Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ATƏT-in bəyanatına münasibət bildirib.
BakuPost.az xəbər verir ki, Ə.Amaşov qeyd edib ki, oktyabrın 19-da Bakıda müxalifət nümayəndələrinin icazəsiz aksiyası ilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlar tərəfindən bəyanatlar səsləndirilir: “Bu bəyanatların müəyyən qismi jurnalistlərin prosesi işıqlandırmaları vəziyyəti ilə bağlıdır. İddia olunur ki, 19 oktyabr mitinqində media təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinə ciddi maneçilik törədilib, onlara görünməmiş təzyiqlər göstərilib. Obyektiv və subyektiv səbəblərdən hansısa qurumların, səfirliklərin belə mövqeyini müəyyən mənada təbii qarşılamaq mümkündür. Ancaq bu sayaq əsassız, qeyri-ciddi yanaşmanın ATƏT kimi nüfuzlu təşkilatın media üzrə nümayəndəsi tərəfindən də dövriyyəyə buraxılması təəccüb doğurur”.
Ə.Amaşov qeyd edib ki, Azərbaycan Mətbuat Şurası mitinqdən öncə jurnalistlərə və hüquq-mühafizə orqanlarının təmsilçilərinə çağırış edib: “Jurnalistləri üzərində «PRESS» yazılmış gödəkcələrdə olmağa, ikinciləri isə birincilərin mitinqi işıqlandırmalarına şərait yaratmağa çağırdıq. Bunu izləmək üçün Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvləri aksiya yerində oldular. Konkret mobil telefon nömrələri elan edildi və bildirildi ki, jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrlə əlaqə saxlaya bilərlər. Aksiya gedişində monitorinq qrupunun üzvlərinə müraciət edənlər də oldu. Ancaq müraciətlər jurnalistlərin aksiyanı işıqlandırmaları ilə bağlı ümumi mənzərəyə hər hansı təsir göstərmədi. Mənzərə isə bu idi ki, mitinqdə jurnalistlərin informasiya əldə etmələrinə şərait yaradılıb.
Aksiyanın keçirildiyi elə bir yer olmadı ki, orada jurnalistin fəaliyyətinə maneçilik törədilsin. Bunu mitinqlə bağlı yayılmış video-görüntülərin çoxluğu da təsdiq edir. Bu mənada ATƏT-in media üzrə nümayəndəsi Harlem Dezirin jurnalistlərin məlumat yaymaq hüquqlarını heç bir qorxu və maneə olmadan icra edə bilmədiklərinə dair fikri birmənalı şəkildə qərəzlidir. Anlaşılan bu ki, cənab Dezir aksiya ilə bağlı görüntüləri izləməyib, ümumiyyətlə prosesdən xəbərsizdir. Görəsən, o, hansı mənbənin məlumatına söykənərək bu qənaətə gəlib? Hər halda mitinqdə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparacağını öncədən bəyan edən yeganə təşkilat olan Mətbuat Şurasının fikrini öyrənməyib.
Qərəzliliyi, qeyri-obyektivliyi şübhə doğurmayan daha bir məqam budur ki, ATƏT-in media üzrə nümayəndəsi təzyiqə məruz qaldığını iddia etdiyi KİV-lərin adlarını çəkir. Nəzərə almır ki, jurnalistlərin əksəriyyəti gödəkçədəydilər. H.Dezirin qeyd etdiyi KİV-lərin nümayəndələri isə başqalarından heç nə ilə fərqlənmirdilər. Onlar digərləri ilə birlikdə demək olar, eyni yerdə eyni mənzərəni lentə alırdılar. Necə ola bilərdi ki, polis təzyiq göstərmək, fəaliyyəti məhdudlaşdırmaq üçün kimisə fərqləndirsin?
Bəli, belə görünür, cənab Dezir əvvəlcədən hazırladığı və konkret hədəfləri olan bəyanat mətnini yayıb. ATƏT kimi nüfuzlu qurumun təmsilçisinin daşıdığı həssas vəzifəyə bu qədər məsuliyyətsiz yanaşması təəssüf doğurur”.