Hə, dostlar, düz 22 il əvvəl böyük Heydər Əliyev özünü mətbuatın hücumlarından qoruyan məmurların onun hüzurunda etdikləri şikayətləri və məhkəmələrdə apardıqları şərəf-ləyaqət davalarını siyasət patriarxlarına xas müdrikliklə ictimailəşdərərək demişdi ki, cənablar, sizin şəxsi mənafeyinizə toxunulanda elə operativ və canıyananlıqla reaksiya verirsiz ki... Bəs nə üçün dövlətin və prezidentin əleyhinə aparılan çirkin kampaniyaların qarşısına bir dəfə də olsun öz vicdanınızın səsi ilə çıxmırsız?
Gerçəkdən də zamanın sərt sınaqları siyasətin hər üzünü görmüş böyük milli liderin haqlı olduğunu dəfələrlə təsdiqlədi.Hələ on il əvvəl Bakını tərk edərək Kremlin sütunlu salonlarında imperiyaya rəhbərlik edənlərdən biri statusunu daşıyan Əliyevin əleyhinə Moskvaya axıdılan çirkab seli nəhayət, 1987-ci ildə gəlib Qarabağda xalqı basanda onda hamı başa düşmüşdü ki, öz əlləri ilə kəsdikləri budaqlar Azərbaycan adlı bir dövləti quran kişinin gövdəsindən qopardıqları ət parçalarıdır.
Lakin tarix belə səhvləri bağışlamır axı. Qorbaçova apardığı riyakar və qansız oyunda yardım edən azərbaycanlılar paytaxt küçələrində köçkün və qaçqına çevrilən milyonların içində hər gün ölüm hökmləri ilə üzə-üzəydilər. Amma nə xeyri vardı-hər halda düşmən öz işini görmüşdü, torpaqların beşdə biri yağmalanmışdı və birdən siyasətin çarxı çevrilib Bakıda hakimiyyət taxtının əsil sahibi öz yerinə qayıdanda yenə də Əliyevə dinclik nəsib olmadı.
Müharibə xaosunu durduran adamı hər gün ağ kağız üzərində qaralayır, onun hər addımını Əzrayıl xisləti ilə izləyirdilər. Halbuki Heydər Əliyevi özünə düşmən elan edən qüvvələrin heç biri siyasi-ideoloji platformanın üstündə durub ona atəş açmırdılar. Hərəsi bir cinayətkarın əlindən su alıb içsələr də mübarizələrini dürlü və pafoslu epitetlərlə doldurub böyük bir səngər qazmışdılar. Hə, tarixin ironiyası beləydi, erməni qarşısında sipərə çevrilməyənlər yaşının və idarəçiliyin zirvəsində olan nəhəng bir KİŞİNİN kölgəsinə qılınc çəkirdilər. Mircəfər kimisi onları yığıb repressiya qazanında qaynadanda ona Mirqəzəb deyib lənətləyirdilər, amma səni ölümdən qurtaran XİLASKARA dönük çıxırsansa, azadlıq şəraitində heç bir cəza yoxdur və bu hökmü qəbul etməlisən.
Siyasətçinin alın yazısı belədir!
Budur, böyük Əliyev onunla bilək yarışına çıxanların hamısını yenib siyasət səhnəsini qalibiyyətlə tərk edəndə bütün kütbeyinlər ordusu bu dəfə yeni siyasət ulduzuna qarşı birləşməyə qərar verdilər. Hə, üstündən heç bircə gün də keçmədi, İlham Əliyev öz liderlik missiyasını və hakimiyyətin ağır yükünü son dərəcə məsuliyyətli bir dövrdə öz çiyinləri üzərinə qaldıranda o, xalqa asi çıxanların demək olar hamısının bir vaxtlar siyasi ustadına açdıqları atəşi polad zirehli sinəsində gördü.
Budur, üstündən düz 15 il vaxt keçib, Azərbaycan yeni bir şərq ulduzu kimi parlayıb və böyük dünya nəhənglərinin içərisində öz layiqli yerini tutub, di gəl işıldaböcəklər qaranlıqda ətrafa şüa saçdıqları kimi hər gün Parisdən, Berlindən, yaxud Vaşinqtondan neft Bakısı əleyhinə qanlı fərmanlar verilməkdə davam edir. Elə bil inqilabi ssenarilər yazan avropalı babalar və nəvələr bir vaxtlar İran şahına qarşı apardıqları gizli və məkrli oyunları bu gün Qafqazın yeni pələnginə qarşı tuşlayıblar. Klassik rus filmlərindən birində xatırladığım səhnədəki kimidir, hə şimal qütbündəki sonuncu fənərin közərtisini də söndürüb buranı Yaxın Şərqin zülmətinə qərq etmək istəyirlər. Lakin Heydər Əliyevin portreti altında əyləşən yüz minlərdən səs gəlmir. Onlar susur...
