Prezident İlham Əliyev keçirdiyi son müşavirədə bəzi hökumət üzvlərinin yeni təyin olunan nazirləri mətbuat vasitəsilə şantaj etdiyini bildirdi. Bununla hökumət içində islahatlara maneə olmaq istəyən qüvvələrin fəallaşdığını vurğulamaqla yanaşı, bəzi mətbuat orqanlarının da onların əlində şantaj vasitəsinə çevrildiyini bəyan etdi.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə belə bir vəziyyətin yaranmasının günahının Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) olduğunu bildirib.
O, demokrat.az xəbər portalına müsahibəsində KİVDF-in fəaliyətini kəskin tənqid edərək, bu qurumda ciddi dəyişikliklərə ehtiyac olduğunu bəyan edib: “Şübhəsiz ki, media sahəsində də ciddi islahatlara ehtiyac var. Düşünürəm ki, bu islahatların həyata keçirilməsi zamanı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) özündə ciddi dəyişikliklər olmalıdır. Mətbuatdan və bir çox jurnalistlərdən eşitdiyim məlumatlara görə, KİVDF-nin fəaliyyəti ilə bağlı ciddi narazılıqlar var. Bu nöqsanları aradan qaldırmaq lazımdır. KİVDF-nin fəaliyyətində şəffaflığı və obyektivliyi təmin etmək olduqca vacibdir. Misal üçün, elə jurnalistlər var ki, onun bir neçə yerdə evi ola-ola KİVDF-dən mənzil alır. Amma evi olmayıb illərdir ki, jurnalistika sahəsində çalışanlar bu imtiyazdan yararlana bilmirlər”.
Fəzail Ağamalı dövlət büdcəsindən KİVDF-yə ayrılan vəsaitlərin də şəffaf və səmərəli istifadə olunmadığını bildirib: “Digər tərəfdən hər il dövlət büdcəsindən KİVDF-yə milyonlarla vəsait ayrılır, amma həmin vəsaitlərin şəffaf şəkildə həyata keçirilmir, mətbuata həmin vəsaitin hesabatı verilmir, bir çox hallarda KİVDF həmin vəsaitləri oxunaqlı KİV-lərə deyil, özlərinə yaxın olan qəzetlərə ayırırlar. Bunlar mənim subyektiv fikirlərim yox, jurnalistlərin söylədikləridir. Sözlərimin səmimiliyinə inanın ki, mənim KİVDF ilə hər hansı qərəzim də yoxdur. Sadəcə olaraq, bu gün bir çox jurnalistlər KİVDF-nin fəaliyyətindən narazıdırlar. Bu fikirlərin əksəriyyəti mətbuatda da gedir. Demək ki, bu sahədə problemlər var. Əgər problemlər varsa, təbii ki, orada da islahatlar aparılmalıdır. Elə etmək lazımdır ki, mətbuatımız da hamılıqla bu gün dövlətçiliyin yanında olsun və ona yüksək səviyyədə xidmət etsin. Bu da faktdır ki, bir sıra adı olan, özü olmayan qəzetlərə KİVDF tərəfindən pullar ayrılır. Bütün bu problemlərin hamısı nəzərə alınmalı, ciddi araşdırılmalı və öz həllini tapmalıdır. Bir sözlə, media sahəsində də şəffalığa və ciddi islahatların aparılmasına ehtiyac var”.