Ürək xəstəliklərinin profilaktikası gənc yaşlarından başlamalıdır. Çünki ürək bir saatın, saniyənin içində öz işini dayandıra bilər. Ürəyə yaşadığımız stresdən tutmuş yediyimiz qidalara kimi hər şey təsir edir.
Moderator.az medicina.az-a istinadən tanınmış kardioloq, uzun illər Kardiologiya İnstitutunun baş həkimi çalışmış, hazırda FAMAX medikal turizm şirkətinin rəhbəri, tibb elmlər doktoru, professor Əhməd Babayevin ürək xəstəliklərinin profilaktikası üçün lazımlı məsləhətlərini təqdim edir:
- Əhməd doktor,yüksək təzyiq, ürək xəstəliklərinin profilaktikası üçün tibdə qızıl tövsiyyələr hansılardır?
- Yüksək təzyiq, ürəyin işemik xəstəliyi, ateroskleroz, təbii ki, bunların ağırlaşmaları olan miokart infarktı, insult bir-birindən qaynaqlanan xəstəliklərdir. Hər bir insan bu xəstəliklərin risk faktorunu bilməli və vaxtında profilaktik tədbirlər görməlidir.
Faktor risklərinə bunlar aiddir:
- Arterial təzyiqin yüksək, 140-90 mm c. st. dan yuxarı olması
- Qanda xolesterinin çoxluğu – 5,0 mmol /litrdən yuxarı olması
- Qanda aclıq şəkərinin yüksək olması
- Siqaret
- Alkoqol
- Az hərəkətlilik
- Bədən çəkisinin çox olması
- Yağlı və duzlu qida, zərərli qidalanma
- Stress
Bunlardan birinci özünü göstərəni və diqqətdə saxlanmalı, arterial təzyiqin yüksək olmasıdır. Buna hipertoniya xəstəliyi deyilir.
Dünyada arterial təzyiqi yüksək olan xəstələrinin çoxu elə də effektiv müalicə almır və ya heç müalicə almır.
Müalicənin effektivsizliyinin bir səbəbi də odur ki, əhali arasında yanlış təsəvvür formalaşıb ki, dərmanları ancaq təzyiq qalxanda qəbul etmək və ya müalicəni kurs şəklində almaq lazımdır.
Hipertoniya xəstəliyi xroniki xəstəlikdir, o heç yerə getmir, onun müalicəsi hər gün olmalıdır.
Müalicə ərəfəsində hər gün təzyiq normal rəqəmlər göstərirsə, deməli müalicə düzgün aparılır.
- Ailə üzvləri nəyə fikir verməlidir?
- Evdə, qapalı şəraitdə siqaret çəkməyə icazə verilməməlidir. Bununla ətrafdakıların sağlamlığını qoruya bilərsiz.
- Bazarlıq zamanı maksimum çalışın ki, mövsümi meyvə tərəvəzləri alasız və təzə meyvə tərəvəzdən salatlar düzəldəsiz.
- Yağlı, qızardılmış, yüksək kalorili yeməkləri azaldın
- Fiziki aktivliyi artırın. Yüngül işlər, gəzmək, idman, bağda işləmək ürəyə heç bir ziyan etməz. Belə deyirlər ki, boş olan kimi gəz, gəzə bilmirsənsə, heç olmasa qalx ayaq üstə dayan.
Hər il şəxsən özünə aid göstəricilərini ölçdürüb bilməlidir: arterial təzyiq, ürək vurğusu, qanda xolesterin, qanda şəkərin miqdarı, bədən kütlə indeksi, boy. Bunları hər adam əzbər bilməlidir. Bu dəyişikliklər ürəyinizin hansı vəziyyətdə olmasını göstərir.
Ürək-damar xəstəlikləri riskini öncədən bildikdə, konkret müalicə və planlı yanaşma ilə ürəyi qorumaq olar.
Statistikaya görə, 70% miokard infarkt və insult tutmaları evdə, ailə üzvlərinin yanında baş verir və onlar təcili yardım çağırır. Ona görə ailədə hər bir kəs həm özünə, həm yaşlı ailə üzvünə qarşı diqqətli olub, həm ürək xəstəliklərinin profilaktikasını, həm də miokard infarkt və insultun əlamətlərini bilib, düzgün ilkin yardım göstərməyi bacarmalıdır.
- Ürək xəstəliklərindən qorunmaq üçün necə qidalanmayıq? Nələr olmaz, nələr olar?
- Qida təkcə ac qalmamaq üçün qəbul olunmur. O həm də insana fiziki, mənəvi zövq, sağlamlıq üçün lazımdır.
Kəskin ürək-damar xəstəliklərinin qarşısını almaq üçün qidada bunlara diqqət yetirmək lazımdır:
- Ürək balığı çox sevir. Həftədə 2 dəfə balıq yemək lazımdır.
- Qırmızı, yağlı ət qəbulunu azaldın
- Göy-göyərti, paxla, tərəvəz, quru meyvələr, yarmalar, yulaf, müxtəlif yarma sıyıqları qanda xolesterini azaldır
- Süd və süd məhsulları mütləq yağsız olmalıdır. Qatıq, kəsmik, kefir daha çox faydalıdır.
- Duzun miqdarını azaldın. Gündə 5 qram normadır. Bu isə həm yeməkdə olur, həm meyvə-tərəvəzin özündə.
- Ağ un məmulatları, şirniyyatlar, müxtəlif qənnadı məhsullarını minimuma endirin
- Ürək üçün əlavə yük olan tonizəedici içkilər, enerji içkilərindən uzaq durun
- Əgər qan damarlarında problem varsa, sarı pendir, yumurta sarısı, kərə yağı, yağlı xama, qaraciyər, iç-ciyərdən tamam imtina etmək məsləhətdir
- Yağlardan zeytun yağı daha uyğundur
Əgər ürək-damar xəstəliyi problemi varsa, risk qrupundasınızsa, peşəkar dietoloq nutrioloq tərəfindən sizə məxsus fərdi qidalanma rasionu və pəhriz hazırlana bilər.
Hər il bədən kütlə indeksi, çəkinin normada olmasının qeydinə daha çox qalın, artıq çəki varsa, ondan xilas olmağa çalışın.
Çünki elmi tədqiqatlar göstərib ki, hər azalan kiloqram yüksək arterial təzyiqi də azaldır.
Mümkün olduğu qədər fiziki aktiv olun, gəzin, istirahətlə işi uzlaşdırın, çox işləyib, istirahətdən özünüzü məhrum etməyin.
Hətta həyat tərzi və qidalanmaya cüzi də olsa dəyişiklik, ya ürək qan damar sisteminə zərbədir, ya da onu xilas edə bilər. Və təbii ki, xəstəliyin qarşısını almaq daha asandır, nəinki onu ağırlaşmış formada müalicə etmək.