Azərbaycanda yeni futbol məktəbi açılır. Bu futbol məktəbi digərlərindən yüksək keyfiyyəti və özəlliyi ilə fərqlənəcək. Məktəbin adı “Azərbaycan-Türk Futbol Məktəbi” adlanacaq. Qurumun direktoru Yusif Uncular, direktor müavini isə həmkarımız Elnur Eltürkdür.
Bu barədə məlumat verən Yusif Uncular bildirib ki, məktəbə Türkiyədən professional futbol mütəxəssisləri dəvət olunacaq. Onun sözlərinə görə, həmin futbol mütəxəssisləri futbol dərsləri keçəcəklər: “Futbol klubları ilə də əməkdaşlıq edəcəyik. Azərbaycanın, hətta Türkiyənin bəzi şəhərlərində də məktəbin filiallarını açacağıq. Bundan başqa UEFA-nın dəstəyini də alaraq, bir çox beynəlxalq turnirlərdə iştirak edəcəyik. Hətta Bayer Münhen, Barselona, Real Madrid, Yuventus, Milan kimi bir çox nəhəng futbol klublarının aşağı yaş qrupları ilə birlikdə turnirlər və təlim məşqlərdə iştirak edəcəyik. Bütün rayonlardan da yaxşı futbolçuları və istedadlı gənclərə dəstək və təhsil verərək Azərbaycan futboluna töhfələr verəcəyik”.
Yusif Uncular əlavə edib ki, Avropanın ən böyük futbol klublarından birinin futbol məktəbi ilə “Azərbaycan-Türk Futbol Məktəbi” qardaşlaşdırılacaq: “Həmin məktəblə də əməkdaşlıq edərək məşq və turnirləri bərabər təşkil edəcəyik. Məktəbin açılışına Türkiyənin ən populyar futbolçularından, eyni zamanda Türkiyəyə gəlmiş legionerlərdən bir neçəsi qatılacaq. Bizim məktəbin tələbələrini də bir çox sürprizlər gözləyir. Belə ki, hər ay Türkiyənin ən tanınmış futbol ulduzlarından bir ikisi bizim məktəbin məşqlərində iştirak edəcək. Bizim futbol tələbələrimiz xəyalında olan türk ulduzları ilə birgə idman edərək xəyallarını gerçəkləşdirəcəklər. Bəlkə bir gün Georgi Hacı ilə məşqə çıxacaq futbolçularımız, bir gün Hakan Şükürü aralarında görüb, bir başqa antrenmanda Sərgən Yalçınla şəkil çəkdirib, Tanju Çolakla paslaşıb, Rüştü Rəcbərə qol vuracaqlar. Türkiyənin bir çox klub başqanı və məşqçilər və populyar futbolçuları da Azərbaycan Türk Futbol Məktəbinə dəstək olacaqlarını indidən bildirməyə başladılar. Biz futbol məktəbimizlə fərqimizi ortaya qoyacağıq. Onu da bildirək ki, biz, bu futbol məktəbini açmaqla iki qardaş ölkə olan Azərbaycanla Türkiyənin idmanda da birlikdə olduğunu göstərmək istəyirik. Ona görə də məktəbin adı belədir. Məqsədimiz Azərbaycan futbolunun inkişafına dəstək olmaqdır. Arzu edirik ki, qısa müddətdən sonra prezidentimizin liderliyi və uzaqgörən siyasəti ilə erməni işğalından azad edəcəyimiz Qarabağda, Şuşada da Azərbaycan-Türk Futbol Məktəbi qurub ölkə bayraqlarını burada da dalğalandıraq”.
Qeyd edək ki, Futbol meydançası, Bakı şəhəri, Nərimanov rayonunu, Qafur Murad küçəsi (DİN Hospitalının arxası), 207 sayli orta məktəbin yanında yerləşir. Əlaqə nömrələri 050 556 5608, 0507217668