Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev BakuPost.az saytına müsahibə verib. O, müsahibədə Azərbaycan təhsilinin problemlərindən, xarici ölkələrdəki təhsil səviyyəsindən, uşaqların, müəllimlərin və valideynlərin üzərinə düşən vəzifələrdən danışıb, təhsildə rüşvətin aradan qaldırılması və digər problemlərin həlli üçün çıxış yolları təklif edib.
Müsahibəni təqdim edirik.
- Etibar müəllim, yazılarınızı oxuduqca adama elə gəlir ki, siz təhsil haqqında bir ədalət barometri təyin etmisiniz və istəyirsiniz ki, hər kəs onun göstəricilərinə uyğun olsun.
- İnsan özü-özünü yetişdirir. Anadan olandan sonra özünü yetişdirməsi həm özündən asılı olur, həm də kənar faktorların təsirindən. Bunların biri də məktəbdir. Mən məktəbdə özümü necə formalaşdıracam? Məktəbin buna gücü çatırmı? Biz bir neçə dövrün təhsil sistemini müqayisə edirik. Nəzərə almalıyıq ki, ən çox aclıq, insan tələfatı aqrar dövrdə olub. Bilik getdikcə artıb və sənaye cəmiyyəti yaranıb. Mən və təhsil dedikdə sənaye dövrünün tələbələri başa düşülür. Mən özümü itirilmiş nəslin nümayəndəsi hesab edirəm. Bizim vaxtımızda 100 nəfər Fizika fakültəsinə daxil oldu, amma 80-i öz ixtisası üzrə işləmədi. Biz ya müəllim, ya da alim olmalı idik. Amma heç biri ola bilmədik. Bizə tədris olunan elmlərin çoxu əhəmiyyətsiz idi. Ona görə də biz yaxşı müəllim ola bilmədik. Elmi işçi də ona görə olmadıq ki, elmi tədqiqatla məşğul olmağın yolunu göstərmədilər. Müstəqillik əldə etdikdən sonra gördük ki, karvan gedib. Biz isə yolun heç ortasında da deyilik. Dərsliklərdən xəbərsiz insanlar dərsliklər yazmağa başladı. Təsadüfi müəllimlər bizi uçuruma apardılar. Təhsil sistemimizin gələcəyini aydın görməyi bacarmalıyıq. Məncə, bu çox önəmli bacarıqdır.
- Sizcə, təhsildən sektorundakı rüşvət problemini tamamilə necə təmizləmək olar?
- Orta məktəblərdə valideyn direktor, müəllim-direktor sövdələşmələrini dəqiqliklə fiksə etmək mümkün deyil. Rüşvət və digər neqativ hallar ortaya çıxan kimi isə nazirliyin rəhbərliyini qınamağa başlayırlar. Orta məktəblərdə neqativ halların çoxu direktor faktoru ilə bağlıdır. Ali məktəblərə gəldikdə isə yeni təyin olunmuş bir neçə rektorlara tapşırıldı ki, rüşvət yığışdırılmalıdır və buna nail olundu. İqtisad Universitetində, Neft və Sənaye Universitetində, Bakı Ali Neft məktəbində və s. Yəni bu istiqamətdə xeyli dönüş yaradılıb. Təhsilin keyfiyyətini yaxşılaşdırmağın birinci yolu keyfiyyətli təhsil mühitindən keçir. Rüşvətxorluq və digər neqativ hallar təhsil mühitinə mənfi təsir göstərir. Nəzərə almaq lazımdır ki, tələbələrin 70 faizi ödənişli təhsil alır, ali məktəblərin çoxunun yataqxanası yoxdur. Tələbələr kəsiləndə fənnin kreditinə uyğun ödəniş etməklə yenidən dərsləri dinləməlidir.
- Bu, mədəni rüşvət deyilmi?
- Azərbaycan 2010-cu ildən Boloniya Bəyannnaməsinə qoşulub. Bu proses həmin Bəyannamənin şərtlərinə uyğun olaraq həyata keçirilir. Müəllim təkrar dərs keçirsə, bunun haqqını almalıdır. Biz Boloniya Bəyannaməsinin bəzi müddəalarını təhrif elədik. İndiyə qədər heç bir ali məktəbdə təhsilin keyfiyyəti normal qiymətləndirilməyib. Yəni akkreditasiya prosesi ya formal aparılıb, ya da aparılmayıb. Bütün universitetlərdə magistratura pilləsi fəaliyyət göstərir. Magistratura pilləsində elmin qapıları tələbələrin üzünə açılmalıdır. Azərbaycan universitetləri xaricdə universitetlərin sıralanmasında yer tuta bilmir və daxili rəqabət yarada bilmirlər. Hazırladıqları mütəxəssislər və verilən sənədlər isə dünyanın əksər ölkələrində tanınmır.
- Etibar müəllim, təhsil naziri olsaydınız, hansı dəyişiklikləri edərdiniz?
