Bir çox valideynlər hələ də peyvənd məsələsində tərədüddədirlər.
Həkimlərin bildirdiyinə görə, peyvənd uşaqları bir neçə infeksion xəstəliklərdən qoruyur. Bu baxımdan peyvəndlərin vaxtında vurulması vacibdir. Amma cəmiyyətdə peyvəndə münasibət birmənalı deyil. Məlum olduğu kimi, bir neçə ay əvvəl Azərbaycanda Səhiyyə Nazirliyinin 20-40 yaşlı vətəndaşların qızılca xəstəliyinə qarşı peyvənd olunması ilə bağlı xəbərdarlığı vardı. Söhbət vaksinasiya edilməmiş şəxslərdən gedir. 14 saylı Uşaq Poliklinikasının baş həkimi Zemfira Mirzəyeva təxminən hər doğulan 100 körpədən 20-nə peyvənd vurulmadığını bildirir. Yəni valideynlər şəxsi istəyilə övladlarına peyvəndin vurulmasından imtina edirlər. Valideynlərin əksəriyyəti iddia edir ki, peyvənd olunan uşaqlarda bəzən əks reaksiya olur. Nəticədə uşaqlarda ciddi problemlər üzə çıxır. Bu səbəbdən peyvəndə inamsızlıq var.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında deyib ki, ümumiyyətlə immunizasiya məsələsinə inamsız yanaşma kökündən yalnışdır:

“Bu da əslində təbliğatın olmamağı, valideynlərin təsəvvürlərinin razı olmaması, şayiələrin baş alıb getməsi peyvəndə inamsızlıq yaradır. Bir məqama nəzərə almaq lazımdır ki, məhz immunizasiya, vaksinasiya nəticəsində 4 qarantin infeksiyadan biri - təbii çiçək dünyada yoxa çıxıb. Yəni bu, sıradan bir məsələ deyil. Ona görə də immunizasiyaya çox loyal yanaşmaq lazımdır. Əsasən, televiziya ekranlarından bununla bağlı təbliğat getməlidir. Bu gün biz televiziya kanallarında mənasız şou verilişlərindən başqa bir şey görmürük. Valideynlər maarifləndirilməlidir. Əlbəttə ki, onlar şayiələrə daha çox inanırlar. Yoxsa hardan bilsinlər ki, vaksin doğrudan da xeyirlidir. Ona görə də bu məsələyə yanaşma dəyişməlidir. Sanitariya maarifinin gücləndirilməsi istiqamətində əsas işlər görülməlidir. Bunlar olmayınca, yanaşma bu cür də qalacaq”.
Həkimin sözlərinə görə, UNİCEF-in sxemi ilə uşaqlar konkret yaş dövrlərində vaksinasiya tədbirlərindən keçməlidir:
“Məhz bu vaksinasiyaların sayəsində biz bu gün infeksion xəstəlikləri görmürük. Son vaxtlar da Azərbaycanda bu cür epidemik ocaqların meydana çıxması da məhz vaksinasiya probleminin nəticəsidir. Yəni immunizasiya siyasətində aparılan səhvlərdir”.
Peyvəndlərin keyfiyyətinə gəlincə, Adil Qeybulla deyib ki, hətta Hindistandan gətirilən peyvəndlərin belə o ölkənin daxili bazarı üçün nəzərdə tutulan vaksinasiyadır:
“Yəni onları keyfiyyətsiz hesab etmək olmaz. Ola bilər əmtəə forması, filan görünməsin, amma dərmanlar konkret standartlara uyğun hazırlanır. Ola bilər ki, bəzi işbazlar firma və zavodlarla danışırlar, hətta müxtəlif maxinasiyalar da mümkündür. Təbii ki, bu cinayət məsuliyyəti yaradır. Amma hər bir firma və şirkət öz istehsal etdiyi məhsuluna, onun keyfiyyət parametrlərinə cavabdehdir”.