Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün müşavirələrində jurnalistika üçün mövzu olacaq xeyli mətləblərə aydınlıq gətirilir. Oktyabrın 15-də Prezidentin rəhbərliyi ilə keçirilən iqtisadi müşavirə də istisna olmadı - nötqəbənöqtə dinlədik. Ənənəyə uyğun olaraq, ölkə başçısı öncə nitq söylədi. Dövlətin uğurları haqqında deyilənləri eşitdkcə sevinirdik. Təbii, iqtidar mətbuatı bu uğurlara həsr olunan səhifəlik yazılarla çıxış edəcək. Zatən 30 ildir eyni yanaşma sərgilənir:Prezidentin söylədiyi xoş fikirlər ətrafında sadəcə manipulyativ manevrlər edilir.Bəzi hallarda belə yanaşma sərgiləyən qəzetlərə ehtiyac olmadığını deyirlər.
Oxucu o yazılardan təzə heç nə əldə edə bilmir...
Onsuz da qəzet müşavirələrin səhəri günü oxucunun əlinə keçir - gecikmiş qatar kimi. Oxucu efirdən və saytlardan hər şeyi eşidib, indi analiz xarakterli məqalə axtarır, Prezidentin səsləndirdiyi tənqidi məqamlara aydınlıq gətirilməsini istəyir.Bu dəfə də ölkə başçısının sərt tənqidlərini eşitdik. Əsasən Prezidentin tapşırığı ilə vəzifələrə yeni təyin olunan şəxslərin apardıqları islahatların üzərinə kölgə salınması faktı ciddi müzakirələr tələb edən məsələdir. Mətbuat məhz bu mövzunu araşdırmalı, ətrafında müzakirələr açmalıdır. Prezident açıq şəkildə dedi: "Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.
Doğrusu hansı qüvvələrin hədəfə tuş gəldiyini bir yazı ilə söyləmək çətin olar, daha doğrusu subyektiv mülahizə olar. Prezidentin söylədiklərindən mətbauta da pay düşdü. Kompomat savaşlarının məhz bizim düşərgə tərəfindən tirajlandığı deyilir."Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər” - birinci şəxs belə dedi. Jurnalistlər üçün ikinci binanın təqdimatında "Siz mənim köməkçilərimsiz” deyən ölkə başçısı bu dəfə "mətbuat bir növ daxili mübarizə növünə çevrilib” fikrini söyləməsi jurnalistikanı yəqin ki, silkələyib.
Məgər biz Prezidentin köməkçisi deyilikmi? Əksinə olmalıydı, problemləri yazmalıydıq, Prezident də həllinə nail olmalıydı. Bir sual: ölkə başçısı niyə məhz bizi köməkçi seçdi? Çox sadə cavabı var: jurnalist tərəfsiz olur, ancaq haqqın yanında dayanır, doğrunu obyektiv göstərir. Çox təəssüf həmin obyektiv məkan "bir növ daxili mübarizə növünə çevrilib”.
Biz savaşanların kimlər olduğunu, onları kimlərin qızışdırdığını axtara-axtara subyektiv də olsa nəticəyə gələ bilərik, sadəcə, indi buna vaxt sərf etməyə dəyməz, daha böyük amallar uğrunda yaşamalıyıq. Mətbuatdakı kompomat meydanını qapatmağın yollarını düşünmək, savaşanları qızışdıranların, iştirakçıların kimliklərini öyrənməkdən qat-qata ötədir.
Prezidentin "onların apardığı islahatların üzərinə kölgə salınır” deməsi bizi ayıltmalı, o kölgəyə səbəbi olan barsız və qurumuş budaqlar kəsilməlidir. Jurnalıst "malı”, "məli” ilə danışmaz, sadəcə burada vətəndaş kimi düşnmək vacibdir. Belə bəyan edək: mətbuat islahatların yanındadır və nəticələrin daha səmərəli olması əsas məqsədimizdir.
