Ötən gün DÇ-2014-ün təsnifat mərhələsində Türkiyənin səfərdə Rumıniyanı məğlub etdiyi (2:0) matçdan sonra maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” paltardəyişmə otağında qələbəni bayram edərkən, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Fatih Terimə zəng vuraraq, komandanın bütün üzvlərini təbrik edib.
Həmin anda kapitan Arda Turan baş məşqçidən telefonu alaraq, Ərdoğanla zarafat edib. “Atletiko”nun ulduzu "Başbakanım, üzrlü sayın, sizi 16 saat uçuracağıq" deyincə, otağı alqış sədaları bürüyüb.
Qeyd edək ki, 2014-cü ildə Braziliyada təşkil olunacaq mundialda iştirak etmək əzmində olan Türkiyə millisinin taleyi öz əlində deyil. Səfərdə Estoniya, evdə isə Hollandiya yığmaları ilə oyunu qalan “ay-ulduzlular” bu matçlardan sərfəli nəticə ilə ayrılmaqla bərabər, Macarıstanın büdrəməsi üçün duaçı olmalıdır.