Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakı şəhərində tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Yaşar Nuri Azərbaycanın ən məşhur incəsənət ustalarından biridir. Aktyorun yaratdığı rollar hər bir azərbaycanlının qəlbində iz qoyub. Daha çox komediya janrlı filmlərdə rol alan sənətkar dramatik və psixoloji filmlərdə də öz ustalığını hər zaman nümayiş etdirib.
Səhnəyə ilk dəfə 11 yaşında Musiqili Komediya Teatrında çıxır. “Toy kimindir?” tamaşasında Tapdıq rolunu ifa edir. Bununla yanaşı televiziyada yayımlanan bir çox uşaq verilişlərində fəal iştirak edir. Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunduqdan sonra Yaşar Nurinin səhnə fəaliyyəti daha da genişlənir. İlk tamaşası isə 1988-ci il sentyabr ayının 24-də göstərilən "Qanlı Nigar" olur. Bu tamaşada sözün əsl mənasında iki qütb var: birisi Abdi, digəri Nigar. Məhz bu iki personajin ətrafında gedən mürəkkəb, çalpaşıq, təzadlı, yumorlu hadisələr-ümumbəşər məna kəsb edir, düşündürür, güldürür, həyəcanlandırır, ağladır.
Aktyor 50-dən çox bədii filmdə, 100-dən çox tamaşada rol alıb. Onun ifa etdiyi bir çox rollar insanlar tərəfindən xüsusilə sevilib, yaddaşalara əbədi həkk olunub. Bunlara “Ad günü”, “Yaşıl eynəkli adam”, “Yaramaz”, “Ac həriflər”, “Fransız”, “Yarımştat” film və tamaşalarını misal göstərmək olar. Amma 1980-ci ildə çəkilmiş “Yol əhvlatı” filmindəki Makintoş və 1986-cı ildə çəkilmiş “Bəyin oğurlanması” filmindəki İsrafil rolu aktyorun ustalığını və istedadını daha qabarıq biruzə verir. Bunlarla yanaşı, Yaşar Nuri bir çox yerli filmləri səsləndirib və xarici filmləri dublyaj edib.
Yaşar Nuri fəaliyyəti dövründə bir çox mükafatlara layiq görülüb. Aktyor ilk məkafatını 1981-ci ildə alıb. O, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adına layiq görülüb. 1984-cü ildə Azərbaycan Lenin Komsomolu mükafatı, 1989-cu ildə Azərbaycan SSR Xalq Artisti fəxri adı, 1991-ci ildə Azərbaycan Respulikası Dövlət Mükafatı, 1992 və 1996-cı illərdə “Qızıl Dərviş” mükafatı və Azərbaycan Respublikasının Xalq Artisti adına layiq görülüb.
1996-cı ildə aktyorun 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar olduğu kimi" sənədli filmləri çəkilib.
Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilib. Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.
Ailəli olub, iki qız övladı var.
Allah rəhmət etsin!