Həftənin subyektiv icmalı
Siyasi tərəflər ayrı-ayrılıqda üz-üzə gəlib ölkənin taleyüklü məsələlərinin müzakirəsini həll etməyə çalışdılar. Həmişə olduğu kimi, üz-üzə gələn tərəflərin fikir ayrılıqları suyun üzünü bulandırdı. Siyasətçinin etirazına isə müğənni, ürəkbulandıran tərzdə cavab verdi. Qız, atasını yad ölkənin qanunlarına əsasən dəfn etmək məcburiyyətində qaldı. Misirdə isə hakimiyyət kökündən dəyişməyə məcbur oldu. Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi biləcəksiniz.
Oqtay Əsədovla Sabir Rüstəmxanlının deyişməsi
Hər kəsin dincəlməyə, istirahət etməyə haqqı var. İl boyu gərgin şəraitdə çalışan Milli Məclisin üzvləri bu həftə sonuncu sessiyasına yekun vurdu. Millət vəkili Fazil Mustafa çıxışı zamanı diqqəti hakimlərə yönəldib. Hakimlərin əmək haqlarının artırılması təklifini irəli sürüb. Daha sonra Fazil Mustafa görkəmli general Əliağa Şıxlinskinin bərbad vəziyyətdə olan məzarının təmiri ilə bağlı hökumətə iş görülməsi ilə bağlı təklif də səsləndirib.
Milli Məclisdə müzakirələrin hamısı heç də sözsüz-söhbətsiz keçmədi. Necə deyərlər, yayın istisindən yorulan beyinləri oyadan tapıldı. Millət vəkili Sabir Rüstəmxanlı ilə spiker Oqtay Əsədov üz-üzə gəlib deyişdi. Ali Məhkəmə və Apellyasiya Məhkəmə hakimlərinin qrup şəklində təqdim olunmasına etiraz edən Sabir Rüstəmxanlı “biz onları tanımalıyıq” dedi. Sabir müəllimin bərk əsəbiləşdiyini görən Oqtay müəllim səsinin tonunu bir az da qaldırdı. “Bu nədir, deyişmə aparırıq burda?”. Oqtay müəllim, Sabir Rüstəmxanlı şair adamdı. Şairləri sözdə udmaq olmur. Harda şair varsa, orda mütləq deyişmə olmalıdır. Elə məclisin bəzəyi də deyişmədi. İstər Milli Məclis olsun, istərsə də el məclisi.
Rüstəm İbrahimbəyov “prezidentlik” kürsüsündə
Havaların isti keçməsinə baxmayaraq, 131 nəfərin arasında münasibətlərin hərarəti 39 dərəcəni göstərir. Milli Məclis yay istirahətinə çıxsa da, Milli Şurada heç kəsin dincəlmək fikri yoxdu. O səbəbdən ki, qarşıya qoyduqları məqsədi reallaşdırmaq iqtidarındadırlar. Gecələrini gündüzlərinə qatan, dəridən-qabıqdan çıxan 131 nəfər bu həftə Milli Şuranın növbəti sessiyasını keçirdi. Vahid namizədin kimliyi ətrafında gəzən söhbətlərə birdəfəlik olmasa da, müvəqqəti olaraq son qoyuldu. Rüstəm İbrahimbəyov vahid namizəd seçildi. Düzdü, toy çadırı qurulsa da, qol qaldırıb yallı gedənlər olmadı. Əl qaldırıb bəyin namizədliyini dəstəkləyənlərin bəzilərinin üzündə razılıq ifadə olunmadı. Buna səbəb kimi bəyin öz nişan mərasimində iştirak etməməsidir. Yenə də gündəmi İsa Qəmbər-Rüstəm İbrahimbəyov qarşıdurması silkələdi. Tərəflər söz savaşına çıxdı. Dünən Rüstəm İbrahimbəyovun müsahibəsini oxuyanda qarşıdurmadan əsər-əlamət hiss etmədim. Hətta o müsahibəsində “İsa bəyin namizədliyini heç də maneə kimi qarşılamıram. İsa Qəmbərə heç bir iradım yoxdu. Məktub yazıb təşəkkürümü bildirirəm ki, mənə belə etimad göstərilib. Kimlərsə istəyir ki, bizim aramızı vursun”. Bəli, bəli, bəli! Bu fikirlər İbrahimbəyova məxsusdur. Ortada bir həqiqət də var. Xalqın etimadını doğrultmaq üçün daxili münaqişələri ört-basdır etmək indiki durumda çox önəmlidir.
Siyasətçi, yoxsa, kinorejissor?!
