Bu mənada “14 Fevral” çox işıqlı, gülərüz və pozitivdir. Bir söz ki, sevgiyə bağlana, başqa nə cür ola bilər?!
...Ola bilsin bu mübarək gündə sizə bəhs edəcəyim əhvalat bir az pessimist olsun. Məqsədim kimisə kədərləndirmək deyil, əksinə insanları təmiz, səmimi, təmənnasız sevginin varlığına inandırmaqdır. Axı son vaxtlar “həqiqi sevgi yoxdur” ifadəsini tez-tez eşidirik. Hətta bunu söyləyən adamlar ardınca xeyli dəlil-sübut da gətirirlər. Həyatda bir dəfə aldanan, səhv edən gənc ömrünün qalan hissəsini sevgiyə qarşı dayanmaqla keçirir.
Yanlışdır, əlbəttə!
Mənim Şahsuvar adlı yaraşıqlı bir qohumum vardı. Ali məktəbi bitirən kimi işə düzəlmək üçün analiz verərkən məlum oldu ki, ciddi qan xəstəliyi var. Hətta elə bir vəziyyətdə ki, yaşamaya bilər. Bu zaman Şahsuvarı ən çox maraqlandıran sevdiyi qız oldu. Adı Nərgizdi. Çox gözəl bir xanım əfəndi! Həm də çox imkanlı bir ailənin tək qızı. İnanmayacaqsınız, telefonda tanış olmuşdular. Əvvəl bir-birinin səsindən xoşları gəlmişdi. Sonra Şahsuvarın Bakıda yaşayan bacısının evində görüşmüşdülər. Məsələ ciddi idi deyin, Şahsuvar da, qız da hisslərini qohumlardan gizləmirdilər.
Qəflətən, namərd xəstəlik!
Şahsuvar nə etsin? İlk məqsədi tədricən qızı özündən soyutmaq, bir yolunu tapıb ondan ayrılmaq idi. Ancaq alınmadı. O, tezliklə Qanköçürmə İnstitutuna düşəndə qız hər şeyi anladı və çəkinmədən Şahsuvarın anasına zəng etdi. Qadın telefonda ağlayanda artıq ehtimallar yüzə-yüz sübuta yetmişdi.
Qız xəstəxanaya görüşə gəldi bir gün. Şahsuvar bədəninə vurulan kimyəvi dərmanların hesabına tanınmaz hala gəlmişdi. Saçları tökülmüş, arıqlamış, həyat eşqiylə parlayan gözləri öləzimişdi. Odur ki, anasına, “Bu vəziyyətdə məni görməsini istəmirəm!” – söylədi. Anası əlində bir dəstə gül, palataya tələsən Nərgizi aldatmağa məcbur oldu: “Müayinə üçün başqa korpusa götürdülər.”
Qız xeyli gözlədi, Şahsuvarı görə bilməyəcəyini anlayınca çıxıb getdi.
Şahsuvarı qohumların köməyi ilə Almaniyaya apardılar. Düz 3 il orda müalicə olundu. Nərgiz bir gün də olsun sevdiyi oğlanın Qusarda yaşayan ailəsindən əlaqəni kəsmədi. Hətta arada əmisi oğlunu da götürüb Almaniyanın Nürnberq şəhərinə - Şahsuvarın yanına getmək istədi. Bu vaxt valideynlər işə qarışdılar, qızlarının istəyi əleyhinə getmədiklərini, ancaq bu səfərin bir balaca lüzumsuz olduğunu söylədilər. Nərgizi Şahsuvarın valideynləri bu fikirdən daşındırdı.
Müalicə uzandıqca Nərgiz əmisi oğlu ilə Şahsuvargilin evinə də gəlib gedirdi. Mən bilən, bir neçə dəfə telefonla danışmış, arada facebook vasitəsi ilə yazışmışdılar. Ancaq Şahsuvar skype-a gəlmirdi. Bədəni şişimişdi deyirdilər...
Nə isə... Şahsuvarı həyatda saxlamaq mümkün olmadı. Almaniyadan onun meyitini gətirdilər. Yas mərasimində Nərgizin hansı vəziyyətə düşdüyünü yazıb sizi daha artıq kədərləndirmək istəmirəm.
Nərgiz Şahsuvarı elə taxdı ki, qafasına, həkimlər, psixoloqlar ona kömək edə bilmədi. Axırda Şahsuvarın atası, mənim qohumum, dilə gəldi, dedi, qızım Şahsuvar öldü getdi, sənin buna görə həyatını məhv eləməyin düz deyil, öz xoşunla ya bizim qohumlardan, ya öz qohumlarından, ya da münasib bildiyin oğlan dostlarından birinə ərə get, Allaha and olsun, ailəlikcə gəlib toyunda iştirak edəcəyik.
Nərgizin ürəyi getdi.
Təcili yardımın müdaxiləsiylə özünə gələndən sonra isə Şahsuvarın atasına dedi: “Bir də mənə belə bir söz söyləsən, özümü öldürəcəm!”
İndi qəribə mənzərə yaranıb. Hər iki ailə yaxın dostdur. Demək olar ki, həmişə əlaqə saxlayır, zəngləşirlər. Bu, Nərgizin hisslərinin bütün milli-mental dəyərlərin fövqünə qalxmasının bariz göstəricisidir. Amma valideynlərin də anlayışlı olduğunu danmayaq.
Nərgizin Şahsuvarın atasına son zənglərindən birinin məzmunu bundan ibarət idi: “Qardaşımın oğlu olub, icazə ver uşağa Şahsuvarın adını qoyum. İnanıram ki, ona bənzəyəcək və bu uşağı özüm böyüdəcəm...”
Atası razılığını verdi, amma telefonu söndürəndən sonra kişini gic bir ağlamaq tutdu. Elə bil oğlunun ölüm xəbərini təzəcə eşitmişdi.
Biz qardaşımla yas məclisindən dönəndə Şahsuvar və Nərgiz barədə danışdıq. Qardaşım dedi, qız səhv edir, gərək özünü ağır aparsın.
Mən isə bu fikirdə idim: yüngüllük o zaman olardı ki, Şahsuvarı ölən kimi unudaydı. İnanıram, tale o qızın qarşısına elə bir gənc çıxaracaq ki, onu başa düşəcək və həyatındakı boşluğu qismən də olsa dolduracaq.
Ayrılıqlardan qorxan adam sevə bilməz...
Ayrılıqlara meydan oxuyaraq sevmək!
Bayramınız mübarək, sevənlər!