"Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi Qaydası" təsdiq olunub.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Qayda AFFA-ya hüquqi və fiziki şəxslərə UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənəd verməsi qaydasını müəyyən edir. Təsdiqedici sənəd Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş güzəştləri və azadolmaları əldə etməyə əsas verən sənəddir. Sənəd yalnız Məcəllədə və Qanunda nəzərdə tutulmuş şəxslərə verilir. Təsdiqedici sənədin verilməsi üçün malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ilə əlaqədar nəzərdə tutulan şəxslərin siyahısını UEFA təsdiq etməli və elektron qaydada AFFA-ya göndərməlidir. Vergilər Nazirliyinin və ya Dövlət Gömrük Komitəsinin müraciəti əsasında AFFA-nın malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi ilə bağlı müqavilələrin surətlərinin təqdim edilməsini UEFA-dan tələb etmək hüququ var.
Təsdiqedici sənəddə onun verildiyi şəxslərə dair aşağıdakı məlumatlar - fiziki şəxsdirsə – adı, atasının adı, soyadı, fərdi identifikasiya nömrəsi, futbol klubunun oyunçusu və ya işçisi olmasına dair məlumat; hüquqi şəxsdirsə – adı, qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, UEFA-nın yaratdığı və ya onu təmsil edən, yaxud onun tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxs olmasına dair məlumat öz əksini tapmalıdır.
Sənəd bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla UEFA tərəfindən rəsmi təqdim edilmiş siyahıda adları sadalanan şəxslərlə bağlı həmin şəxslərin müraciəti olmadan, UEFA-nın müraciəti əsasında AFFA tərəfindən 3 iş günü ərzində UEFA-ya və bu Qaydanın 3-cü hissəsində qeyd olunan şəxslərə verilir. AFFA verdiyi təsdiqedici sənədlə birgə aşağıda göstərilən məlumatları da elektron qaydada və ya kağız daşıyıcıda 3 iş günü ərzində Vergilər Nazirliyinə və Gömrük Komitəsinə təqdim etməlidir: xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin adı; xidmət əldə edən və təqdim edən vergi ödəyicisinin qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; xidmət əldə edən və təqdim edən vergi ödəyicisinin rezidenti olduğu ölkə; xidmətin adı və məzmunu; müqavilənin tarixi, nömrəsi, dəyəri, icrasının başlanma və bitmə tarixləri.
Təsdiqedici sənədin formasını AFFA təsdiq edir.