Bunu Moderator.az-a açıqlamasında hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bu gün sürücülər üçün real təhlükə saçan, korroziyaya uğramış, işıq cihazları nasaz vəziyyətdə olan, metal yığan avtomobillərin yollarda hərəkəti haqda danışarkən deyib. Ekspert bu cür avtomobillərin istismar edilməsinin yolverilməz olduğunu bildirib:
“Dünyanın hər yerində yol hərəkəti təhlükəsizliyinin konkret vacib elementləri var. Onlardan biri də yolda hərəkət edən nəqliyyat vasitələrinin texniki vəziyyətidir. Məsələn, əsas üç komponent var, insan, texnika və yol infrastrukturu. Yolda hərəkətdə olan texnika saz vəziyyətdə olmalıdır. Müasir dövrdə Avropa İqtisadi Komissiyası deyilən bir qurum var və orda avtomobillər üçün standartlar hazırlanır. Burda da əsas təhlükəsizlikdən söhbət gedir. Buna cavab verməyən nəqliyyat vasitələri istismar olunmamalıdır. Bu, bizim də qanunda var. Yol Hərəkəti qanunun 14-cü maddəsində var ki, yollarda hərəkətə texniki cəhətdən saz vəziyyətdə olan, istismara yararlı avtomobillər buraxılmalıdır.
Nazas avtomobillərin yollarda hərəkətinin qarşısı alınmalıdır, çünki bunlar digər sürücülər üçün real təhlükədir. Bunun qarşısının alınmasıyla bağlı problemimiz var və bunun aradan qaldırılması üçün 2018-ci ilin dekabr ayında yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı qəbul olundu. Orda göstərilib ki, belə istismara yararsız avtomobillərlə bağlı ayrıca bir proqram hazırlanmalıdır və bildiyimə görə bunun layihəsi də var. Bu hazırlanandan sonra istismara yarasız avtomobillərin çıxdaş olunması həyata keçirilməlidir. Hələlik ki, belə adamların özlərinə izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz”.