Ailəsindən verilən məlumata görə, T.Qasımov uzun müddət xəstə olub, ancaq bu barədə yalnız muğam ifaçısının yaxınları məlumatlı olublar.
İyulun 28-də gecə isə o, ürək tutmasından dünyasını dəyişib.
Tələt Qasımov 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olub. Əvvəlcə dini musiqiyə meyl edib, daha sonra mərsiyəxan olub. Sonradan isə xanəndəlik sənəti ilə məşğul olmağa başlayıb.
O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edib. Onun ifasında “Rast”, “Şur”, “Segah-Zabul” muğam-dəstgahları, “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov həmçinin Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi də fəaliyyət göstərib.