Rüstəm İbrahimbəyovun vahid namizəd seçilməsinə iqtidar tərəfdən də əks-reaksiya gəldi. Kimi dedi o heç ana dilində düz-əməlli danışa bilmir. Kimi də deyir ki, 74 yaşında prezidentlik sevdası İbrahimbəyovun başına hardan girib? Təbii ki bu suallara cavab vermək səlahiyyətim daxilində deyil. Bircə onu deyə bilərəm ki, insan yaşa dolanda həyat eşqi bir qədər də yüksəlir. Vəzifə kürsüsü uğrunda mübarizə eşqi çox vaxt övlad, qadın sevgisindən yüksəkdə dayanır. Hər halda, İbrahimbəyovu yolundan döndərmək çətin məsələdir. Bu həm də kişilikdən deyil axı!
Məhbus divarları arasından bəyə “dəstək”
Bir vaxt vardı iqtidarın ən sayılıb-seçilən nazir simalarından idi. Dövlətə qarşı qəsddə ittiham olunan keçmiş səhiyyə naziri, hal-hazırda həbsxana divarları arasında azadlığı üçün darıxan Əli İnsanov siyasi prosesləri dörd gözlə izləyir. Həbsxana divarları arasında iqtidardan müxalifətə üz tutan məhkum, Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyi haqda mesajını Milli Şuraya çatdırdı. Eh, Əli müəllim, sizi indiki durumda azadlığınızdan başqa heç nə maraqlandırmamalıdır. Elə siyasi fəaliyyətinizdəki xidmətlərinizə görə azadlıqdan məhrum edilmədiniz?! Siyasət qumar kimidir. Udmaq da olur, uduzmaq da.
“Mütrif” gündəlikləri
Son günlər sənət adamlarının bir-birini təhqir etməsinə adət etmişik. İnsanların beynini mənasız dedi-qodularla zənginləşdirmək istəyən şou nümayəndələri bir şeyi unudurlar. Həmişə əlinə mikrofon alıb oxuyanları “mütrif” adlandırıblar. Görünür, bu söz zamanında deyilən həqiqətdir. Onlar bunu inkar etsələr belə. Hər kəs öz eyibinə baxıb utanmalıdır. Maraqlıdır, bir-birinin çılpaq şəkillərini paylaşmaqla xalqa nəyi sübut etmək istəyirlər?! Və yaxud da millət vəkilinə hədə-qorxu gəlməklə nə əldə edəcəklər?! Nə isə. Keçək həftənin digər hadisəsinə.
31 gündən sonra dəfn
Müsəlman dinində böyük günahdır. Gözlərini həyata əbədi yuman insan qısa zaman kəsiyində torpağa tapşırılmalıdır. Təəssüf ki Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovu son mənzilə yola salmaq o qədər də asan olmadı. Ailədaxili münaqişələrin hədəfinə tuş gələn mərhum, düz 31 gündən sonra dəfn edildi. Amma öz məmləkətində yox. Nə ağı deyəni oldu, nə də göz yaşı axıdanı. Bircə qızından savayı.
O sıradan biri deyildi. O xalqın sənətkarı, xalqın rəssamı idi. Sənətkarın dəfni adi insanların dəfni kimi olmur. Sənətkarın bir özəlliyi də kütlənin qarşısında torpağa tapşırılmasıdır. Sənətkarın ölümü xalqına verdiyi son hesabatıdır. Nərimanbəyova bu hesabatı vermək nəsib olmadı.
Mursinin “Mübarək taleyi”
Bir vaxtlar ərəb baharı şərti adı ilə başlanan Misir olaylarında nədənsə heç də xoşməramlı anlar müşahidə olunmadı. Mübarəkin devrilməsi Misir xalqına mübarək anlar və xoşbəxtlik gətirmək əvəzinə bədbəxtlik gətirdi desək, yanılmarıq. Dünyəvi diktatorun devrilməsinin ardından “Müsəlman qardaşları”ından olan Məhəmməd Mursinin prezident kürsüsündə əyləşməsindən sonra da bütün ümidlər puç oldu. Nəhayət bir neçə gün öncə hərbi çevriliş nəticəsində Mursi də hakimiyyətdən devrildi. Hələlik məğlub görünən Misir xalqıdır. Yazıq Misir əhalisi elə bil “yağışdan çıxıb, yağmura düşdü”. Mursi dövründə vəd olunan demokratiya və sosial rifah misirlilərə baha başa gəldi. Zamanın çarxı tərsinə dövr elədi. Mursi iqtidarı zamanında ölkədə işsizlik, iqtisadi geriləmə, bahalıq müşahidə olunduğundan onun da aqibəti Mübarəkin taleyi kimi oldu. Hələ də Misirdə gərginlik davam edir. Siyasi proseslərin gedişatından isə çox şey asılıdır. Bu da hələ son deyil!