Ən azından saatlarla boyun burduğun qapıların nərmadasından, petləsindən, qıfılından ayıbdır, Fərəc Quliyev!..
Ən azından milli dirçəlişimizin peşində olanların dirçəlməyən milliliklərindən ayıbdı, Fərəc Quliyev!
Ən azından öz soyadını milliləşdir, sonra utopik xəyallardan kümə tikməyə çalış...
Sən Fərəc Quliyev bütün vücudunla özün öz saxtakarlığını üzə çıxarır, rəhmətlik Elçibəyin adından yerli yersiz istifadə etməklə o “Qəribə Adam”ın da Ucalığını göydən yerə vurursan. Sənin Milli Dirçəlişin Elçibəyin min bir zillət hesabına formalaşdırdığı təşkilatdan ayrılandan sonra nələri ortaya qoyub, ay Adam? Bir cəbhədə birləşməyi bacarmadığınız halda oturub millətə Transavrasiya blokunun yaranma zərurəti və bunu bacaracağınızla bağlı diletantcasına mühazirə oxuyursunuz....
Fərəc Quliyev, təmsil etdiyin Suraxanı seçicilərinin hansı harayına və nə zaman çatdın?..
Heç şübhəsiz ki, sən Fərəc Quliyevin belə iddiaları heçə endirmək üçün kifayət qədər şablon metod və vasitələrə söykənən “arqumentlər”in var. Danışdırsaq, hələ məni borclu da çıxararsan. Amma haqqın naminə gəl bir nümayəndəni qoş mənə, başlayaq sənin əbədi bələdiyyə Ixdiyarin binasındakı qəbul otağından gedib çıxaq sənin bir namizəd kimi dislokasiya xəritəndə olan ən axırıncı evə qədər bir-bir soruşaq və bütün bunları canlı-canlı yayımlayaq. Görək sənin seçicin səni necə tanıyır. Görək yerli problemlərin həllində sən hansı addımları atmısan? Hansı seçicinin tapdalanan haqqının yanında olmusan? Hansı xəstənin müalicəsində dövlətimizin yaratdığı imkanlar çərçivəsində ona yardımda bulunmusan?..
Gəzək bütün binaları və soruşaq: ay Suraxanı seçiciləri, FƏRƏC adlı QULİYEV soyadlı keçmiş deputatxana işçisi hansı birinizin qapısını döyüb sizinlə həmdərd olub?
Təkcə sən Fərəc Quliyevə deyil, keçmiş deputatxananın tam əksəriyyətinə aiddir bu söz: əməllərinizlə təqdim etdiyiniz ayıbınızdan utanmayacaq dərəcədə böyük olun. Heç olmasa səsinizi çıxarmayın. Kirimişcə oturun oturduğunuz yerdə və mandat veriləcək günü gözləyin...
Görən o mandat veriləcək günün sahibi olan Məzahir Pənahov həzrətləri "Fərəc Quliyevin rüşvət təklifilə bağlı yayılan videeoçarx"a baxıb, ya yox?
Bu Adamı yerindən oynadan hansı əminlikdir ki, iddiasına görə onsuz da seçiləcəyini (seçiləcəyini aaaa - ha-ha-ha-ha-ha-ha-ha ha) bəyan edir.
Ayıbdır, FƏRƏC QULİYEV, ayıbdır!
İndi nə olsun ki, bu deputatxananın qapısı açıqdır. Sizin kimi özü öz fəaliyyətini yarıtmaz elan edib parlamentin buraxılmasına “hə” deyən keçmiş deputatxana işçilərinin bir qismi heç olmasa Yardımlı seyidləri kimi qapı-qapı düşüb seçici üçün dua-pitidən zaddan oxuyurlar. Tarixçi professorumuz MUSA QASIMLI kimi harada bir nənə gördü, tutub əllərindən öpür, harda bir xəstə uşaq gördü, QƏNİRƏ PAŞAYEVA kimi dərhal onunla selfi çəkib yayımlayır, ÇİNGİZ QƏNİZADƏ kimi qıpqırmızı seçicinin üzünə durur və sair, və sair..
