Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiadasının keçiriləcəyi məkanlar müəyyənləşib. Bu haqda Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov məlumat verib.
O bildirib ki, Dünya Kuboku Bakı Biznes Mərkəzində, Olimpiada isə “Crystall Hall”da təşkil olunacaq. Artıq Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmiləri də həmin məkanları bəyəniblər. Bu yarışlardan birinin Dənizkənarı Milli Parkda tikiləcək Şahmat Evində təşkili isə baş tutmayacaq. Səbəb vaxt azlığıdır.
Məmmədovun sözlərinə görə, FİDE nümayəndə heyətinin fevralın sonunadək yenidən paytaxtımıza səfər edəcəyi gözlənilir. Səfər zamanı Dünya Kuboku və Olimpiadanın keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin (TK) üzvləri ilə görüşlər nəzərdə tutulub. 16 nəfərlik TK-nın qalan vaxt ərzində görəcəyi işlər isə komitə sədri, baş nazirin I müavini Yaqub Eyyubov tərəfindən müəyyənləşdiriləcək. Bu məqsədlə yaxın vaxtlarda iclas keçiriləcək.
TK üzvlərindən biri də elə Məmmədovdur. O bildirib ki, təşkilati işlər zamanı xarici mütəxəssislərin xidmətindən də yararlanmaları mümkündür: “Azərbaycanın müxtəlif idman növləri üzrə mötəbər yarışlar keçirməkdə böyük təcrübəsi var. Amma şahmat üzrə ən mötəbər turnirlərə ilk dəfə ev sahibliyi edəcəyik. Ona görə də bu sahədə müəyyən təcrübəsi olan əcnəbi mütəxəssislərdən yararlana bilərik”.
Qeyd edək ki, Dünya Kubokunda 128 şahmatçı, Olimpiadada isə 180-dən çox ölkə yığması iştirak edəcək.