- Təhsilin fasiləsizliyinin bərqərar olunması üçün çalışmaq lazımdır. Təhsilin pillələri arasında uçurum olmamalıdır. Bu pillələr məntiqi olaraq bir-birini tamamlamalıdır. Təhsilin birinci pilləsi - məktəbəqədər təhsil nazirliyin yox, icra hakimiyyətlərinin nəzarətindədir. Bu, çox yanlış işdir. Təhsil sistemləri inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsilin inkişafına böyük önəm verirlər. Təhsilin məzmunu əsas prioritet məsələyə çevrilməlidir.
Məktəbəqədər təhsildən başlayaraq, ali təhsilə qədər bütün pillələrdə təhsilin məzmununa yenidən baxılmalıdır. Orta təhsil cəmiyyətin güzgüsüdür. Böyük Hüseyn Cavidin bir fikri yadıma düşdü. "Bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir”. Hüseyn Cavid haqlıdır. Məktəbi qoruya bilməyən xalqlar böyük təlatümlərlə üzləşirlər. Məktəb idarəçiliyi həddən artıq mərkəzləşdirilib. Orta təhsilə sırınan kurrikulumlar təhsilin qarşısına qoyulan vəzifələri yerinə yetirə bilmir. Bu sənəd peyvənd sənəddir. O vaxt Dünya Bankı Orta təhsildə islahatlar üçün iki dəfə kredit vəsaiti ayırdı: 5,5 milyon, ikincidə 21 milyon dollar. Bu vəsaitə kurrikulumların yazılması da daxil edilmişdi. Bu kurrikulumlar şagirdlərin çantasını böyütdü, müəllimlər adaptasiya üçün xeyli vaxt itirdilər, şübhəsiz ki, bunun təhsilin keyfiyyətinə də mənfi təsiri oldu. Təhsil hovuzda suya bənzəyir və uşaqlar burda rahat üzməlidir.
- İldən ilə məktəblərdə müəllim arasında cinsi tarazlıq pozulur, kişi müəllimlər təhsil sektorundan uzaqlaşırlar. Sizcə, bunun səbəbi nədir?
- Keçid dövründə müəllimə olan münasibətin dəyişməsi ilə yanaşı, prosesin müəllimlərin əməkhaqqına da təsiri oldu. Kişi müəllimlər orta məktəbi kütləvi şəkildə tərk etdilər. Bundan sonra nə qədər əlləşsək də, kişi müəllimləri qaytarmaq mümkün deyil. Buna illər lazımdır. Bir zamanlar əməkhaqqının məbləği müəllim üçün elə də vacib deyildi. Onlar deyirdi ki, əsas məqsədimiz şagirdi öyrətməkdir. İndi isə maddiyyat məsələləri məktəblərdə təhsilin keyfiyyətinə nüfuz edib. Mən 10 ildən çox Təhsil nazirliyində işləmişəm. Təhsil şöbələrinin müdirlərinin əlindən dəhlizlərdə tərpənmək mümkün deyildi. Onların böyük kəsimi yerlərində olmayan kadrlar idilər.
İndi hansısa problem ortaya çıxanda problemin kökünə baxmırıq. Məktəblə cəmiyyət arasındakı gərginlik indi baş verməyib. Valideyn düşünür ki, uşağı fərdi hazırlığa getməsə, universitetə daxil ola bilməyəcək. Bunun üçün isə direktorla mütləq sövdələşməlidir. Təhsil şöbələri sovetdən qalma qurumdur. Düşünürəm ki, onların ləğvinin zamanı gəlib çatıb. Repetitor xidmətinin genişlənməsində müəllim direktorla, direktorlar isə rayon Təhsil Şöbəsinin rəhbərləri ilə qarşılıqlı əlaqədə olurlar. Rusiyada bunun qarşısının alınması üçün proqramın mənimsənilməyən hissəsi rəsmi şəkildə ödənişlə həyata keçirilməyə başlandı. Necə ola bilər ki, müəllim repetitor kimi fənnin daha yaxşı başa salır, sinifdə isə bu mümkün olmur?
Bu gün bizim yaxşı müəllimə ehtiyacımız olduğu kimi, yaxşı təhsil məmuruna da ehtiyacımız var. Təhsil çox mürəkkəb məsələdir. Təhsilə aidiyyatı olmayan ailəyə rast gəlmək mümkün deyil. Təhsilin keyfiyyətini 3 meyar müəyyənləşdirir. Yaxşı təhsil mühiti, yaxşı müəllim, yaxşı dərslik. Normal dərsliklərin yazılması problem olaraq qalır. Ya özümüz yazmalıyıq, ya da tərcümə etməliyik. Hadisələr göstərdi ki, bu işi yaxşı bacarmırıq. Dərsliklər müəllimlər və uşaqlar üçün aydın yazılmalıdır. Təhsil mühiti özündə həm də tərbiyəni ehtiva edir. İndi Qərbdə klassik maarifçilərin tərbiyə konsepsiyasına qayıdış hiss olunur. Yaxşı müəllim olmaq isə orta məktəb müəllimlərindən asılıdır. Onlar bilik və davranışları ilə bu peşəyə gənc nəsildə maraq oyatmalıdırlar.
- Məktəb direktorlarının pedoqoji keyfiyyəti bir təhsil eksperti kimi sizi qane edir?