Sən Fərəc Quliyev heç bunu da etmədin axı..Bir az toxdayın da.
Bəsdir də, dövlətçilikdən və millətçilikdən naxışlı donlar geyinib bu müxalifətin və bu hakimiyyətin qəlsəmələri arasında özünüzə yer tapıb məmləkətin anasını ağlatdınız!
Məgər bu məmləkətin bütün infrastrukturu elə təkcə siz deputatxana işçilərinin və siz deputatxana işçilərinin övladlarının xidmətində durmalıdırmı? Sizin övladlarınız kimi çoxlu dil bilən də, ədəbi, siyasi, publisist, iqtisadi bacarığı onlardan da artıq olan seçici övladları var ki, bu gün sizlərin yarıtmaz fəaliyyəti ucbatından məmləkətdən didərgin düşüblər. Siz keçmiş deputatxana işçiləri kifayət qədər potensialı olan övladlarınızın bax elə o “Xalqlar dostluğu”ndakı, “Bakıxanov stansiyası”ndakı, “Zabrat dairəsi”ndəki qul bazarında hambal işləməsini istərdinizmi? İstəmirsinizsə, nədən guya ki, sizi seçən vətəndaşların övladlarının qul bazarlarında hambal kimi çalışmasına neçə çağırışdır ki, göz yumursunuz? Bir deputatxana işçisi olaraq hanı Sizin bu istiqamətdə qanunverici orqana təqdim etdiyiniz təkliflər paketi və onun nəticəsi? Varmı belə paketlər? Göründüyü qədərində yox beləsi. Amma əvəzində aybaay öz əmək haqlarınızı artırıb öz sosial müdafiəniz haqqında qanunlar qəbul edib nəinki bu gününüzü, hətta bundan sonrakı xoş sabahınızı təmin etməklə məşğulsunuz.
Gözünüz doymadımı, imkan verin bu məmləkətin yetişən nəsli də azadlığın, demokratiyanın, özgürlüyün dadını duysun!
İmkan verin ki, bu məmləkətdə yalançılıq rədd olub getsin!
İmkan verin ki, bu məmləkətə diletantlıq rədd olub getsin!
İmkan verin ki, bu məmləkətdə haqq da aradabir nəfəs alsın!
Sən Fərəc Quliyev, sən Qənirə Paşayeva , sən Musa Qasımlı, sən Çingiz Qənizadə, sən Naqif Həmzəyev seçicidə seçkiyə inamsızlıq, seçkiyə qatılmamaq tendensiyasını formalaşdırmısınız - görüntü xatirinə yaratdığınız, təqdim etdiyiniz kağız üzərindəki “iş”inizlə. Amma siz cibinizdə deputat mandatı gəzdirsəniz də, xalqdan nə vaxt soruşdunsa rəsmən deputat olmayan İQBAL AĞAZADƏni, SABİR RÜSTƏMXANLInı millət vəkili sandığını bəyan etdi...
Buyurun elə hər biriniz – sən Fərəc Quliyev, sən Musa Qasımlı, sən Qənirə Paşayeva, sən Çingiz Qənizadə, sən Naqif Həmzəyev mənə deyin görüm, bu gün Suraxanı, Yardımlıda, Tovuzda, İmişlidə və Gəncədə nə qədər autizm sindromlu uşaq var? Və bunların reabilitasiyaları üçün siz deputatxana işçiləri nə etmisiniz?
HEÇ BİR İŞ GÖRMƏMİSİNİZ. ŞƏKİL ÇƏKDİRMƏK İŞ GÖRMƏK DEYİL. ANCAQ BU AUİSTLƏRİN BAŞI ÜSTÜNDƏN MİN OYUNDAN ÇIXMISINIZ.
Ayıbdır, ey keçmiş deputatxananın işçiləri, ayıbdır!