Hər gün prezidentin iş saatına Avropa meridianı ilə qoşulanların bir sürü dəstəsi bütün dövlət simvollarını yerlə yeksan etməyə qalxır, qurulan nə varsa, hamısını dağıtmağa əl qaldırır, yorulmadan və usanmadan çirkab dəyirmanına su daşıyırlar.
Demokratiyanın çörçilcəsinə tərifində deyildiyi kimi, burada cəlladla qurbanın haqqı eynidir. Vidadi İskəndərli, Elşad Abdullayev, Orduxan Temirxanlı kimi Avropa küçələrində səfil-sərgərdan gəzənlərin bir ovuc dəstəsi hər gün telekörpülər qurub bu dəfə tarixin valını əksinə çevirərək, dərvişcəsinə Parisdən Bakını partladırlar.
Şarikovlardan, yaxud Hitlerə satılan xəyanətkarlardan hansı mənəvi prinsipə əməl etməyi gözləyəsən ki? Məgər onların ayaqlarına və qafalarına bağlanmış çip qurğuları bircə anlıq ayrılıb onlara həqiqi müstəqillik verəsidir ki? Əsla yox. Bu onların vəzifəsi və alın yazısıdır: öz xalqınla döyüşməlisən!
Lakin böyük Əliyevin peyğəmbərcəsinə dediyi kimi yalnız bir ovuc məmur, parlament üzvü və mədəniyyət adamı DÖVLƏTƏ, PREZİDENTƏ VƏ AZƏRBAYCANIN ƏN FƏDAKAR BİRİNCİ XANIMINA QARŞI aparılan səlib yürüşünə cavab verirlər.
|
Qalanları çarizm dövründə özlərini kilsələrdə, yaxud titullu saraylarda aristokrat qiyafəsində aparanlar kimi fransızca danışır, əsil kübarlara xas ərkan nümayiş etdirir, sanki heç nəyi görmürlər, birdən dönüb onlardan münasibət sorduğunuzda “elə şeylərə əhəmiyyət verməyin gərək olmadığını” sənə məsləhət görəcək qədər ağıllıdlar. Gerçəkdən də zamanın küləkləri ilə belə oynamaq qabiliyyətinə görə ingilis yaxtaların yelkənini çevirənlər bizim mədəniyyət, siyasət və elmi elitamıza həsəd aparardılar.
Amma başqa vaxtlar belə olmur axı. Bircə cümlə onlara toxunun, görün gizləndikləri daşın, biznesin və malikənanın kölgəsindən necə çıxıb əsil Axillesə çevriləcəklər... Elə bil onların Yelenasını kimsə əllərindən alıb, ona görə də ordusuz bir imperiyanın üzərinə getməyə hazırdılar. Troyanı qorumaq isə yalnız hökmdarın və onun yaxın komandasının işidir.
Sən demə, mütləq dövlət başçısının iqamətgahından hər gün komanda verilməlidir ki, sərkərdəni müdafiə etmək lazımdır. Bəlkə siz tarixi bir qədər fərqli oxumusuz? Yoxsa, Əmir Teymur, yaxud makedoniyalı İskəndərin yolunda canını fəda edən 100 minlərlə əskər və zabit olmadan böyük fatehlərin sağ qalmasına şahidlik edənlər olub? Ya da, Napoleon ordularında hamı gözləyirdi ki, Fransanın yeni imperiyasını quran bu bəstəboy adam silahını da çiyninə alıb gedib döyüş meydanlarında özü tək vuruşsun? Bəs onda bu qədər dövlət qulluqçusu, silahlı və silahsız ordular kimə lazımdır? Dövlət rəhbəri elə dövlət deməkdir, cənablar. Şərq aləminin təşəkkül tapdığı ənənələr bizə fərqli bir təcrübəni diqtə edir. Oturuşmuş sistemlər və Monteskyö nəzəriyyələri ilə Bastiliya qalasını ələ keçirənlərdən sonra Fransa bir neçə dəfə respublika quruluşunu ayaqlar altına alıb. Ona görə də gedin sadədil nəzəriyyələrinizi bir başqa yerdə oxuyun. Yelisey sarayında taxta çıxan adamın hansı qaranlıq dəhzilərdən keçdiyini bilməyənlər gəlib bizə səsvermə və seçkilər haqda mühazirə oxuyurlar.
Onun əvəzinə keşiyində durduğunuz simvolları ucalıqlara qaldıran adamın diplomatiya meydanlarında bəzən təkbaşına qalib gəldiyini görəndə heç olmasa bir qədər qururlanıb ona atılan çamura sinə verə bilməzsinizmi?
|
Bəlkə çox təmizsiniz, ona görə, irəli çıxmırsız? Ancaq yox axı, bir çoxlarınızın ləkəsini dövlətin köynəyindən yenə də BİRİNCİ ŞƏXS götürüb atıb.