Müşavirədə diqqət çəkən və ətrafında danışılası başqa məqamlar da oldu. Ölkə başısı nazirlərdən hesabat istədi. Xüsusən maliyyə naziri Samir Şərifov və iqtisadiyyat naziri Şahin Mustafayevin cavablarında bəsitlik elementləri göründü. Ümumiyyətlə, leksikonda tendensiya halını alan faiz söhbətində çox vaxt qəribə rəqəm adı çəkirik. Bu dəfə də Samir Şərifov dedi: "Eyni zamanda, burada digər vacib göstəricilərdən biri də ondan ibarətdir ki, növbəti ilin icmal büdcəsinin yuxarı xərcləri əvvəlki ilin icmal büdcəsinin yuxarı xərclərinin 103 faizindən yuxarı olmamalıdır”. Hər şey 100 faizlə ölçülür, bu 103 faiz hansı riyazi yanaşmadır, həmişə qaranlıq qalıb. Ola bilsin, belə bir rəqəmin deyilməsi qanunauyğundur, sadəcə aydınlıq gəlməlidir. Nazirin cavablarında təxminilik, dəqiqliyi görünməz etmişdi. Belə vəziyyət iqtisadiyyat nazirinin çıxışında daha qabarıq idi.
Dövlət başçısı soruşur: "Əsasən neçə faiz özünü doğruldur? Siz gərək bunu dəqiq biləsiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünki hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq”.
"Siz gərək bunu dəqiq biləsiniz” deyən Prezidentə nazirin cavabı: "Beynəlxalq praktikaya uyğun olaraq fərqlənir, yəni, proqnozların tam dəqiqliyi təbii ki, təmin olunmur, müxtəlif təsirlər sonradan nəzərə alınır və hər üç aydan bir proqnozlar dəqiqləşdirilməlidir. Misal üçün, bu dəfə deyə bilərəm ki, Maliyyə Nazirliyi yeni büdcə tərtib edərkən biz proqnoza yenidən düzəliş etmişik və bu gün artıq gələn il üçün proqnoz 3 faizdir”.
Dəqiq suala qeyri-dəqiq cavab. Belə olmasaydı, ölkə başçısı yenidən replika xarakterli ifadə işlətmək məcburiyyəytində qalmazdı. Prezident nazirdən soruşur: "Artım?”. Hörmətli nazirimiz necə qeyri-dəqiq cavab veribsə yenidən aydınlıq gətirməyin vacibliyi ilə üzləşib. Cavab yenə qeyri-dəqiqdir. Nazir: "Bəli, 3 faiz görürük. Qeyri-neft sektoru üzrə 3,8 faiz proqnozlaşdırmışıq və bu, artıq Maliyyə Nazirliyinin investisiya ilə əlaqədar etdiyi düzəlişlərlə birbaşa bağlıdır. Yəni, proqnoza müxtəlif amillər təsir edir”.
Necə yəni "proqnoza müxtəlif amillər təsir edir”. Hansı amillər? Bəlkə bu sualı da cənab Prezident verməliydi. Ümumiyyətlə, idarəetmədə nəticəyə hesablanan açıq məqamlar niyə qalsın ki, ortaya da dəqiqləşdirmə sualları çıxısın, hətta onlar cavabsız qalsın?
Nazir onu da bildirdi ki, proqnoza 3 aydan bir düzəliş olunur. Bəlkə də doğru yanaşmadır, ancaq yenə sual yaradır: 3 ay az deyilmi; proqnozu daha uzun müddətə hesablamaq olmazmı?
İqtisadiyyat nazirinin daha bir qeyri-dəqiq cavabını diqqətinizə çatdırım. Prezident soruşur: "Kimsə hesablayıb ki, bu kreditlər ümumi daxili məhsula, qeyri-neft sektoruna aid olan hissəyə nə qədər təsir göstərir?”
Nazir Şahin Mustafayev: "Təbii ki, cənab Prezident, bütün hesablamalar aparılır.
Prezident İlham Əliyev: Onda nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük”.
