı yığmamızda heç vaxt normal nizam-intizam olmayıb. Foqtsun gördüyü ilk iş özünü yaxşı aparmayanların “ipini” yığması oldu. Artıq hər kəs ona tabedir. İstər məşqlərdə, istərsə də oyunlarda kimsə onun bir sözünü iki etmir, ağız büzmür. Son olaraq Vaqif Cavadov almaniyalıya qarşı getməyə çalışsa da, cəzalandırıldı, səhvini başa düşəndən sonra bağışlanıldı ki, bu da önəmli məqamdır. Foqts oyunçu ilə arasındakı anlaşılmazlığı şəxsi müstəviyə keçirib, kimsənin “qələmini qırmır”.
3. Yüksək fiziki hazırlıq və təşkilatlanmış oyun – bunu da məhz Foqtsun gəlişindən sonra gördük. Razıyıq, əvvəllər də millimizin baxımlı oyunları, uğurlu nəticələri olmuşdu. Buna misal olaraq, Serbiya, Slovakiya üzərində qələbələri, Portuqaliya ilə heç-heçələri misal göstərə bilərik. Ancaq heç vaxt futbolçularımız davamlı olaraq meydanda komanda şəklində hərəkət edə bilmirdilər. Ancaq almaniyalı köklü dəyişikliklərə nail ola bildi. Bunu tək biz yox, xarici jurnalistlər də deyirlər.
Foqstun gəlişindən sonra futbolçularımızın fiziki cəhətdən nə qədər “artırdıqları” göz önündədir. Məlum məsələdir ki, 90 dəqiqə təşkilatlanmış oyun sərgiləmək üçün vacib olan məhz budur. 60 dəqiqədən sonra dizi yerə dəyən oyunçu ilə nə etmək olar?
Sevindirici haldır ki, artıq millimiz sonadək döyüşməyi, mübarizə aparmağı bacarır, yenik duruma düşsə belə özünü itirmir. Şimali İrlandiya və Rusiya ilə matçların sonuncu dəqiqələrində vurulan qollar buna bariz sübutdur. Nəticələr ürəkaçan olmaya bilər, ancaq bizi artıq döyüşkən komandamız var. Təsadüfi deyil ki, sonuncu tsikldə yalnız bir dəfə - səfərdə Portuqaliyaya böyük hesabla uduzmuşuq.
4. Millimizin tarixinə nəzər salın – demək olar ki, həmişə futbolçuların AFFA rəhbərliyi və baş məşqçilərlə mübahisələri olub. Başda Rəşad Sadıqov olmaqla, bir çox aparıcı oyunçular bu mənasız çəkişmələr üzündən yığmadan kənarda qalıb. Ancaq artıq belə hal yaşanmır. Fikrimizcə, millinin formasını geyməyə layiq olub, kənarda qalan birisi yoxdur. Foqts hər kəsə şans verdi və hazırda yığmanın qapısı istənilən futbolçunun üzünə açıqdır. Almaniya yetirmələri ilə arasında pərdə saxlayır, heç kimlə intriqa aparmır. Təsadüfi deyil ki, yığma üzvləri onun qalmasından yanadırlar.
5. Foqst artıq 3 tsikldə DÇ-2010, Avro-2012 və DÇ-2014-ün seçmə mərhələlərində komandamızın “sükanı arxası”nda olub. Düzdür, ciddi uğura imza atmamışıq. Ancaq inkişaf tempi göz önündədir. Almaniya bu illər ərzində əlindəki heyətin səviyyəsini nəzərə alsaq, ən yaxşısını edib. Nəticə tələb edən azarkeşlərin, futbol ictimaiyyətinin təzyiqini önünə alaraq, gələcəyin komandasını qurmaq elə da asan deyil.
Foqts artıq komandanı tanıyır, futbolçularımızın potensialına yaxşı bələdir. Ondan nəticə tələb etməyin vaxtı yetişdiyi halda, yola salınması məntiqə uyğun deyil.
Əleyhinə
1. Klubda işləyən həmkarlarına və jurnalistlərə hörmət etməyi öyrənməməyi – Foqstun ən böyük qüsurudur. 6 ildir ölkəmizdə işləməsinə rəğmən, bizimlə dil tapmaqda hələ də çətinlik çəkir. Daha doğrusu, klub məşqçilərinə, jurnalistlərə yuxarıdan aşağı baxır. Futbolçu və məşqçi qismində Avropa çempionu olmuş birisi kimi, bizim fikirlərimizi dinləməyi, qəbul etməyi özünə sığışdırmır.