Yaradıcılıq pəriləri hər gün buludlu səmalarda dolaşan böyük qələm adamlarımız yalnız imtiyaz, titul, ad və daha betər savaşlarda qüvvələrini tükədirkən bir zərrə də ƏSİL İLHAMI qorusalar, mədəniyyət və incəsənətin cəbhəsində əsil döyüşçüyə çevrilməzlərmi?
Yoxsa, qalaq-qalaq kitablarını növbəti mükafat üçün PREZİDENTƏ GÖNDƏRƏNDƏ ondan yaxşı oxucu olmağı deyil, səxavətli hökmdar olmağı təmənna edirlər? Halbuki hər zaman mütaliə dünyasının ön cərgəsində olan cənab İlham Əliyev hər bir əsərin akademik, ədəbi-bədii gücünü hamıdan yaxşı bilir. Lakin nə etməli, həqiqi dəyəri ilə heç kəs barışmaq istəmir və azca narazı qalan qələm adamı dərhal makinasını dövlətin əleyhinə manifestlər yazmağa kökləyir, ədalətli quruluş haqda səfsəfəni işə salırlar. Atanıza, özünüzə və oğlunuza gün ağlayanda bir dəfə də DÖVLƏTİ düşünün!
Azərbaycan millətinin xanım vəkilləri özlərinə ideal saydıqları Mehriban Əliyevanı Şərqin böyük idealları naminə hifz etsinlər, qadın dünyasının əzəməti və zərifliyindən doğan güclə üzərinə sipər çəksinlər. Məgər, hamısı ildönüm və yubiley mərasimlərində gözəl libaslar geyib meydana çıxanda fərqində deyillərmi ki, ölkənin Birinci xanımı millətin bütövlükdə simasıdır, onun şərəfi və qururudur? Başqa nə cür ola bilər, yoxsa, Azərbaycanın keçmiş tarixində olanlar kimi sadə bir ev güncündə şəxsi həyatı və ailəsi çərçivəsində yaşamaq kimin üçün çətin olardı ki?
Roma kilsələrində bir parça Azərbaycan guşəsi düzəltmək, yetim və kimsəsiz uşaqları öz balası kimi bağrına basmaq, ucqar bir dağ kəndində əli qabarlı qadınlarla birgə süfrə açmaq və minlərlə digər qlobal yükə zərif çiyinlərini vermək evdar prezident xanımının qayğısı deyil axı. Yox, amma İlham Əliyevin tərəf müqabili böyük siyasi döyüşlərdə onunla çiyin-çiyinə addımlamasa, onun adı başqa olardı. Bəs elə isə, Azərbaycan qadını bu məmləkətə qarşı körüklənən həqarət və zəhər selinə niyə əllərini qarşı vermir?
Deyirsiniz mütləq yuxarıdan direktiv və tapşırıq olmalıdır. Deməli, Prezidentin komandası içərisində hər zaman özünün dərin və soyuqqanlı ağlı, iti zəkası və dəqiq qərarları ilə seçilən böyük idarəetmə adamı, siyasi ustadına və onun yoluna sədaqətlə xidmət edən, çevik DÖVLƏT APARATININ QURUCUSU Ramiz Mehdiyev hər gün sizi müşavirəyə çağırıb siyasi təlimatlar verməlidir ki, demokratiya şəraitində daxili və xarici təhlükələrə qarşı necə duruş gətirmək lazımdır? Məgər, hər zaman cəmiyyətdə və beynəlxalq aləmdə böyük əks-səda doğuran əsərlərin, açıqlamaların, elmi və siyasi araşdırmaların müəllifi kimi Administrasiya rəhbəri nə zaman dövlətin qlobal yükündən özünü kənarda tutdu ki..
Qibtəolunacaq bir enerji ilə hər gün işə başlayan adamın təkcə fikir diapazonu, yaddaş ahəngdarlığı, heyrətamiz uzlaşdırma bacarığı, nəzarət və dinləmə manerası sizin hər biriniz üçün yaxşıca dərslik ola bilərdi. Ona görə də 80 yaşlı siyasət nəhənginin yubileyini gərək rəsmi və ictimai tədbirlərlə qeyd edib ondan mükəmməllik məktəbinin sirlərini öyrənərdiniz.
