Oğlunun 2012-ci ilin iyul ayında hərbi xidmətə yollandığını deyən dərdli ana bildirdi ki, Tərtərdəki “N” saylı hərbi hissədə xidmət edən Elşən evə tez-tez zəng edərək, “dembil”lərin zülmündən gileylənirmiş: “Andiçmə mərasimində yanına gedəndə dedi ki, telefonumu “dembil”lər alıblar. Andiçmə günü saat 5-ə qədər Elşənin yanında olduq. Gələnə yaxın Elşən dedi ki, ana, gözləyin telefonu alım verim sizə, aparın evə. Həmin vaxt da telefonu ondan İsmayılov Yusif Yaqub oğlu adlı bir əsgər almışdı. Elşən telefonu alıb gətirəndə dedi ki, “Yusif bunun mənə baha başa gələcəyini bildirdi”. Biz saat 5-dən sonra evə qayıtdıq. Oğluma nə ediblərsə, saat 5-dən sonra olub. Evə gələndən sonra bizə zəng gəldi ki, Elşəni tibb məntəqəsinə aparıblar. Ondan sonra vəziyyəti ağır olduğuna görə, Bakıya gətirdilər”.
S.Novruzovanın sözlərinə görə, hospitalda gedəndə övladının boynunun qızararaq şişdiyini görüb: “Hərbi hissədən bizə məlumat verdilər ki, biz ordan ayrılan gün komandir və bir neçə əsgər Elşəni döyərək boynundan təpiklə möhkəm vurublar, nə oldusa, ondan sonra oldu. Bu sözləri deyən əsgərlərin heç biri hazırda həmin hərbi hissədə yoxdur. Biz ikinci dəfə ora gedəndə həmin əsgərləri tapa bilmədik. Elşən hospitalda olanda bütün bədəni tamamilə hərəkətsiz idi. Mən çölə çıxıb səs-küy salanda ki, balamı öldürüblər, həkimlər məni sakitləşdirmək üçün Elşənin yaşadığını söylədilər. Təxminən 8 gün bizi aldatdılar ki, Elşən yaşayır. 8 gündən sonra bildik ki, Elşən ölüb. Halbuki, balamı ayın 19-u öldürmüşdülər. Həkimlə Elşənin yanına girəndə, tələb etdim ki, onun gözlərini aç, gözünün içinə baxmaq istəyirəm. Həkim əlini başına vuran kimi, baş boyunda qalmadı və çiyinlərinə düşdü. Sonra dərhal başını düzəltdi ki, mən görməyim. Biz orada nə qədər boyun hissəsinin rentgenini tələb etsək də, heç kəs Elşənin boynunu rentgen etmədi”.
Əsgər anası əlavə etdi ki, övladını hərbi hissəsinin yaxşı yerinə saldırmaq üçün Yevlax Rayon Hərbi Polis İdarəsinin əməkdaşı Mirhəmid Nağıyevə 1800 manat pul veriblər: “Hadisədən sonra Mirhəmid bizə dedi ki, “bu günə qədər yüz dənə əsgər öldürərək üstünü ört-basdır ediblər, sizin də övladınız onlardan biri olacaq, bunların arxası çox möhkəmdir, heç nə edə bilməyəcəksiz”. Mirhəmid indi bizə deyir ki, şikayətinizi geri götürün. Bizə 30-50 min manat arasında pul təklif edir. Dediyin etsək, Elşəni öldürənin adını bizə deyəcəyini bildirir. Mirhəmid həmçinin ekspertizanın verdiyi rəyə təsir göstərməyə çalışır ki, guya Elşən boynunun şax damarında baş verən qan laxtalanmasından dünyasını dəyişib. Respublika Hərbi Prokurorluğundan şöbə rəisi Mahir Əliyev bizə dedi ki, işi araşdıracaqlar. Halbuki, onun sənədlərə imza atmaqdan başqa işi yoxdur”.
Tədbirdə iştirak edən “Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzi”nin direktoru Ələkbər Məmmədov bildirdi ki, bu günə qədər kifayət qədər əsgər ölümlərinin olmasına baxmayaraq, ordu rəhbərliyindən heç kəs cəzalandırılmayıb: “Nə qədər ki, ordu rəhbərliyi cəzalandırılmayıb, bu tip hadisələr davam edəcək. Elşən Novruzov evin tək oğlu və 50 günün əsgəri idi. Kikboksinq idmanı üzrə kifayət qədər nailiyyətləri olub. Sağlamlığında heç bir problemi olmayan əsgərin valideynləri 50 gündən sonra övladlarının müəmmalı ölüm xəbərini eşidiblər. Ancaq hadisə ilə bağlı obyektiv araşdırma aparılmır”.
Əsgər atası Nəriman Novruzov isə övladının meyitinə qarşı edilən hörmətsizlikdən danışdı: “Elşənin cənazəsini evə gətirəndə, bütün polisləri tökdülər ki, hər hansı bir çəkiliş aparılmasın. Hətta imkan vermədilər ki, meyiti açıb baxaq. Meyiti iki dənə köhnə mələfəyə büküb gətirib tulladılar həyətimizə. Mən məgər hərbi xidmətə belə bala vermişdim? Bu günə qədər deyirdilər səbr edin, biz də səbr etdik. Amma heç kəs cəzalandırılmadı. Balamı öldürən şəxslərin kimliyi açıqlanmır”.
Sonda valideynlər baş vermiş olayın obyektiv araşdırılmasını və Elşən Novruzovun ölümündə təqsiri olan şəxslərin cəzalandırılmasını tələb etdilər.