Millət vəkili, BQP sədri Fazil Mustafa “Bakıpost” saytına müsahibəsində Prezident İlham Əliyevin son iqtisadi müşavirədəki çıxışı ilə bağlı fikir bildirib, həmçinin Milli Məclis rəhbərliyinin deputatlara bəzi qadağalarından danışıb.
“Yenimeydan.info” millət vəkilinin maraqlı müsahibəsini təqdim edir:
– Fazil müəllim, Prezident İlham Əliyevin oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə səsləndirdiyi iradlara münasibətinizi bilmək maraqlı olardı…
– Mənim fikrimcə, birinci növbədə bu proses Milli Məclisdən başlamalıdır. Milli Məclisdə imkanlar daha da genişlənsə, tənqidi fikrə daha çox yer verilsə, yaxşı olar. Çünki biz burda kifayət qədər müxtəlif sahələrdə olan məmurların fəaliyyəti ilə bağlı açıq fikirlər səsləndiririk. Birinci Milli Məclisdən başlamalıdır ona görə deyirəm ki, əsas qanunverici orqanda daha ixtisaslaşmış şəkildə, daha da peşəkar formada ölkədə olan problemlərin həlli, islahatların aprılması istiqamətində atılan addımların müəyyən neqativ tərəflərinə diqqət yetirilə bilir.
İkincisi, medianın sərbəstliyi qorunmalıdır. Mediada alternativ fikirlərin müəyyən dərəcədə dözümlü qarşılanmasına ehtiyac var. Əgər bu olarsa, tamamilə fərqli bir situasiya yaranar.
Üçüncüsü, siyasi partiyalarla dialoq zəminində bunu etmək olar. Çünki siyasi partiyaların islahatlara dəstək xarakterli bir neçə toplantısı olub ki, biz də orda iştirak etmişik. İndiyə qədər o sənədlərə hər hansı bir şəkildə münasibət bildirilməyib. Eyni zamanda düşünürəm ki, Qeyri-Hökumət Təşkilatlarının da araşdırmalarına etibar etmək lazımdır. Fikir verdinizsə, ölkə Prezidenti səmimi şəkildə dilə gətirdi ki, niyyətimiz nədir və bizə qarşı yaradılan maneələr nədən ibarətdir.
– Sizcə, belə bir vəziyyətdə konkret hansı addımlar atılmalıdır?
– Prezidenti informasiya ilə qidalandıran cəmiyyət mexanizmi işə düşməlidir. Cəmiyyət mexanizmi işə düşməsə, hər bir məmur ancaq şəxsi intriqa zəminində məsələlərin başqasının üzərinə yıxılmasına, başqasını gözdən salmağa yönələn informasiyalar daşıyacaq. Belə bir vəziyyətdə də cəmiyyətdən sağlam informasiya almaq çətin olacaq. Prezidentin bu mövqeyini cəmiyyət olaraq fəallıqla dəstəkləməliyik. Amma dəstəkləmək imkanları bir az genişlənməlidir. Dediyim kimi, bir az tənqidi mətnin hüdudları genişlənməlidir ki, ölkə Prezidenti məsələlərin daha dəqiq haradan qaynaqlandığını görə bilsin. Hesab edirəm ki, bu çıxış da son illərdə cəmiyyətə verilən ən açıq mesajdır. Bu fikirləri birmənalı olaraq dəstəkləyirik. Ölkədə islahatın alternativi yoxdur. Bu islahatı imitasiyaya çevirmək istəyən qüvvələr var. Ona görə də, düşünürəm ki, Prezidentin bu səmimi islahat kursunu dəstəkləmək istəyən qüvvələrə meydan verilməsi daha doğru olar.
– İslahatı imitasiyaya çevirmək istəyən qüvvələr daha çox hansı sahələrdədir, kimlərdi?…
– İslahatı əngəlləyən adamlar həm də “islahatçılardır”. Bunlar məhkəmədə, hüquq-mühafizə orqanlarında, hər yerdə var. Ona görə də, bu məsələlərə daha fundamental yanaşmaq lazımdır.
– Fazil bəy, Prezidentin çıxışında mətbuatla bağlı başqa bir məqam da var idi: mətbuat bütünlüklə məmurların əlindədir. Bunu necə tənzimləmək olar ki, mətbuat məmurların əlində olmasın?…
– Mətbuatın iqtisadi təməli, reklam bazarı doğru qurulmalıdır. Sərbəst iqtisadi mühit olanda hər kəs rəqabət mühitində özünütəbliğə maraq göstərəcək. Bunu da mətbuat vasitəsilə həyata keçirəcək. İndi mətbuat kimi reklam edə bilir? Ancaq məcbur olduğu, yaxud da direktiv olaraq söylənilənləri. Ona görə mətbuat asılı olur. Mətbuatın müstəqilliyi çox vacibdir. Hesab edirəm ki, iqtisadi sistemdə işləyən bu cür mexanizmi dəyişməsək, mətbuatın müstəqilliyinə nail ola bilməyəcəyik. Parlamentin özünün cəmiyyətə çıxışı olmalıdır. Məsələn, parlamentin televiziyası yoxdur. Biz parlamentdən hər hansı bir fikrimizi cəmiyyətə çatdıra bilmirik. Əvvəllər bunu bir az sosial şəbəkə vasitəsi ilə edirdik. Amma indi bu da qadağan olunub. Bu məkanların müəyyən mənada imkanları açılmalıdır. İmkan verilməlidir ki, ən azı sosial mediada fikirlərimizi çatdıraq. Çünki sosial media artıq mətbuatımıza, televiziyalarımıza qalib gəlir. Sosial media artıq ictimai fikri idarə edən əsas mexanizmə çevrilib. Əslində, bu sosial şəbəkələrin mahiyyəti də bir qədər düzgün anlaşılmayıb. Bütün məmurlar, yaxud da siyasətçilər, hansılar ki, əvvəllər sosial şəbəkələrə fikir verməyənlər, ciddi yanaşmayanlar, indi hamısı doluşub ora. Elə bilirlər orda çoxluq yaratmaqla, nələrsə etmək olar. Belə çoxluqla nə isə həll olunsaydı, Cənubi Azərbaycanda azərbaycanlılar üçün məktəblər olardı. Çoxluqla deyil, keyfiyyətlə həll olunur məsələlər. Ona görə də, düşüncə sərbəstliyi olmayanda problemlər olduğu kimi qalır.
– Sosial mediadan istifadə qadağınızın olduğunu söylədiniz. Düz başa düşdük?
– Milli Məclisdə səsləndirdiyimiz fikirləri hər hansı bir şəkildə ictimaiyyətə çatdırmağa icazəmiz yoxdur. Mən əvvəllər bunu video şəklində telefonla çəkib paylaşırdım. İndi Milli Məclisdə bunun yolverilməz olduğu bildirildi. Fikirlərimiz heç bir yerdə yayımlanmır. Ancaq jurnalistin ümidinə qalmışıq. Jurnalist ordan iki cümləni çatdırırsa, hesab olunur ki, bununla da həll olunur. O cümlələrin də bəziləri elə redaktə olunur ki, özüm də təəccüblənirəm, bu sözləri mən demişəm?