Mia.az Saleh Məmmədovun Şahlar Əsgərova ünvanlanmış həmin yazısını olduğu kimi tədqim edir:
***
Hörmətli professor, Azərbaycan xalqının ən ağrılı-acılı problemi olan təhsilin tez-tez müzakirəyə çıxarmanıza görə sizə dərin təşəkkürümü bildirirəm. Bu fəaliyyətiniz yalnız alqışa layiqdir.
Amma repetitor məsələsində icazənizlə bəzi fikirlərinizə aydınlıq gətirmək istərdim. Siz həm də hakim partiyanın qurucularından və iqtidar təmsilçisi olduğunuza görə sizin düşüncələriniz təhsilə ciddi təsir göstərə bilir.
Beləliklə:
1. Rusiyanın maarif və elm nazirinin fikirlərini istinad kimi götürməniz bəri başdan nəticənin səmərəli olacağına şübhə doğurur. Çünki, Rusiyanın maarif və elm naziri O.Y.Vasileva daha çox bir din xadimidi və adətən dünyəvi təhsili inkar edən bir insandı. Rusiya təhsili isə bu gün dünyanın ən çox korrupsiyaya uğramış sahəsidi, hər bir rus universitetinə (MDU, MBBU və s) rüşvətlə (və ya böyük rüşvətlə) daxil olub həmin qaydada da bitirmək olar. Test üsulunun tətbiqinə görə Azərbaycan MDB ölkələri içərisində yeganə ölkədirr ki, bu böyük korrupsiya sistemindən azaddır.
2. Yazırsınız ki, repetitorluq fərdin təhsilidir: Hesab edirəm ki, təhsil üzrə nə imkan var, yol açmaq lazımdı, yalnız dövləti deyil, bütün qüvvələri, maliyyəni bu sahəyə mobilizə etmək lazımdı.
Virtuallaşma şəraitində repetitorluq fərdi deyil, tam əksinə kütləvilik, daha kollektivçilik xarakteri daşıyır. Bizə bunun gəlib çatmaması hökümətin problemidi, gərək həll olunsun.
3. Yazırsıznız ki, repetitorluq dövlətin təhil siyasətini aparmağa əngəldir.
Tam əksini düşünürəm, repetitorluq təhsildə azdan-çoxdan irəliləyişə səbəb olan amildi. Əgər dövlət təhsil ocaqları özəl repetitorluqla rəqabətə tab gətirə bilmirsə, ya bütün təhsili özəlləşdirməlidir (maliyyə dəstəyini saxlamaqla), ya rəqabətə davamlı göstəricilər sisteminə nail olmalıdır. Əgər repetitor ayda 1000 manat qazanırsa, dövlət müəlliminə heç olmasa 1100 manat verməlidir ki, şagird də repetitora ehtiyac duymasın. Əgər tələbə və ya şagird əvvəllər rüşvət verib atestat və ya diplom alırdısa, indi pul verib bilik qazanır. Biliyə sərf olunan pullar ən böyük səmərəlilik göstəricisinə malikdir.
4. Yazırsnız ki, repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir:
Əgər bir dərs prosesinə ehtiyac duyulmursa, dərsə gələn yoxdursa, o dərsin təşkilinin yaxşılaşdırılması haqqında düşünmək lazımdır, rəqibi -cəmiyyətin lokomotivi olan özəl sektoru çökdürmək üçün deyil.
5. Yazırsınız ki, repetitorluq tərbiyəyə və və vətənpərvərliyə əngəldir. Bunu heç cür anlaya bilmədim, repetitorlar daha yaxşı təhsil verirsə, rəqabətdə məktəbləri üstələyirsə, necə əngəlləyə bilər. Mənə elə gəlir ki, burada bir az Sovet təhsil sisteminin "Patiyalılıq” prinsipinin qoxusu gəlir. Azad olmayan təhsil müstəqil insan yetişdirə bilməz.
6. Yazırsnız ki, repetitorluqdan istifadə edə bilməyən gənclər mənəvi cəhətdən sarsılır.
Sarsılma repetitorluqdan deyil, 2 milyonluq saatla, milyon dollarlıq maşınla, 10 min dollarlıq kostyum və ayaqqabı ilə dərsə gələn məmur övladlarının davranışından əmələ gəlir. Dərsdlərdə ən yaxşı oxuyan da kasıb ailələrinin uşaqlarıdı. Hökümətin vəzifəsi də bu xidmətdən istifadə edə bilməyən gənclərə də eyni şəraiti təmin etməkdən ibarətdi. Ya məktəbdə repetitorlarla rəqabətdə uyğun sistem qurulmalı, ya imkansız gənclərin də repetitordan istifadə xərcləri dövlət tərəfindən maliyyələşdirməlidir.
7. Yazırsınız ki, repetitorluq şəhər nəqliyyatında tıxaclara səbəb faktordur: Mən sizin də iştirak etdiyiniz təhsil nazirliyinin bir toplantısında təklif etmişdim ki, dərsləri, xüsusilə aparıcı müəllimlərin dərslərinin onlayn efirə verilməsi təmin olunsun (heç olmasa qərb ölkələrinin bizə yaratdığı texnoloji imkandan yararlanmaq lazımdır).
Fərdi sayılan repetitorlar internet təhsil soft proqramları vasitəsilə dərslərə eyni zamanda minlərlə dinləyici toplaya bilir, özü də yalnız Bakıdan deyil, ən ucqar bölgələrdən, rayonlardan, hətta ucqar ölkələrdən mən repetitor tanıyıram ki, qrupunda Avstraliyadan, Amerikadan, Yaponiyadan, Rusiyadan, İrandan, Türkiyədən və s şagirdlər iştirak edir.
Hörmətli professor və iqtidar nümayəndələri, unutmamalıyıq ki, Azərbaycanlıların yalnız 20%-i bu ölkədə yaşayır, 80%-i isə başqa ölkələrdə, elmi dili (yoxdu), əlifbası (yoxdu), təhsili aşağı səviyyədə olan məkanlarda yaşayır.
Dünya miqyasında 7-8 milyon oxuyub yazmağı bacarmayan Azərbaycanlı var. Virtuallaşma şəraitində sərhədlər aradan qaldırılıb, müxtəlif məhdudiyyətlər, manelər yox dərəcəsindədir, bütün dünya elektronlaşır. Bunları öyrədən, təbliğ edən repetitorluğu aradan qaldırmaq əvəzinə, təhsilin, elmin, bütün həyatın elektronlaşması haqqında düşünməliyik, bütün Azərbaycanlıların təhsili haqqında düşünməliyik, bütün dərsliklərin, dərs prosesinin elektronlaşdırılması, dünyaya çıxası robot dərsliklərin, robot müəllimlərin hazırlanması haqqında fikirləşməliyik.
2003-ci ildə dünya ölkələri üzrə ilkinlərin içərisində Azərbaycan prezidenti Elektron hökümətə (o cümlədən E-təhsilə) keçid üzrə proqram qəbul etmişdi, təəssüflər olsun ki, hələ də məktəblərdə, universitetlərdə, elm ocaqlarında (hətta hər yerdə) çalışanların çoxu bunun mahiyyətini belə başa düşmürlər, emaildən, kompyüterdən istifadə edə bilmirlər. Hökümət gərək bu problem haqqında düşünsün, belə kadrlarla raket sürətinə deyil, yalnız araba sürətinə çıxmaq olar.