Bir müddətdir Türkiyədə yüksək vəzifəli şəxslərlə bağlı müxtəlif ittihamlar səsləndirməklə qardaş ölkənin bir nömrəli müzakirə mövzusuna çevrilən Sedat Peker Azərbaycanla bağlı anons edib.
Bakupost.az xəbər verir ki, Sedat Peker az öncə Tvitter hesabından paylaşım edərək, “Azərbaycan dosyesini” açıqlayacağını elan edib.
“Önümüzdəki günlərdə Azərbaycan dosyasına davam edəcəyik. Azərbaycan orqanizasyonunun (? – red.) bu anda başında olan şəxsi anladarkən çox əylənəcəyik, çox. Bir tripoya, kameraya yeniləcəksiniz. Zəkaya sayğı duymağı öyrənəcəksiniz”.
S.Pekerin “Azərbaycan orqanizasyonunun başında olan şəxs” deyərkən kimi qəsd etdiyi dəqiq bəlli deyil və ümumiyyətlə, Azərbaycan siyasi mühitindən çox-çox kənar olan, son açıqlamalarına qədər azərbaycanlıların tanımadığı bu şəxsin Azərbaycanla bağlı nəyisə bildiyi mübahisəlidir. Bir müddət öncə S.Peker Lotu Quli haqda danışmış, onun Türkiyədən deport edildikdən sonra (4 yanvar 2020-ci ildə) yenidən Türkiyəyə gizli şəkildə qayıtmasına şərait yaradanların adını çəkmişdi. İddia etmişdi ki, Lotu Quli “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə qaytarılmışdı. Eyni zamanda Lotu Qulinin azərbaycanlı şəxsə məxsus Antalyadakı otellərdən birində yerləşməsi və orada da qətlə yetirilməsi də müzakirə predmetinə çevrilmişdi.
Qeyd edək ki, Sedat Peker bir müddətdir Türkiyənin siyasətçiləri ilə bağlı kompramatlar tirajlamaqla məşğuldur. Onun bu açıqlamaları Türkiyədə gündəm yaratsa da, hakim AKP onun ittihamlarını birmənalı rədd edir. Əsas hədəfi Türkiyənin daxili işlər naziri Süleyman Soylu idi. Buna baxmayaraq, Türliyə lideri Ərdoğan və onun komandası bunun qurulmuş bir oyun və iftira kampaniyası olduğunu bildirərək, Süleyman Soyluya hücumların AKP iqtidarını zəiflətməyi hədəflədiyini, S.Soylu istefa verəcəyi təqdirdə S.Pekerin digərini hədəfə götürəcəyini bəyan edib. Buna görə də AKP iqtidarı S.Soyluya tam dəstəyini ifadə edib.
S.Peker isə cinayətkar qruplaşmasının rəhbəri sayılır. Bu olaylardan sonra ona qarşı CM-in bir neçə maddəsi ilə cinayət işi açılaraq, axtarışa verilib.
S.Pekerin yaydığı videoların isə Birləşmiş Ərəb Əmirliklərindəki otellərdən birində çəkildiyi üzə çıxıb. Ehtimallardan biri də ABŞ-ın da daxil olduğu bir neçə ölkə xüsusi xidmət orqanının Sedat Pekerdən istifadə edərək, Türkiyə iqtidarına qarşı əməliyyat gerçəkləşdirməsidir.
Bu sıraya Azərbaycanın adının da daxil edilməsi isə ciddi oyunlardan xəbər verir...