Çöl adamının yaşam fəlsəfəsi ilə dağ adamının yaşam fəlsəfəsi eyni ola bilməz.
Çay kənarında yaşayanla dəniz kənarında olan belə, fərqlidir. Dağın ətəyində yaşayanla dərə içində yaşyan da eləcə.
Bu gün yaşadığımız dünya bu fərqləri bitirmək üzrədir. Ərazi və yaşam olaraq bu fərqlər bitsə də bu prosesin düşüncələrdə bitməsinə hələ var məncə.
Çöl adamının düşüncəsi çöllə onun mücadiləsindən yaranır. Dağ, dəniz, dərə adamı da eyni ilə. Təbii şəraitlə mücadilədən yaranan düşüncə ilkin kimliyin formalaşdığı düşüncədir. Soydan gələn kimliklərdə bu təzahür çox qabarıqdır. Soy millətini formalşdıran bu genetik kod onun düşüncə yaddaşının sümüklənmiş hissəsidir.
Bu sümükləşmə qana dönüb dövr etdikcə o kimliyin yaşamasına kömək edir. Əgər ilkin formalaşma ərazisindən çıxıb, məkanını dəyişirsə problemlər bu zaman başlar. Öz əvvəlki məkanı kimi əraziyə yerləşirsə problem yaranmaz. Yox əgər yeni bir məkanla əvəzlənirsə bu yerdəyişmə soy kimliyini dəyərlərini itirmək təhlükəsi ilə üzləşdirir.
Bu zaman o ya ərazi kimliyinə ya da din kimlyinə çevrilə bilər. Ərazinin qanunları ilə yaşamaq məcburiyyətində qalan soy kimliyi bu qanunların onun dəyərləri ilə üst üstə düşməməsi səbəbindən dinə bağlanmaq məcburiyyətində qalır. Və din camaatlaşmasının bir elementinə çevrilir.
Beləcə tarix və zaman içində formalaşan millətlər və ərazilər meydana gəlirdi. Son yüzilliklərin şəkilləndirdiyi düzəndə bu prosesin mahiyyətinə varılmadığından milli münaqişələr və dini -etnik qarşıdurmalar yarandı.
Azərbaycanlılar çöl insanlarıdırlar. Yaşam tərzləri ilə, düşüncələri və inancları ilə bütövlüklə çölə bağlıdırlar.
Dinin əsas dayağı şəhərdir. Dinsiz şəhər yoxdur. Çöl şəriəti sevməz. Öz qanunlarına uyğun olanı seçər.
Dəniz öz inancını, dağ öz inancını, çöl öz inancını yaradar. Şəhər isə bu inancların gətirdiyi fərqlilikləri bir yaradana bağlayan Dinin keşikçisidir. Şəhər üçün bütün inanclar keçicidir, yalnız Din var. Və bir şəriət var.
Azərbaycan şəhərləşə bilmir.
Azərbaycan hələ də çöl düşüncəsi ilə yaşayır.