- Məktəb direktorlarının təyinatı məsələsində səhvlərə yol vermək olmaz. Direktorların böyük əksəriyyəti harasa bağlıdır. Bu onlara sərbəst hərəkət etməyə şərait yaradır. Bioqrafiyası şəffaf olmayan adamları məktəb rəhbərliyinə yaxın qoymaq olmaz. Məktəb direktorlarını seçən komissiya buna diqqət etməlidir. Cəmiyyət məktəbdən pozitiv xəbərlərin gəlməsinə köklənməlidir.
Mən sizi tam əmin edim ki, təhsil nazirliyi heç kimə göstəriş vermir ki, gedin məktəbdə pul yığın. Bu gün məktəbin belə bir vəziyyətdə olmasında günahkarlardan biri də valideynlərdir. Valideynlər müxtəlif peşə adamlarıdır. Bütün məktəblərdə direktorla valideynlər arasında vasitəçi müəllimlər olur. Məktəbdə son intihar hadisəsinə cəmiyyətin münasibətini gördünüz, amma gündəlik ciddi problemləri valideynlər dilə gətirmir. Hansı ki, "qaynar xətt”ə qədər hər şey var. Valideynlərin müəllimin keçdiyi dərsləri qiymətləndirmək imkanları yoxdur. Yaxud onlar hansısa müəllimin zəif olmasını dilə gətirmirlər. Dövlət hər uşağın təhsili üçün müəyyən miqdarda pul ayırır. Bunun məsuliyyətini anlamaq lazımdır. Məktəb təhsilin səviyyəsinə məsuliyyət daşımır. 2-3 nəfər şagird qəbul imtahanlarından 600-dən yuxarı bal toplayıbsa, bunu məktəbdəki təhsilin keyfiyyətinə yazırlar.
- Dərsliklərin səviyyəsini necə qiymətləndirirsiniz? Azərbaycan məktəblərində dərsliklər dünya standartları ilə ayaqlaşa bilirmi?
- 15 il təhsilə rəhbərlik etmiş birisi deyir ki, mən riyaziyyatçıyam, on iki riyaziyyat dərsliyi mənimdi, qalanları sizin. Bu, məktəbə hansı əxlaqı aşılaya bilər? Birinci sinifdən on birinci sinifə qədər bütün riyaziyyat dərsliklərinin müəllifi Misir Mərdanovdur. Mən sual verirdim ki, siz niyə ali məktəb üçün dərslik yazmırsınız? Bilirsinizmi niyə? Orda pul yoxdur. 1,5 milyon şagird kontingentinə dərslik yazmaq görün nə deməkdir? Rüşvət üstündə həbs olunmuş şəxslərin təhsildə hansı yüksək vəzifələri tutması gözümüzün önündə baş verib.
Finlandiya orta təhsili inkişaf etmiş Avropa ölkələrindən biridir. Tarixən təhsili neqativ hallardan qoruyublar. Onlardan soruşurlar ki, bunun səbəbi nədir? Cavab verirlər ki, bizim 18-ci əsrdə bir faciəmiz olub. Bir nəfər qonşusunun evdə olmamasından istifadə edib və girib evindən nəsə oğurlayıb. Onun əlləri kəsilib. Bu hadisə nəsildən-nəsilə elə ötürülüb ki, artıq bunu təkrar edən olmayıb.
- Etibar müəllim, mən orta məktəbdə dərs deyəndə də deyirdim ki, müəllim könülsüz dərs keçə bilməz. Desə də, bunun heç bir effekti olmayacaq.
- Bəli, müəllim sinifdə emosional mühit yaratmalıdır. Tədris etdiyi fənni şagirdinə sevdirmək üçün əlindən gələni əsirgəməməlidir. Bu, müəllimdən həm də əlavə ədəbiyyatlarla tanışlığı tələb edir. Şagird olduğum vaxtlarda yaşadığım bir hadisəni xatırladım. Tarix müəllimiz dərsə kefsiz gəlmişdi. Leninin ölümü haqqında danışmalı idi. Bunu danışandan sonra onu qəhər boğdu və dəsmalını çıxarıb ağlamağa başladı. Bütün uşaqlar da ağladılar. Leninin ölüm günü beynimizə həkk olundu. İndiki şagirdlər işğal olunmuş ərazilərimizin adını səhv salırlar. Çünki müəllimlər həmin faciələrimizi emosional tədris etmirlər.
- Bu gün niyə rus bölməsinə maraq artıb?
- Meyil edənlərin çoxu düşünür ki, rus bölməsinin uşaqları daha dünyagörüşlü olurlar. Başqa bir qrup müəllimlərin səviyyəsini önə çəkir. Dərsliklərin səviyyəsini də nəzərə alanlar olur. Rus bölməsinə uşaqlarını cəlb edən valideynlər ibtidai təhsil pilləsindən sonra ciddi problemlərlə qarşılaşırlar. Çünki yuxarı sinif rus bölmələri üçün müəllim yox səviyyəsindədir. İndiki durumda ana dilimizdə aparılan təhsilin keyfiyyəti rus bölmələrində aparılan təhsilin keyfiyyətindən yüksəkdir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar da bunu sübut edir.