“Yeni Sabah” xəbər verir ki, bunu YAP-ın Xətai rayon təşkilatının sədri, yazıçı Hüseynbala Mirələmov Musavat.com-a müsahibəsində deyib. Onun fikrincə bunun kökü ailə tərbiyəsindədir, məktəbdədir, ümumiyyətlə, uşaqların formalaşmasındadır. Ailə və məktəb uşaqları, gəncləri elə formalaşdırmalıdırlar ki, onlar təvazökar olsunlar, bir-birinə cins fərqi qoyulmasın, dostlar kimi yetişsinlər, birinin sözü o birinə acıq gəlməsin, biri digərinə yuxarıdan aşağı baxmasın.
“Valideyn də, məktəb də elə tərbiyə verməlidir ki, uşaqlar ailələrinin sosial vəziyyətinin necə olmasından asılı olmayaraq, bir – birilərinə səmimi və dostcasına yanaşsınlar. Bir də burada əsas məsələnin ailədə, anadan asılı olduğunu düşünürəm.
Analar həm oğlan, həm də qız övladlarına elə tərbiyə verməlidir ki, onlar gələcəkdə ailədə birgəyaşayışa, qarşılıqlı hörmət və anlaşmaya hazır olsunlar. Ailə üzvlərinin bir-birinə olan qarşılıqlı hörməti ən vacib amildir. Bir dəfə Şeyx Şamildən soruşurlar ki, necə oldu ki, sən hər yerdə belə hörmət qazandın? Cavab verir ki, mən otağa girəndə qadınım hörmət əlaməti olaraq ayağa dururdu, sonra övladlarım analarının ayağa qalxdıqlarını görüb onlar da eyni cür davrandılar. Daha sonra qonşu uşaqları gördü ki, ailəm, övladlarım məni görəndə ayağa dururlar, onlar da məni görəndə oturduqları yerdən ayağa qalxırdılar. Beləliklə, hörmət formalaşdı.
Bu misalı gətirməkdə məqsədim odur ki, hər şeyin kökü ailədəki tərbiyədən gəlir. Evdə uşaqlar, bacı-qardaşlar bir- birinə qarşılıqlı hörmət etməlidir, ailə onları bir-birinə sayğı ruhunda tərbiyə etməlidir. Bu hiss onlarda formalaşarsa, uşaqlar böyüyüb kiminləsə ailə quranda da bu, davam edəcək.
Qarşılıqlı hörmət olmayan yerdə sevgidən söhbət belə gedə bilməz. Analar qızları kişiyə, oğlan uşaqlarını da qadına hörmət ruhunda böyütməlidir. Oğlan uşaqlıqdan təkcə nənəsinə, anasına, bacısına yox, ümumiyyətlə, bütün qadınlara hörmət ruhunda tərbiyə edilməlidir. Qız övladı da həmçinin.
İngilis şairi Con Kits yazırdı ki, “kişilər qanunları, qadınlar əxlaqı yaradır”. Bu baxımdan deyirəm ki, anaların üzərinə bu məsələdə böyük məsuliyyət düşür. Analar öz qızlarını hansısa evi, kiminsə ocağını zinətləndirəcək gəlin kimi böyütməlidir, oğullarını gələcəyin məsuliyyətli, sahiblənici ailə başçısı kimi tərbiyə etməlidir.
Bəzi qızlar ailə qururlar, amma adicə qayğanağı bişirə bilmirlər, qayınananın adi bir iradına bomba kimi partlayırlar, “sən kimsən” deyə cavab verirlər, həyat yoldaşına hörmət qoymurlar.
Olmuş hadisədir, deməli, bir xanım ailəsindən xəbərsiz xaricə gedir, oradan ərinə zəng vurur ki, evdə yox idin, sənə xəbər verə bilmədim, təyyarəyə gecikirdim, Kislovodska getməli oldum. Belə qadını boşamazlar?!
Yaxud yeni evlənən bir cütlük haqqında az qala lətifəyə çevrilmiş digər bir əhvalat indi düşdü yadıma. Gənc ər arvadından soruşur ki, əzizim, günortaya nə bişirəcəksən, xanım cavab verir ki, mən yemək bişirə bilmirəm, bir gün sənin anan bişirib gətirsin, bir gün də mənim anam. Belə düşüncəylə yuva qurub ailə olmaq olar?
Yaxud da Allahın ver günü içib evində dava salan, ailəsinin gününü qara eləyən, ya da narkotikdən istifadə edib faciələrə yol açan kişini hansı qadın qəbul edər? Ailəsinə, xanımına sahib çıxmayan, doğmaları üçün fədakarlıq etməyən, işləmək istəməyən, bütün yükü qadının çiyinlərinə atan bir kişi kimə lazımdır? Təbii ki, qadın belə məsuliyyətsiz kişidən boşanacaq.
Bunlar qidalarla, hansısa qayğılarla bağlı məsələ deyil, kökü ailədən qaynaqlanan problemlərdir. Gələcəkdə bu neqativ halların və kütləvi boşanmaların qarşısını almaq üçün ailədə, məktəbdə, ali təhsil ocaqlarında uşaqlarımıza, gənclərimizə düzgün tərbiyə verilməli, onlara nəsildən-nəslə ötürülən, tarixi yüzillərlə ölçülən milli ailə dəyərlərimiz aşılanmalıdır”.