BakuPost Xətai rayon 35 saylı üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Rauf Arifoğlunun seçki qərargahının rəhbəri Çingiz Özgürün Musavat.com-a müsahibəsini təqdim edir:
-Qərargah rəhbəri olaraq ilk gündən biz İşçi Qrupla yığıldıq. Onu da deməliyəm ki, mən rəsmən təsdiq olunana qədər İşçi Qrup hazır idi. Biz hansı istiqamətdə gedəcəyimizi, hansı mərhələlərdən keçəcəyimizi İşçi Qrupla birlikdə müzakirə elədik. İşçi Qrupumuz 15 nəfərdən ibarətdir. Seçki qərargahımız artıq var və yanvarın 2-dən etibarən rəsmən bütün toplantılarımız, görüşlərimiz burda həyata keçiriləcək. Bu vaxta qədər qərargah olaraq "Yeni Müsavat" Media Qrupunun ofisindən istifadə edirdik. Yeni qərargahımız Gəncə prospektində, Xəzər Univermağı ilə üzbəüz yerləşir. Digər iki qərargahımız isə Naximovda və Mehmandarovda yerləşir. Arzu edən dostlar 2 yanvardan etibarən ziyarətimizə gələ bilərlər.
-İmzatoplama mərhələsi nə yerdədir?
-İmzatoplamanı dekabrın 30-da, axşam saatlarında bitirdik. Biz bu prosesi bir qədər özümüzə əziyyət verərək həyata keçirdik. Bu ərazidə yaşayan, çox yaxın, zatən bizim olan adamlarımızdan istifadə etməyərək imza yığdıq. Məsələn, Elşad Paşasoy əziz iş yoldaşımızın evinə, o inciməsin deyə, sonda, bu gün getdik. Son imzalar üçün yer saxladıq. Bəzi dostların çağırışına isə cavab verə bilmədik. Məqsədimiz bütün ərazilərdə, bütün ünvanlarda olmaq və təsadüfi qapıları döymək idi. Bilmək istəyirdik ki, harda kimlər yaşayır, bizi harda, necə qəbul edirlər, insanlar yerlərdə nə istəyirlər. İmzatoplama bizim bu ərazi ilə ilkin tanışlığımız idi.
-Seçicilərin ilkin reaksiyaları, ümumi əhvalı necə idi?
-Ümumi seçici əhvalı yaxşı deyil. Doğrudur, seçkiyə inam qalıb. Amma seçkidə iştirak edən adamlar kimin deputat olacağını birbaşa özlərinin həll edəcəyindən əmin deyillər. Düşünürlər ki, biz getməsək də olar, getsək də. Halbuki bizim əsas məqsədimiz insanları seçkiyə çağırmaqdır. Bizim ilk arzumuz budur ki, hər kəs seçkiyə gəlsin. İkincisi isə qeydiyyatı olmayanlar, qeydiyyatda ola-ola evinə bildiriş getməyənlər, siyahıda adı olduğu halda məntəqədə adını tapmayanlarla bağlı problemlər həll olunsun. Biz bunu hardan bilirik? Bələdiyyə seçkiləri yeni keçirildi, insanlar bununla bağlı müşahidələrini deyirlər. İnsanlar deyirlər ki, internetdə adımı axtaranda tapılırdı, amma məntəqəyə getdim, tapa bilmədim. Məsələn, bizə indi deyirlər ki, bizə bildiriş gəlməyib. Deyirik ki, gəlməyibsə, gedib adınızı özünüz axtarmalıydınız. Onda da cavab belə olur ki, onlar bizi saymayıblarsa, biz onları niyə sayaq? İnsanlar bu cür yanaşırlar məsələyə.
-Siz bu problemi necə çözməyi düşünürsüz?