Heç adlarını sadaladığm başqalarını demirəm, sən Fərəc Quliyevə təyin edildiyin dairədən olan seçicin düz 10 ildir ki, "QONAQ GƏL BİZƏ" deyir, səsin çıxmır. Sən nə vaxtdan xəstə qeydinə qalan oldun ki, indi Mehman Hüseynov adlı “balamız”a “xəstəliyinə görə 10-15 min manat pul” da təklif edirsən? Özün də o deputatxanada hansısa korrupsiya ilə əlaqədar yaranmış komissiyanın üzvü ola-ola?
XƏSTƏ MƏN - sənin adın hallanan dairədən olan seçicin. Di gətir mənə 15 min manat ver, görüm verəcəksən!?..
Fərəc bəy, bizim atalar sözlərimizdə çox zadlar var ki, nəsə belə bir təhər səslənir. Məsələn, deyir ki, ağa, ağa; girdi bağa; bir quş tutdu, o da qurbağa. Bilirsənmi bu nə deməkdi?..
Mən bununla heç də ağaya can deyən keçmiş deputatxananın keçmiş işçilərinin (millət vəkili statusunda olub, öz vəzifəsinin öhdəsindən gələ bilməyənlərə millət vəkili deyənin dili ağzında quruyar, ol səbəbdən fərd olaraq mən də sizləri deputatxanamızın əbədi sakinləri olan aminazin təsirindən uykuyaa gedən işçilər kimi qəbul edirəm) “yorulmaz fəaliyyətləri” nəticəsində üzə çıxan soğan bostanlarına daş atıb onları mazata mindirmirəm. Eyb etməz, sizlər elə öz yerinizdə otursanız yaxşıdır – rəhmətlik Elçibəyin baş əydiyi, rəhmətlik Heydər Əliyevin öndər olaraq qəbrini ziyarət etdiyi böyük Rəsulzadə haqqında ağlına deyil, ağzına gələnləri püskürən Naqif Həmzəyevlərin yanında...
Bəli, keçmiş deputatxana işçilərinin bir deputat kimi ağalığından, nə bilim ağacanlığından bir əsər-əlamət qalmasa da, amma yenə də bu adamlar öz nağıl dünyasındadılar, hec cür bu yumşaq kreslodan əl çəkmək istəmirlər...
Məhz siz keçmiş deputatxananın sahibi-ixtiyarları Azərbaycanda qanunverici orqanımızın məzarçıları oldunuz. Bizim Milli Məclisin boyuna tutduğunuz qara sapa saxtakarcasına uzunluq ölçüsü verdiniz. Sizin kağız üstü əməyinizlə Milli Məclis üçün qəbir qazıldı. Qazdığınız qəbir də qanunverici orqanın boyuna tuş gəlmədi, çox darısqallıq etdi. Çünki, sizin götürdüyünüz ölçü düzgün olmadı. Ölçü düzgün götürülməmişdi ki, hətta özünüz də keçmiş fəaliyyətinizə yarıtmazlıq damğasını vurub parlamenti buraxdınız. Belə olan halda öz fəaliyyətinə “yarıtmaz” deyən birisinin təzədən seçici qarşısına çıxmağına nə ad qoymaq olar, bəylər və xanımlar?
Ayıbdır, FƏRƏC QULİYEV, ayıbdır!..
Keçmiş deputatxana işçiləri deyəsən hələ də bilmirlər ki, quş dimdiyindən, adam da dilindən tələyə düşür. Bax indi Fərəc bəy də öz dilindən tələyə düşüb. Suraxanıdan deputat təyin olunanda nə olar ki? Bu Hövsan soğanından az yeyin də və bunca dozanı çox etməyin də. Deyir, ay Fərəc bəy, o siz dadandığınız soğan var haa, göyərəndə deyir ki, ay həzarat, mən də bir güləm. Bax sizlərin gül açmağınız da o soğanı göyərdən zamanın və göyərdənlərin əməyidir, sizin potensialınız deyil. Elə ona görə də, guya ki, seçiləcəyinizlə bağlı bunca təşəxxüslə danışırsınız.
Ayıbdır, FƏRƏC QULİYEV, ayıbdır!