"Sensasion kadrlardır, Rusiyada ilk dəfədir ki, belə keyfiyyətli kadrlar görürəm", - Beynəlxalq Hominologiya Mərkəzinin tanınmış kriptozooloqu İqor Burtsev deyib.
"Komsomolskaya Pravda" yazır ki, operator Podqornovsk orta məktəbinin 5-ci sinif şagirdi, 12 yaşlı Yevgeni Anisimov olub. O, Kemerovo vilayətinin Russko-Urski qəsəbəsində yaşayır. Bu, Leninsk-Kuznetsk rayonundan 30 km aralıdadır. Yevgeni qar adamını mobil telefonu ilə çəkib. Onun yanında 12 yaşlı Kiril Soldatov və 11 yaşlı Aleksandr Pereverin olublar. Hadisə bu il yanvarın sonlarında baş verib.
Uşaqların diqqətini qarın üzərində iri, təxminən 40 sm uzunluqda izlər cəlb edib.
Jenya, Kiril və Saşa bu izləri təqib ediblər. Onlar fikirləşiblər ki, ola bilsin, bu ləpirlər «qar adamı»na məxsusdur. Ağacların sıx bitdiyi əraziyə yaxınlaşanda isə iki ayaq üstə dayanan tünd rəngli iri məxluq görüblər.
"Xarakter pozadır: uzun, yana salınmış əllər, azacıq bükülmüş bel", - İqor Burtsev görüntünü şərh edib.
Məxluq uşaqları görəndə bir az duruxub, sonra isə qaçmağa başlayıb. Elə uşaqlar da qaçıblar. Operator Jenya isə məxluqun onu yeyəcəyindən qorxaraq bağırmağa başlayıb.
"Maraqlıdır ki, izlər uzun olmaqla yanaşı, həm də enlidir, - Burtsev deyir. - Yəqin, qar adamı buradan iki dəfə keçib, bir dəfə qəsəbəyə tərəf, sonra isə əksinə və qayıdanda ləpirlərinin üstünə basıb".
Kriptozooloq əminliklə deyib ki, videogörüntülər saxta deyil.
Yaxın vaxtlarda ekspertlər kadrları incələyərək məxluqun boyunu və cinsini təyin etməyə çalışacaqlar.