-Bir sıra məsələlərdə, xüsusən də seçici siyahılarında adın olması məsələsində maarifləndirmə işinə ehtiyac var. İnsanlar öz adlarını internetdən, seçici siyahısında yoxlamağı öyrənməlidilər. İkincisi, insanları dəvət edib, bilavasitə ünsiyyətlə, media və sosial şəbəkələr üzərindən. Daha sonra isə təbliğat kampaniyalarında onları maarifləndirməliyik. Hətta onların əvəzindən seçici siyahılarında adlarını yoxlamalıyıq. Kimlərə ki, çağırış gəlməyib, onların adlarını siyahılarda axtarmalıyıq. Nə qədər gücümüz çatarsa. Bu məsələ ilə bağlı yaxın günlərdə Azərbaycan üzrə deputatlığa namizədliyini vermiş 15 nəfərlə yığışıb müzakirələr aparmağı planlaşdırmışıq. Qeydiyyatda olmayanlarla, qeydiyyatda olub da, adı seçici siyahılarında olmayanlarla nə edəcəyik - bütün bunları müzakirə edib, yol tapacağıq. Fərdi olaraq isə maarifləndirmə və məntəqələrə müraciəti planlaşdırırıq. Ümimilikdə isə, son çarə budur ki, seçici hər hansı bir ərazidə qeydiyyatdadırsa, şəxsiyyət vəsiqəsini apararaq, ona yaxın məntəqədə səs verə bilər.
-Rauf Arifoğlu imzatoplamanın bir mərhələsində şəxsən özü iştirak etdi, insanları dinlədi, onların problemləri ilə tanış oldu. Bu proses zamanı sizin diqqətinizi çəkən nə oldu? İnsanlar deputatlığa namizədliyə namizədə niyə yol çəkən, asfalt düzəldən, lift təmir edən... bir sözlə, məişət problemlərinin xilaskarı, çözücüsü kimi baxır?
-Namizədliyə namizədin imza yığmada özünün iştirak etməsi daha öncə də olub, bu seçki dönəmində də. Bu, ilk dəfə bizim nümunəmizdə baş verməyib. Amma bəzi namizədlər bunu adamsızlıqdan, komandasının olmamasından edirsə, biz bunu sırf insanların arasında olub, onların problemlərinə daha dərindən bələd olmaq üçün etdik. Bizim işimizdə incə bir cizgi var. Biz cizginin bir tərəfinə keçən kimi insanlar bizi jurnalist, böyük bir media orqanının başçısı kimi, o biri tərəfə qayıdanda isə namizədliyə namizəd kimi görürlər. Rauf Arifoğlunun əraziyə getməsi bir anda canlanma yaratdı. Bundan öncə də "Yeni Müsavat"çılar dəfələrlə o ərazilərə reportajlara getmişdilər, o sifətlər tanış idi. O reportajlardan sonra icra hakimiyyəti tərəfindən bəzi işlər görülmüşdü. Öncə həmin insanlar, o jurnalistləri tanıyanlar oraya axışdı. Biri stul, digəri stol gətirdi ki, gəlin oturun, biz özümüz şəxsiyyət vəsiqələrimizi gətirəcəyik. Amma bunun sonunda bizim dəfələrlə imza üçün gəldiyimizi deməyimizə baxmayaraq, şikayətlər axışmağa başladı. Şikayətləri artıq media orqanı olaraq qəbul etməyə başladıq. Biz kimik? Sizin şikayətlərinizi əlaqədar instansiyalara çatdıran media orqanıyıq. Təbii ki, ora getmişiksə, problemi görürüksə, jurnalist damarımız qabarır. Yeni reportajlar edir, çəkir, yazırdıq. Çünki ərazidə vəziyyət çox ciddidir. Bizim dairə Bakının və Azərbaycanın ucqar sayılan, problemlər içində qaynayan bölgəsidir. Ən ciddi problemlər burdadır. Qəzalı bina, qrunt suları ilə dolu zirzəmilər, sənədsiz tikililər, kanalizasiya, nəqliyyat problemləri... Biz bunları zatən bilirdik. Elə mənim timsalımda 5-10 il öncə də bu ərazidə çalışmışdıq. Amma bu dəfə də çalışmışıq. Bəs niyə deputatlığa namizədliyə namizəddən bunu istəyir? Adamlar gördüyü, onu dinləmək istəyən hər kəsdən bu problemlərin həllini istəyir. Seçici kimdir ki? Seçici sizsiz, mənəm. Adamlar tanış üzü, onun problemini həll edə biləcək gücə sahib insanı görməyə maraqlıdır. Sən xalqdan nəsə istəyirsənsə, bunun bədəli olmalıdır. Onlar orda icra hakimiyyətinin nümayəndəsini də, MİS işçisini görsə də ona eyni problemləri sadalayacaq. Ancaq rauf Arifoğlunun bir jurnalist kimliyi də var. Şikayətlərin və insanların ona doğru yönəlməsinin əsas səbəbi də bizim namizədin hələ də hörməti qalan sözü, mətbuatı təmsil etməsidir.