Adam oturdu-durdu hər zaman klubda çalışan həmkarlarının zəif məşq keçməsində şikayətləndi. Mətbuat konfranslarında özünə sərf edən sualları cavablandırdı, qıcıqlandırıcı bir söz olanda qarşısındakını məzəmmət etdi.
AFFA Foqtsun qabağına yeni müqavilə qoyacaqsa, bu amili hökmən nəzərə almalıdır. Qarşısındakına hörmətlə yanaşmaq hər kəsin boynunun borcdur. Necə deyərlər, sayanın qulu, saymayanın ağasıyıq.
2. Milliləşdirmənin ifrat dərəcəyə çatdırılması kimsənin ürəyincə deyil. Foqts qarşısına gələcəyin komandasını qurmaq tapşırığı qoyulub. Belə olan halda Ufuk Budak, Cihan Özkara, Bədavi Hüseynov kimilərin yığmada nə işi var? Azərbaycan yığmasında azərbaycanlılar oynamalıdır. Razıyıq, zamanında Branimir Subaşiç, Aleksand Çertoqanov, Valdimir Levin kimilərinə ehtiyacımız vardı. Ancaq artıq onların da yerlərini dolduracaq yerli futbolçular var. Foqts milliləşdirmə siyasətinə son qoymaq şərti ilə yığmada qala bilər.
3. Məşqçi işi elədir ki, daim oxuyub-öyrənməli, oyun fəlsəfəni təkmilləşdirməlisən. Ancaq təəssüf ki, öz prinsiplərinə “əl gəzdirmir”. 15 il necə idisə, indi də eyni oyun anlayışına sahibdir. Bəli, artıq müdafiədə etibarlı oynayırıq, az qol buraxırıq. Ancaq ifrata varmaq da düz deyil. Əgər sən Lüksemburq və ya Lixtenşteynə qarşı da müdafiəyə yönümlü iki dayaq yarımmüdafiəçisi ilə oynayacaqsansa, təbii ki, qalib gəlməkdə çətinlik çəkəcəksən.
Düzdür, artıq 67 yaşlı bir məşqçinin bundan sonra oyun anlayışını dəyişəcəyi çətin məsələdir. Ancaq yenə də bizdən deməsi. Nəticə qazanmaq bəzən cəsarət, risk də tələb edir. Hələ ki, Foqtsda bunu müşahidə etməmişik.
4. Foqtsun şəxsi əlaqələrindən istifadə edib, bəzi potensiallı futbolçularımızın Almaniya klublarına transfer olunacağına ümid edirdik. Daha doğrusu, bunun baş verəcəyinə əmin idik. Ancaq təəssüf ki, arzumuz ürəyimizdə qaldı. İndi özündən soruşsan, deyəcək ki, elə səviyyədə futbolçu yoxdur. Ancaq fikrimizcə, millimizin bəzi üzvləri ən azı Bundesliqa II də oynaya bilərlər. Hər halda, Foqtsun ən azı bir oyunçumuza yardım etsəydi, deyərdik kişi buna görə ağız açdı, amma bizimki üzümüzü qara etdi, bacarmadı.
Bu gün yığmamızın formasını geyinən Rauf Əliyev, Əfran İsmayılov, Kamran Ağayev, Rahid Əmirquliyev kimi futbolçular xaricdə oynayacaq bacarığa malikdirlər. Yetər ki, onları doğru yerə, doğru insanların əlinin altına göndərəsiniz. Müasir futbolda transfer məsələlərində nüfuzlu birinin məsləhəti önəmli rol oynayır.
5. Almaniyalı çalışdırıcının vaxtının böyük hissəsini ölkəmizdə keçirməsi vacib şərtdir. Azərbaycan Rusiya deyil ki, bezdirici uçuşlardan təngə gələ. Üstəlik, Topaz Premyer Liqası paytaxt birinciliyinə bənzəyir. Elə Bakını tərk etmədən də hər tur minimum 1-2 oyun izləmək mümkündür. Foqts qalacaqsa, ölkə çempionatının heç bir turunu qaçırmamalıdır. Təqaüdə çıxanda, gedib doyunca pivə içər!
ŞAMO