Dekabrın 31-i gecə - 2020-ci il daxil olanda Bakıda və bütün digər şəhər və bölgələrimizdə, o cümlədən qaçqın şəhərciklərində növbəti dəfə nə təhər vurhavur atəşfəşanlıq oldusa, elə bildim, işğal altındakı torpaqlar, Xankəndi, Əsgəran, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və s. torpaqlar azad edilib, Xocalı soyqırımının qisası alınıb...
Əlbəttə, həyat davam edir və hələ torpaq, Vətən, ümummilli qeyrət, namus nə olduğunu gərəyincə dərk edə bilməyən uşaq və yeniyetmələrin bayramlarda kütləvi şənlənməyi, oynamağı təbiidir və olmalıdır...
Fəqət, tarixən olan-qalan hüquqi torpağının daha 20 faizi 30 ilə yaxındır işğal altında qalan, min cür işgəncələrlə öldürülən uşaqların, zorlanan qız-gəlinlərin qisası alınmamış xalqa, dövlətə, heç nə olmamış kimi, şəxsi bir yana, rəsmi səviyyədə on minlərlə manatı havaya sovurub atəş-fəşanlıq etmək, vallah, yaraşmır, billah, yaraşmır...
P.S. Ermənilər İrəvan, Zəngəzur, Göyçə, Dərələyəzə və s. sahiblənib özlərinə dövlət qurmaları bir yana, üstəlik hazırkı müstəqil(!), dünyanın ən güclü(!) 50 ordusundan birinə malik olduğu, neftə-qaza, güclü iqtisadiyyata sahib olduğu deyilən Azərbaycan Respublikasının 20 faizinə nəzarət etməsinə, o torpaqlardakı Azərbaycan müsəlmanlarını vəhşi qətllər, işgəncələrin müşayiəti ilə qovub çıxarmaqlarına, on illərdir o yerlərdəki yeraltı, yerüstü sərvətlərimizi talamasına, o dağların, meşələrin, çəmənlərin təmiz havası, suyu ilə yaşamalarına və s. sevinir, şadlanır və buna görə Xankəndidə, Şuşada və s. atəşfəşanlıq edir, şənliklər, konsertlər keçirir. Bəs bizlər, xüsusən o torpaqların sakinləri olmuş məcburi köçkünlər nədən ötrü şadlanır, nəyə sevinir? 2020-ci ili də Qarabağsız, Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Ağdamsız... qarşıladığımıza görəmi?.. Yoxsa biz artıq kütləvi şəkildə torpaqlarımızın işğalıyla razılaşıb düşməni sevincinə şərik oluruq?.. Bu suallar fəhlədən, süpürgəçidən tutmuş nazirə, prezidentədək hər bir vətəndaşı düşündürməlidir...
Sultan Laçın