Mir Şahin niyə ustad deyil?
Çünki özündənrazıdır, iddialıdır və rəqib tanımır.
Ustad isə mütləq təvazökar olmalıdır, iddialarından və ambisiyalarından əl çəkməlidir.
Mir Şahin təvazökar olanda, iddialarından əl çəkəndə və müdrikləşəndə bitəcək – artıq tanıdığımız Mir Şahin olmayacaq, Azərbaycan mediasının “Canlı Mir Şahin dövrü” qapanacaq.
Mir Şahin niyə ustad deyil?
Çünki çox təhlükəli rəqibdir!
Allah Mir Şahin kimi düşməni heç kəsə qismət eləməsin. Mir Şahin tənqidi təhqirin “giriş qapısının düz önündə” edir, həm də seyidliyindən doğan ən sərt üzüylə, ən son həddə.
Ümumi qaydadır: cavab üçün mütləq ittihamdan bir addım qabağa atmalısan. Mir Şahinin tənqidindən “bir addım qabaq” isə uçurumdur, söyüşdür, təhqirdir.
Ona görə Mir Şahinə “cavab qaytarmaq” mümkün deyil: ya uçuruma düşüb batırlar, ya da söyüşə, təhqirə keçirlər.
Mir Şahin haqda bu qədər saysız-hesabsız virtual təhqirlərin səbəbi də ona cavab verməyin mümkünsüzlüyündən doğur.
Ustad isə qarşı tərəfə cavab imkanı yaratmalıdır.
Mir Şahin niyə ustad deyil?
Çox amansızdır, “sözün imkanlarından maksimum istifadə edir” fikri onun peşə fəaliyyətinin xarakterizəsi üçün yaramır: o, sözü məhz istismar edir, sözün bütün enerjisini alır – o qədər ki, özündən sonra onun sözündən bəhrələnmək mümkün olmur. Kim ona cəhd edirsə, ya Mir Şahini təqlid edəsi olur – ki onu təqlid etmək mümkün deyil, ya da “ölü sözlər” doğur.
Ustad isə ondan bəhrələnmək fürsəti verməlidir.
Mir Şahin niyə ustad deyil?
30 ilə yaxındır efirdədir, ancaq hələ də tələsir. Vaxt anlayışı Mir Şahin üçün olduqca vacibdir. Düzdür, özü deyir ki, indi bir az toxtayıb, əvvəllər bir saniyədə 11-12 söz deyirdisə, indi bu 5-7 sözə qədər geriləyib.
Ancaq bu onun “daha tələsmədiyi” üçün deyil, 56 yaşının fiziki göstəricilərinə görədir. Halbuki Mir Şahin heç bir halda o yaşda görsənmir, nə qədər “geriləsə” də, ən aktiv gəncin efir istifadəsini ən azı iki dəfə qabaqlayır.
Mahiyyətində isə “vaxta qalib gəlmək” iddiası dayanır. Yəqin, özü də bilir ki, vaxta qalib gəlmək mümkün deyil, gəlib-keçmiş heç bir kəs bunu bacarmayıb, gəlib-gedəcək kimsə də buna nail olmayacaq. Çünki biz vaxta görə varıq: vaxta qalib gələndə artıq olmayacağıq.
Bunun bir “çıxış yolu”nu da Mir Şahin axtarır: “real”da öz “vaxtı”nı elan etməklə.
Burda bir “gəncliyi itirmək qorxusu” axtarmaq olarmı?
Bilmirəm. Mir Şahin “Mir Şahinin vaxtları vardı ki...”yə imkan vermir, öz vaxtlarını özü təyin edir - hərdən verilişinin vaxtını dəyişməklə.
Yəni Mir Şahinin “vaxtları” hələ keçməyib.
Ustadın isə adətən, “vaxtı” keçmiş olur...
Mir Şahin niyə ustad ola bilməz?
Çünki Mir Şahin özü faktdır!
Deyəsən, Spenseri “özəlləşdirmişdi” bir vaxtlar: faktdan başqa fakt yoxdur, jurnalist isə onun peyğəmbəridir!
Daha demir o sözləri: çünki mediada “Mir Şahin faktı”nı qəbul etdirib!
Mir Şahin ustad ola bilməz!
Çünki özünə qarşı amansızdır: reportyordur, ən qaynar nöqtələrə özü gedir, səfərlərdə iştirak edir, reportaj hazırlayır, müsahibələr götürür, efirə çıxır, redaktə edir...
Ustad bu qədər işləyərmi?
Belə... 56 yaşlı gənc, amansız, müstəqil Azərbaycan mediasında rəqiblərinin, hətta düşmənlərinin etiraf etdiyi kimi, öz yolu, xətti olan, təkrarlanması mümkün olmayan və ona görə də məktəbə çevrilməsi mübahisəli olan Mir Şahin!
Onun hər “vaxtı”ndan sonra cavab üçün təhqirə keçənlər də bilir ki, Mir Şahin aktiv media fəaliyyətindən çəkilib ustadlaşanda, yalnız tövsiyə və müsahibələri ilə ekspert qismində görünəndə Azərbaycan telejurnalistikasında böyük boşluq görünəcək.
Mir Şahinin rəqibləri də yaxşı bilir ki, yalnız Mir Şahinin hesabına “yaxşı tiraj yığırlar”.
Çünki Mir Şahin özü tirajdır.
Ustadların isə tirajı olmur – onları yalnız peşəkarlar “oxuyur”!
Miri ustad olmasa yaxşıdır: hələ media “Canlı Mir Şahin vaxtı”nın bitməsinə hazır deyil.
Amma... - ona ustad yaşına çatmağı arzulayırıq, müəllimi və ustadı Şir Məmməd kimi!
Qeyd. Ad günündə yazmaq istədik, vaxt olmadı... İndi iki daşın arasında ütüsüz təqdim etdik - “Mir Şahin vaxtı” üçün deyil, Mir Şahin faktı üçün!