Hər gün şəhər əhalisi bu tıxacdan əziyət çəkir. TİA.AZ bildirir ki, bu səbəbdən müxtəlif zamanlarda universitetlərin Bakıdan kənara köçürülməsi məsələsi müzakirə edilib.
Maraqlıdır, universitetlər Bakı şəhərindən kənara köçürülə bilərmi?
Cebhe.info-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, universitetlər köçürülərsə, bu sahədə problemlər yarana bilər:
“Mütəmadi olaraq deyirlər ki, Bakı şəhərindəki tıxacın səbəbi ali, orta təhsil müəssisələrinin çoxluğu ilə əlaqəlidir. Ali təhsil müəssisələrinin tələbələrinin heç də hamısı avtomobildən istifadə etmirlər.
Məsələn, Babək və Ziya Bünyadov hərəkətin sıx olduğu ərazilərdir, orada isə universitet yoxdur. Bəli, Bakıda nəzərdə tutulandan və proqnozlaşdırılandan artıq sayda insan var. Bu insanlar iş yerləri üçün Bakıya gəlib. Amma avtomobilə sahib olan insanların sayına baxsaq, universitet tələbələrinin sayı 1 faizdən də aşağıdır. Biz Bakıya daxil olmaların sayını azaltmalıyıq. Biz universitetləri Bakının kənarına köçürsək, problemi həll etmiş olmayacağıq. Bizim onsuz da oturuşmuş universitetlərimizdə mütəxəssis çatışmazlığı var. Universitetləri tutaq ki, Neftçalaya köçürsək, orada işləməyə kim gedəcək? Problemin həlli üçün ilk növbədə Bakıdakı ali təhsil müəssisələrinin plan yerlərini azaldıb, bölgədəki universitetlərin plan yerini artırmaq lazımdır. Bununla hərəkətin istiqamətini dəyişə bilərik.
Təbii ki, ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi heç bir halda problemi həll etməyəcək, əksinə, əlavə problemlər yaradacaq. Problemi həll edərkən yeni problemlər yaratmaq lazım deyil. Digər tərəfdən təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin dayanmasına icazə vermək olmaz. Aktiv hərəkət təmin olunarsa, bu da təsirli olar. Universitetlər Bakı şəhərində demək olar ki, tıxaca səbəb olmur. Universitetlərin ən çox yerləşdiyi yer “Elmlər Akademiyası” və “Gənclik” metrostansiyası yaxınlığındadır. Oradakı prospektlərdə isə tıxac görə bilməzsiniz. Tıxaclar daha çox iş yerləri ilə bağlıdır”.