Onsuz da Prezidentin administartiv komandası hər gün cari və strateji planlaşdırmanın önündədir, əksər tapışırıq və göstərişlər mərkəzdən gəlir. Lakin kresloları, mülkləri, varidatı və qəlbləri tərpədən tək bircə qüvvə var, o da vicdandır. O olmasa, heç bir qorxu və əmr insanı hərəkətə gətirə bilməz. Dövləti qorumaq üçün vicdan lazımdır. Cümhuriyyəti quran yüz il əvvəlki kişilər Parisə yola düşəndə bircə qəpkləri belə yox idi, Vətəndən uzaqlarda hər gün mücadilə verəndə o mütəfəkkir və qurucu babalar mədəcən ac idilər, lakin hər birinin millət sevgisi indiki milyonçulardan qat-qat böyük idi və yerlə-göy arasında ölçülürdü. Sonsuz məhəbbətin yadıgarı olan o dövləti bir dəfə bolşeviklər yağmalayanda, sonra Heydər Əliyev xəttini qırıb 20 faizlik qara zolağın içərisinə düşəndə biz birdəfəlik kəsdirməliydik ki, növbəti xəyanət Suriyanın qan gölünün Xəzər dənizinə tökülməsi ilə bitəcək.
Baxın, Prezident dünya liderləri ilə görüşür, Azərbaycanı təhlükələrdən qoruyan polad yollar və kəmərlər çəkdirir, kiçik bir coğrafiyanı yüz illər ərzində tapdalayan qüvvənin liderini dostluğa və sülh sazişlərinə gətirməyi bacarır, 6 əsr savaşan türk-slavyan dünyası arasında qardaşlıq körpüləri yaradır, 3 imperiyanın qovuşuğunda kiçik bir adanı əminamanlıq diyarına döndərir, hər kəsi qurmağa, yaratmağa və gələcəyə inamla baxmağa səsləyir. Elə isə siz də səsinizi ucaldın.
Yüz minlərlə alim və tələbə ordusu danışsa, səmamız milli mövqe ilə örtülər və ən güclü Dəmir künbəzlərə çevrilib ölkəmizin kənar zərbələrdən qoruyardı.On minlərlə məmur hərəsi bir kəlmə danışsa, onca faiz hakim partiya təmsilçisi 3 kəlmə dilə gətirsə, 64 səfirliyimizin 6 min personalı ayağa qalxsa, dünyada yaşayan 100 minlərlə soydaşımızı hərəsi bir sətir dövlət binasına kərpic qoysa, düşmənlə səngərdə üz-üzə duran ən güclü ordulardan daha qüvvətli xalq biləyini düşmənə göstərərdi.
Axı müsəlman aləmində qələm və söz müqəddəs sayılır.Ona and içirlər. Çünki ən böyük silahlardan güclüdür.
Bir vaxtlar sovet Azərbaycanı naminə müsəlləh əsgər olmaq istəyən milyonlar indi öz qələmlərini İlham Əliyevin-dövlətin düşmənlərinə qarşı süngüyə çevirsələr, azadlığımız və müstəqilliyimiz əbədi olar.
|
Söyülməkdən qorxmayın cənablar, çünki Şərq aləmində rəhbərlərin taleyini bölüşməyən millətlərin aqibəti acı olur. Əksini düşünənlərə ən tutarlı cavab Göylər, Asimanlar ölkəsi qədim Çinin tarixidir. Bir vaxtlar imperiyanın qurucusu Tsin az qala bütün toplumun gözündə qəddar obrazla yad edilirdi. Amma zamanla hər şey dəyişdi və hökmdarın bəzən sərt görünən əməllərinə hamı haqq qazandırdı.
İndiki köhnə və müvəqqəti fürsətdən bəhrələnən nazirlər, başçılar dəstəsi komandanın zirvəsindən siliniblər, deməli, bütün bəhanələr və şərtlər kəsilməlidir, dövlət hər bir azərbaycanlının havasına və suyuna çevrilməlidir.Musa peyğəmbər yəhudiləri əsarətdən qurtaranda necə etmişdisə, İlham Əliyev də öz xalqını həmin üsullarla, qələbələrlə və uğurlarla müstəqilliyə öyrədir. Bəli, tarixi fakt məhz bundan ibarətdir. Azadlığımızın düz 25 ili əliyevlərin adı ilə bağlıdır. Milyonlarlarla soydaşımızın sığındığı vahid bir dövləti quran kişilər məhz Ata və Oğul Əliyevlərdir.
Ona görə də seçkidən seçkiyə gedib elçi daşınının üstündə, yaxud mövsümi televiziyaların mavi ekranlarında görünmək şakarinə son qoyun, zatən hər bölgüdə siz uduşlu çıxırsız, bir dəfə də Vətən bölünməsin deyə, sinənizi güllənin qabağına verin.
Ulu öndər necə demişdi? Hə,mövqeyinizi göstərin, cənablar, mövqeyinizi...
Bütün varınız, dövlətiniz bu dövlətin yanında heç nədir!
Sərkərdəni xalq qoruyur!
Rəhbəri qəlblərində sevgi və alqış bəsləyən milyonlar hifz edir.
Bax onda erməni yox, heç bir düşmən sizə qalib gələ bilməz!
Zahid Oruc, Azərbaycan millət vəkili