Ancaq bizdə biraz fərqlidir də məsələ. “Qarabağ”ın oyununa “Bakı”nın, “Nefçi”nin, “Xəzər Lənkəran”ın oyunu kimi baxa bilmirik. Klubun adı gələndə yadımıza futbol yox, torpaq düşür, ürəyimiz dağa dönür. “Qarabağ” oynayanda guya futbola baxırıq... Özümüz də bilirik, elə deyil. Axşamkı qol epizodlarına səhərə kimi əlli dəfə baxmışam. Uşaqlar hücuma keçir, demək olar ki, təkqapı oynayırlar, qol vururlar məni ağlamaq tutur. Heç bu ağlamaq sevincdən deyil axı... Yetimliklə böyütdüyü balasının instituta girməyinə sevinib ağlayan ananın kədəridir. Xoşbəxtlik deyil, qubardır, nisgildir, ağrıdır, Qarabağdır... Ağırdır, çox ağır.
Bakıdakı oyundan qabaq statusda yazmışdım ki, meydandakı o uşaqlar mənə Ağdam kimi, Laçın kimi, Şuşa kimi gəlir. Onbir oyunçu, onbir işğal olunmuş rayondur elə bil, azadlıqları uğrunda döyüşə atılıblar. Bütün Azərbaycan səfərbər olur. Az qalırıq meydana girib özümüz oynayaq. Qolu Cümbinro, Roynadlo vurur, olsun. İşğalçını hamı topa tutmalıdır də. Bəs bizim hər birimizin azadlığı bəşəriyyətin azadlığı deyil?..
“Qarabağ”ın hər oyunu bu ölkədə səfərbərliyə çevrilməkdədir. Hər dəfə birləşirik, köklənirik, qalib gələndə baxıb görürük ki, Qarabağla bağlı sevinmək də mümkündür. Və biz daha çox sevinmək, xoşbəxt olmaq istəyirik. Ruhumuz bizə diktə eləyir ki, Qarabağ uğrunda savaşmaq, birləşmək, hücuma keçmək, qələbə çalmaq mümkündür.
Axşam “Araz” kafesində oyuna dostlarım Rey Kərimoğlu, Ceyhun Musaoğlu ilə birlikdə baxırdıq. Rey deyirdi ki, Vahid Qazi də İsveçdə meydandadır. Tez-tez ayağa durub bizi inandırırdı ki, bax-bax meydanda “Qarabağ-Qarabağ” qışqıran Vahid Qazidir, onun səsidir... Bilmirəm, Rey televizorda “Araz”dakı o səs-küyün, meydandakı uğultunun içindən Vahid Qazinin səsini, “Qarabağ” qışqırmasını necə eşidirdi. Bəlkə də, bu səs reyin qulağına Qarabağda aldığı “Kontuziya”dan gəlirdi. Ama Qazinin səsini mən də eşidirdim axı... Olsun, yəqin qulağımızdakı “Qarabağ” ruhumuzun “kontuziya”sından qopan səs olub.
And olsun bizə bu ruhu, bu taleyi verən Tanrıya ki, mənə elə gəlir “Qarabağ” bizim üçün həm də Qarabağın kodudur. Meydandakı taktikalar, manevrlər, azarkeşlərin dəstəyi, Qurban Qurbanovun yaşantıları, hər şey bircə kəlməyə, tək məqsədə hesablanıb, Qarabağa...
Tanrıdan söz düşmüşkən. Axşam “Qarabağ”ın oyununa bütün azərbaycanlılar, isveçlilər, hətta məni qınamayan olsa deyərdim ki, ermənilər də baxırdı. Mənə bəxş etdiyi bütün ruhumla hiss edirdim ki, “Qarabağ”ın oyununda Tanrının da nəzərləri var idi.
Bəlkə də, O futbola yox, bizim Qarabağı nə qədər haqq etdiyimizə baxırdı...