-Sosial şəbəkədəki müzakirələrdən, paylaşım və statuslardan görünən odur ki, Rauf Arifoğlunun namizəd olduğu dairəyə böyük diqqət var. Hətta mübaliğə ilə desək, sanki seçki Xətai 35-ci dairədə keçirilir. Bu, kənardan belə görünür, yoxsa belə mənzərənin obyektiv səbəbləri var?
-Bu dairə tarixən başıbəlalı olub. 2000-ci il seçkilərindən bu günə kimi. 2000-ci ildə burda seçkilərin nəticəsi ləğv olunub. Sonra İqbal Ağazadə də məhz təkrar parlament seçkilərində bu dairədən seçildi. 2003-cü il oktyabr hadisələrində İqbal Ağazadənin həbsindən sonra bölgə iki il deputatsız qaldı. 2005-ci ildə burda çox ciddi mübarizə gedib - mən də namizədlərdən birinin Aqil Səmədbəylinin nümayəndəsi olaraq bu prosesdə iştirak etmişəm. Aqil Səmədbəyli və İqbal Ağazadə arasında çox ciddi mübarizə gedib və az say fərqi ilə İqbal Ağazadə seçilib. Bu mübarizə nəticəsində bölgə seçicilərində parlament seçkiləri ilə bağlı immunitet yaranıb. Onlarda bir hazırlıq var. İndi özəl səbəblər daha çoxdur. Bütün bu danışdıqlarım ona əsas vermirdi ki, biz seçki ilə bağlı sosial şəbəkədə paylaşım edəndə hətta ölkə xaricindən olan insanlar buna rəy versinlər. İnsanlar xaricdə oturublar və ölkədə gedən seçkilərin gedişini müəyyən etməyə çalışırlar. Mən onlara çağırış etdim ki, ölkəyə gəlsinlər, seçkilərə qatılsınlar.
Məsələ nədir? Rauf Arifoğlunun seçkiyə qatılması - ilk məsələ. Rauf Arifoğlu hansı dairədən namizədliyini versəydi, biz bu diqqətin, səs-küyün şahidi olacaqdıq. İkincisi, Rauf bəyin seçkiyə 35 saylı dairədən qatılmasıdır ki, bəzi insanlar bu iki namizəd (söhbət R.Arifoğlu və digər namizəd İqbal Ağazadədən gedir-müəl.) arasındakı özəl münasibətləri bilməyərəkdən münasibət bildirirlər. Mən bu məsələyə qarışmamaq şərti ilə demək istəyirəm ki, öz dostu ilə eyni dairədən namizəd olan şəxsin qərargah rəisi olmaram. Mən bu sualı Rauf bəyə verib, dəqiqləşdirmişəm. Onun cavabı bu olub ki, son iki ildir onların dostluğu bitib. O, eyni zamanda "Xəmsə" restoranında keçirilən tədbir zamanı da bildirdi ki, mən dostumun olduğu dairədən namizədliyimi verməmişəm, orada dostum olsaydı, bu addımı atmazdım. Mən namizədliyimi verəndə o dairədə dostum olmayıb. Buna baxmayaraq, mübahisələr davam edir və bu, təbiidir. Amma mən insanları mübahisələrə yox, seçkilərə, seçicilərlə işləməyə qatılmağa səsləyirəm. Gəlsinlər, kimi bəyənirlərsə, onun yanında dayansınlar. Bizə qarşı mübarizə aparmaqdansa, öz namizədləri uğrunda mübarizə aparsınlar. Oyun, seçki, yarış qaydalarını pozmasınlar. Mübarizə aparmaq üçün çox münbit şərait var. Bizim qərargaha da gələ bilərlər. Müzakirələrini də bizimlə birgə apara bilərlər, biz buna da açığıq.