Cavab: "Cənab Prezident, doğru olaraq qeyd edirsiniz ki, son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil. Bunun əsas səbəbləri kimi mən maliyyələşmə ilə bağlı problemləri qeyd edərdim. Çünki Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir”.
Prezident İlham Əliyev: Düz deyirsiniz, bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı.
Nazir Samir Şərifov: Cənab Prezident, bu inflyasiyanın bizim büdcə qaydasında nəzərə alınması üçün Azərbaycan Respublikasının "Büdcə sistemi haqqında” Qanununda müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. Yəni, dəyişiklik ondan ibarətdir ki, inflyasiya nəzərə alınmalıdır”.
Yəqin cavaba diqqət kəsildiniz. Prezident bir daha təkrarlayır: "Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz...”.
Bəli, yəni ay nazir, dəqiləşdirmirsiniz, ciddi təhlil etmirsiniz, gələcəyi hesablamırsınız, ictimaiyyəti tanımırsınız, Prezidentin suallarına bəsit cavablar verirsiniz...
Bu dəfə cavab cənab Samir Şərifovdan gəlir: "Cənab Prezident, bu inflyasiyanın bizim büdcə qaydasında nəzərə alınması üçün Azərbaycan Respublikasının "Büdcə sistemi haqqında” Qanununda müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. Yəni, dəyişiklik ondan ibarətdir ki, inflyasiya nəzərə alınmalıdır”.
Prezident İlham Əliyev: Bunu gərək əvvəlcədən edərdiniz.
Buyurun, Prezidentin iradı və NONSES. Hörmətli nazir, eşitdiniz? "Bunu gərək əvvəlcədən edərdiniz”. Məntiq belə deyir: ETMƏMİSİNİZ. Yəqin ki, bu səriştəsizliyə mütləq adekvat münasibət olacaq.
Müşavirədə vergilərdən yayınma hallarına da toxunuldu. Prezident dedi: "Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır”.
21-ci əsrin ortasına yaxınlaşırıq, islahatlara qədəm qoyan ölkənin şirkətlərində ikili mühasibatlıq, yaxşı ənənə deyil, görünən odur ki, bu ənənə inkişaf edə bilməyəcək.
Prezident sonda həmişə olduğu kimi, möhürünü vurdu.
- Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik. Ona görə qarşıdakı həftələr ərzində gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Bugünkü müşavirə, o cümlədən bu məsələyə həsr olunub. Ona görə istərdim ki, indi burada gələn ilin büdcəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin".
Problemlərin 3 kökü varsa, biri xərclərin şişirdilməsidir. Burada artıq insan və vicdan faktoru önə çıxır. Xərcləri şişirdənləri yəqin tanıyırıq, onlar bu gün də qara əməllərdən əl çəkmirlər, belələri heç peşəkar da deyil, peşəkar oğurluq etməz. Ancaq çıxış yolu var. Ölkədə vicdanlı və peşəkar kadrlar kifayət qədərdir. Oğurluq edənlər, yalan danışanlar mütləq əvəzlənməlidir. İnsan bacarıqsız ola bilər, onu təcrübə qaydaya salacaq, insanın xarakterini müalicə etmək mümkün olmur. Xarakterində dövlətə obyekt kimi baxanlar və belə bir xəbis həyat tərzi sürənlərin dövrü bitsin.
Azərbaycanda çox dəyərli kadrlar var. Cənab Prezident də müşavirədə bu məsələyə belə toxundu: "Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?”.
Çox dəqiq yanaşma və izah. Bir problem qalır, o kadrları kim təqdim etsin? O kadrlar özlərini necə tanıtdırsınlar? Təbii, ən yaxşı yol, mətbuata nəzər salmaqdır. Mətbuat aynadır, o kadrları cümlə-cümlə göstərə, nümayiş etdirə bilir. Yetər ki, kadrların aşkara çıxarılması və təqdim olunması ilə bağlı bir komissiya yaradılsın və meyar öncə vətəndaş vicdanı olsun.