Azərbaycan niyə torpaqlarını işğaldan azad edə bilmir? Cavab sadədir: Atəşkəsdən sonra 25 il ərzində torpaqlarını azad etmək üçün Azərbaycan nə vaxt hərəkət etdi ki, bilək görək, bizim buna gücümüz çatır, ya yox. Buna heç cəhd də göstərilməyib axı. Heç bu işə cavabdeh olan dövlətdən xalqın tələbi də səslənməyib. 31 il əvvəl bu vaxtlar, hələ düşmən iddiasını ortaya qoyanda, yüz minlərlə insan Qarabağ tələbi ilə günlərlə Lenin meydanında etiraz edirdi, bu gün artıq düşmən 26 ildir Qarabağın 18 rayonundan 14-nü işğal edib, heç yüz nəfər də bir yerə yığışıb: ”o, Qarabağ, Qarabağ deyirdiniz, bilmirsiniz, o necə oldu?” - deyən yoxdu. Lenin meydanı “Azadlıq” adını alandan sonra orada azad toplaşmaq qadağan olub, Qarabağ da düşmənin əlində qalıb. Belə olanda Qarabağı kimdi sinidə qaytarıb verən bizə? Şəkilinin lotereya almadan maşın udmasını arzulamağı kimi bir şeydi, bizim Qarabağı azad etmək arzularımız.
Atəşkəsdən 22 il sonra, aprel döyüşləri başlayanda millətdə bir inam yaransa da, bu cəmi üç gün çəkdi və rəsmi, qeyri-rəsmi deyilənlərə görə guya Rusiya zəng vurub deyib ki, “bu işi qurtarın” və biz də dayandırdıq. Niyə? Deməli, bu azadetmə planı olmayıb. Yəni, bu döyüşlərin Qarabağın azad edilməsi üçün başlanmadığı məlum oldu, amma arxasında hansı niyyətlərin dayandığından asılı olmayaraq aprel döyüşlərinin ilk növbədə düşmənə necə təsir etdiyinin və Azərbaycan xalqının da ayaqda olduğunun şahidi olduq.
Bu 25 il yetmədimi, bizə aydın olmadımı ki, erməni sülh yolu ilə torpaqlardan çıxmayacaq? Bu yolla daha bir 25 illər keçər, torpaq qayıtmaz və bizim gələcək nəsillər üçün Qarabağ torpaqları anlaşılmaz bir mübahisə predmeti kimi qəbul olunacaq və bu gün Bakıya gələn erməni jurnalistləri kimi, sabah da Paşinyanın nəvələri gələcək. Buna heç kim şübhə etməsin, bu vəziyyət ona doğru aparır.
Qarabağ Komitəsi Qarabağın azad edilməsi üçün “Nə etməli” sualı ilə bu gün bir tədbir keçirdi. Tədbirə gələnlərin sayı az, sanbalı çox olsa da, yenə illərdir davam edən böyük bir biganəliyin, laqeyidliyin şahidi olduq. Qarabağ belə sürətləmi uzaqlaşıb yaddaşlardan? Bəlkə, hər gün Qarabağ adı ilə bu ölkədə tədbirlər keçirilir, millət hayqırmaqdan, tələbdən, etirazlardan bezib ona görə bu qəddər passivdir. Yox. Bu gün millət vəkili Fazil Mustafa cəmiyyətin durumunu düzgün xarakterizə edib: “Cəmiyyətin böyük əksəriyyəti ciddiliyini itirmiş, vaxtı yola verməklə məşğul olan, bayağılıq mühitində düşüncəni yaxına buraxmayan bir xarakteri mənimsəyib”. Ayıbdı, vallah...
Biz bu tədbiri keçirmək istəyəndə televiziyalardan birinə müsahibə verən “məşhur” politoloqlardan biri jurnalistlərə açıqlama vermişdi ki, məsələni müzakirə edəndə “beynəlxalq konyukturanı” nəzərə almağı unutmasınlar.
Nədi beynəlxalq konyuktura? Rusiyanın Ermənistanı müdafiə etməsimi? Elə isə, ölkədəki bu Rusiya məhəbbətinin tuğyan etməsi hardandır? Rusiya açıq bildirirsə ki, Azərbaycan yox, Ermənistan bizə yaxın ölkədir və Qarabağ problemini Qarabağ erməniləri həll edəcək deyirsə və biz də bunu “beynəlxalq konyuktura” adlandırıb əl-qolumuzu tərpətməyəcəyiksə, Qarabağı yüz il də azad edə bilməyəcəyik. Dövlətin necə bir fəlakət qarşısında dayandığının fərqində olmayıb, yalnız maddiyyatı naminə xalqı qorxutmaq və aldatmaqla məşğul olan siyasət adamlarının sayı durmadan artır və onlara geniş meydan verildiyindən, vətən dərdini çəkənlərin də meydanları sürətlə daralır.
Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsi ingilis, fransız, Amerika tərəfindən faktiki işğal olunanda, Osmanlının sınıq-salxaq rəsmiləri deyirdi ki, biz ya Amerikanın, ya İngiltərənin əlinin altına keçməliyik ki, tamamilə məhv olmayaq. Atatürkün adı gələndə də deyirdilər ki, yaxşı zabitdi, amma bizim gücümüz yoxdur, o ingilisəmi qarşı çıxacaq? Atatürk məhz Qurtuluş savaşı ilə Türkiyəni xilas etməyin mümkünlüyünü sübut etdi və bu günkü Türkiyə Cümhuriyyətini yaratdı. Bu gün Türkiyənin sərhəddindən kənar həyata keçirdiyi hərbi əməliyyatlar necə? Bu, dünyanın ən güclü ölkəsi ABŞ-la qarşı-qarşıya gəlmək deyildimi? Gəldi və həm də qalib gəldi. Biz qəsdən şişirdilmiş “beynəlxalq konyuktara”ya məhəl qoymadan Qurtuluş savaşına başlamalı və Azərbaycan torpaqlarını azad etməliyik. Biz düşmənə də, Minsk Qrupuna da konkret vaxt verməliyik. 25 il sülh danışıqlarına sadiq olduğumuzu dünyaya xatırladıb, vaxt verməliyik. Və bu vaxt ərzində Qurtuluş savaşına hazırlaşmalıyıq!
Bizim müdafiə naziri deyir ki, beynəlxalq şərait imkan vermir. Bir daha deyirəm ki, min il bu şərait dəyişməyə bilər, dəyişsə də bizim üçün bundan da pis olacaq. O beynəlxalq şəraiti biz yaratmalıyıq.
Dekabrda Slovakiyanın paytaxtı Bratislavada Elmar Məmmədyarovla Zohrab Mnatsakanyan görüşəcək. Əvvəlcə deyim ki, bu il ATƏT-ə sədrlik edən Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın dönəm sədrliyi başa çatır və bu görüşü həmsədrlərlə birgə təşkil etməklə özləri üçün hesabat yazıb, ili başa vuracaqlar və “Krismus” bayramına tələsəcəklər. Məmmədyarov bu görüşü çevriliş xarakterli edə bilərmi? Mümkündür, istək olsa. Əks halda, əvvəllər olduğu kimi görüş təxminən 35-37 dəqiqə çəkəcək və qapıdan çıxandan sonra yenə də baş tutmayan substantiv-köklü danışıqlar haqqında qeyri-müəyyən cavabların şahidi olacağıq. Nə vaxta qədər?